“Yalnız məbləği 100 min manatdan çox olmayan manatla 12, xarici valyuta ilə 2.5 faizədək divident ödənilən əmanətlər sığortalanır.”
Məlum olduğu kimi, əmanətçilərinin tənqidinə məruz qalan "Muğan Bank" ASC-nin lisenziyası Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə ləğv edilib...
O “Muğan Bank” ki, 1992-ci ildə yaradılıb və uzun illər deputat, həm də “Odlar Yurdu” universitetinə rəhbərlk edən Əhməd Vəliyevin ailəsinə məxsus olub…
Baş verənlərlə bağlı Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov da fikirlərini bölüşüb.
O, vətəndaşların bir daha diqqətinə çatdırıb ki, “Muğan Bank” artıq fəaliyyət göstərməyəcək və bankın idarә olunması üzrә bütün sәlahiyyәtlәr müvәqqәti inzibatçıya keçib.
Vüqar Bayramov Mərkəzi Bankın məlumatına istinad edərək bildirib ki, bu bankın ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 1,4%, kredit portfelində 2%, sektorun öhdəliklərində isə cəmi 1,3% təşkil edir.
İqtisadçi “Muğan Bank”ın bağlanma səbəbinin aktivlərinin həcmi ilə əlaqədar olmadığına da diqqət çəkib:
“Rəqəmlər göstərir ki, Muğan Bankın müflis olması bank sektorunun maliyyə dayanıqlığı üçün təhdid yaratmır. Müflis elan edilən bankın internet səhifəsi də artıq aktiv deyil. Mərkəzi Bankın elan etdiyi rəqəmlər ilə yanaşı “Muğan Bank”ın fəaliyyəti ilə bağlı digər bir sıra göstəririclər də diqqəti cəlb edir. 1 sentyabr 2023-cü il tarixinə olan məlumata görə, aktivlərin həcminə görə “Muğan Bank” Azərbaycanda fəaliyyət göstərən 24 bank arasında 16-cı sırada olub. Yəni, aktivlərin həcminə görə banklar arasında ən sonuncu yerlərdə qərarlaşmamışdı. Bankın aktivləri 647 milyon 971 min manata bərabər idi. Bununla yanaşı, aktivlərdə azalma faizinə görə ən pis göstəriciyə malik olub. Muğan Bankın həmin müddətdə aktivləri 18.9 faiz azalıb. Digər tərəfdən, bu ilin ilk 9 ayında 3 bank zərərlə işləyib. 1 milyon 287 min zərəri qeydə alınan “Muğan Bank” həmin müddətdə mənfəətə həsrət qalan 3 bankdan biri olub".
İqtisadçı vurğulayıb ki, Mərkəzi Bank açıqlamasında bankın ümumi kredit portfelinin həcmini açıqlanmayıb.
“ Bununla yanaşı, baş bank bildirib ki, 2023-cü ilin III rübünün sonuna bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 216,7 milyon manat təşkil edir. Mərkəz Bank elan edib ki, bankın əmanətçilərinin say etibarı ilə 99,9%-nin əmanətləri kompensasiya olunacaq”, -deyə xatırladıb.
Lakin onun sözlərinə görə, “Muğan Bank”ın milyonlarla manat sığortalanmamış əmanəti də ola bilər.
“Bununla yanaşı, üçüncü rübün yekunlarına əsasən, “Muğan Bank”da depozitlərin həcmi 322 milyon 478 min manat olub. Əgər son 18 gün ərzində əmanət portfelində dəyişiklik baş verməyibsə, o zaman Muğan Bankın 105 milyon 778 min manat sığortalanmamış əmanəti olub”- V.Bayramov izah edib.
Beləliklə, iqtisadçı-ekspert vətəndaşlara son baş verənlərdən dərs götürməyi və əmanətlərini hansısa banka etibar edərkən, həmin bankın maliyyə göstəricilərini yaxşıca araşdırmalarını da tövsiyə edib:
“”Muğan Bank”ın müflis olması bir daha göstərir ki, vətəndaşlarımız əmanət yerləşdirən zaman həm bankın maliyyə göstəricilərinə, həm də hesabatlığına xüsusi diqqət yetirməlidirlər. Mövcud qaydalara əsasən, məbləği 100 min manatdan çox olmayan manatla 12, xarici valyuta ilə 2.5 faizədək divident ödənilən əmanətlər sığortalanır. Bu baxımdan, əmanətləri sığortalanan paket çərçivəsində banklarda yerləşdirməklə risklərdən qoruna bilərsiniz”.
Y.MƏMMƏDLİ