Almaniyanın Şərqi Biznes Assosiasiyasının icraçı direktoru Mixael Harmsın başçılıq etdiyi biznes nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdədir.

İqtisadiyyat Nazirliyində Almaniya nümayəndə heyəti ilə keçirilən görüşdə nazir Mikayıl Cabbarov, Nazirliyin tabeliyindəki qurumların və Azərbaycan İnvestisiya Holdinqinin rəhbərliyi, Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann, Almaniyanın Şərqi Biznes Assosiasiyasının icraçı direktoru Mixael Harms və alman biznes nümayəndələri iştirak edib.

TEZADLAR.AZ xəbər veriri ki, görüşdə bildirilib ki, beynəlxalq tərəfdaşların, o cümlədən Almaniya şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün əlverişli investisiya mühiti mövcuddur və əməkdaşlığımızın uğurlu təcrübəsi iqtisadiyyatın müxtəlif sahələri üzrə əlaqələrin inkişafına stimul verir. Sənaye, tikinti, bərpaolunan enerji, kənd təsərrüfatı, nəqliyyat, logistika, İKT, maliyyə, hüquq, konsaltinq və digər sahələrdə əməkdaşlıqda maraqlı olan alman şirkətlərinin ölkəmizə böyük nümayəndə heyəti ilə səfəri Azərbaycan Prezidentinin Almaniyaya səfəri çərçivəsində işgüzar dairələrlə keçirdiyi görüşün nəticəsidir və iqtisadi-ticarət əlaqələrimizin inkişafında əhəmiyyətli rol oynayacaqdır.

Qeyd edilib ki, Azərbaycan Almaniya ilə iqtisadi-ticarət və investisiya əməkdaşlığının inkişafına böyük əhəmiyyət verir. 2023-cü ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 45,4% artaraq 1,8 mlrd. ABŞ dolları təşkil edib. Vurğulanıb ki, hazırda Azərbaycanda 180-ə yaxın alman şirkəti uğurla fəaliyyət göstərir. Bugünkü nümayəndə heyətinin tərkibində həmin şirkətlərin nümayəndələrinin olması da təqdirəlayiqdir.

Tədbirdə Azərbaycan iqtisadiyyatı, biznes ve investisiya muhiti barədə məlumat verilib. Vurğulanıb ki, həyata keçirilən iqtisadi islahatların nəticəsində qeyri-neft iqtisadiyyatı və qeyri-neft ixracı ildən-ilə artır. Ölkəmizin makroiqtisadi sabitliyi, dövlət borclarının idarə edilməsinin strateji çərçivəsinin yaradılması, insan kapitalının inkişafı Azərbaycanın iqtisadi imkanlarını daha da genişləndirir. Tədbirdə ölkəmizdə müxtəlif istiqamətlərdə, o cümlədən vergi və gömrük sahələrində həyata keçirilən islahatlar barədə məlumat verilib.

Görüşdə həmçinin Azərbaycanda bərpaolunan enerjinin inkişafı məqsədilə həyata keçirilən layihələr barədə danışılıb, Avropa İttifaqı ilə ölkəmiz arasında enerji sahəsində tərəfdaşlıq vurğulanıb. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində imzalanmış strateji sənədin, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında Qara dənizin dibi ilə çəkiləcək elektrik kabeli layihəsinə dair imzalanmış dördtərəfli memorandumun əhəmiyyəti qeyd olunub.

Ölkəmizin müəllifi və iştirakçısı olduğu beynəlxalq və regional əhəmiyyətli nəqliyyat-logistika layihələri, Orta Dəhlizin yaratdığı imkanlar alman iş adamlarının diqqətinə çatdırılıb. Sənaye zonaları, o cümlədən Ələt Azad İqtisadi Zonasında sahibkarlar üçün yaradılan əlverişli investisiya mühiti, rezidentlər üçün tətbiq edilən güzəştlər barədə məlumat verilib. Qeyd edilib ki, Azərbaycanın logistika və nəqliyyat imkanlarının artması Almaniya şirkətlərinin Azərbaycanda fəaliyyətləri üçün geniş imkanlar açır.

Ölkəmizin regional əməkdaşlığa verdiyi önəm və töfhələr diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycan Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı dövlətləri ilə müxtəlif platformalarda səmərəli əməkdaşlıq edir, bir sıra ölkələrlə imzalanmış azad ticarət sazişləri iqtisadi-ticarət əlaqələrinin asanlaşdırılmasına xidmət edir. Azərbaycan və Türkiyə arasında icrası uğurla reallaşdırılan Preferensial Ticarət Sazişi bu istiqamətdə uğurlu nümunədir.

Görüşdə həmçinin Almaniya şirkətlərinin Azərbaycanda fəaliyyətindən məmnunluq ifadə olunub, Azərbaycanın alman şirkətlərinin birbaşa investisiyaları üçün cəlbedici məkan olduğu, ölkəmizin nəqliyyat-logistika imkanlarının daha da genişlənməsinin alman şirkətləri üçün əlavə imkanlar yaratdığı vurğulanıb.

Bildirilib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, COP29-un Azərbaycanda keçirilməsi Azərbaycanın “yaşıl” iqtisadiyyatın inkişafına, qlobal problemlərin həllinə verdiyi önəmin göstəricisidir.

Sonda alman şirkətlərinin və qurumlarının nümayəndələri təkliflərini səsləndirib, Azərbaycanda müxtəlif sahələrdə, eləcə də dövlət-özəl tərəfdaşlığı layihələrində, həmçinin işğaldan azad edilmiş ərazilərdə reallaşdırılan bərpa-quruculuq işlərində iştirakda maraqlarını ifadə ediblər.

Alman iş adamlarının Ələt Azad İqtisadi Zonasına, Bakı Beynəlxalq Dəniz Ticarət Limanına səfərləri nəzərdə tutulub.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN