Əmək Məcəlləsinin 115-ci maddəsinə əsasən, yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə əməyin şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər verilir. Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə, əlavə məzuniyyətin müddəti 6 təqvim günündən az olmamalıdır.

TEZADLAR.AZ xəbər verir ki, qanunvericiliyin bu tələbini  “vergiler.az”a əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov şərh edir.

Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin siyahısı əlavə məzuniyyətlərin müddəti göstərilməklə Nazirlər Kabinetinin 5 iyul 2004-cü il tarixli 92 N-li qərarı ilə təsdiq edilib. Qərara əsasən, işin ağırlıq və təhlükəlilik dərəcəsinə əsasən əmək şəraiti ağır və zərərli işlərdə çalışan işçilərə 6-30 gün arası əlavə məzuniyyət verilir.

Nazirlər Kabinetinin 30 may 2005-ci il tarixli 95 nömrəli qərarı ilə “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı"nın tətbiqi Qaydaları təsdiq edilib. Həmin qərara əsasən, əmək şəraiti zərərli və ağır olan işçilərə həmin əmək şəraitinə görə əlavə məzuniyyət müvafiq istehsalatda, sexlərdə, sahələrdə, peşə və ya vəzifədə iş ili ərzində faktiki işlədiyi vaxta mütənasib olaraq verilir. Əlavə məzuniyyətə işçinin hüququ həmin iş yerlərində üst-üstə azı altı ay işlədikdə əmələ gəlir. Əmək şəraiti ağır və zərərli işlərdə çalışanların əlavə məzuniyyətinin pul ilə əvəz edilməsi (kompensasiya edilməsi) qadağandır.

Misal 1: İşçi əlavə məzuniyyət hüququ verən işə 2020-ci il 3 fevral tarixində qəbul edilib, 2020-ci ilin sentyabrında isə işdən azad olunub. Bu halda ona pul kompensasiyası yalnız əsas məzuniyyətlərə görə verilir. Faktiki işlənmiş vaxta mütənasib olaraq istifadə edilməmiş əlavə məzuniyyətin günləri isçinin arzusu ilə əmək müqaviləsinə xitam verilərkən verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir.

Faktiki işlənmiş vaxta mütənasib olaraq əlavə məzuniyyət hüququ verən iş stajının hesablanması üçün zərərli və ağır iş şəraitli istehsalatlarda, sexlərdə, sahələrdə, peşələrdə və vəzifələrdə tam iş aylarının sayı il ərzində iş günlərinin cəmlənmiş sayının 30,4 günə bölünməsi ilə müəyyən olunur.

Bununla yanaşı, təqvim günlərinin orta aylıq sayının 30,4 gününün yarısından az təşkil edən günlərin qalığı hesabdan çıxarılır, təqvim günlərinin orta aylıq sayının yarısını və ondan çoxunu təşkil edən günlərin qalığı tam ay kimi hesab edilir.

Misal 2: Fəhlə iki ay müddətində poliizobutilen istehsalında spirtin dehidratlaşdırma sexində (əlavə məzuniyyətin müddəti - 12 təqvim günü), dörd ay isə rektifikasiya və polimerləşmə sexində (əlavə məzuniyyət müddəti - 6 təqvim günü) işləyib. Bu halda, fəhləyə zərərli iş şəraitinə faktiki işlənmiş vaxta mütənasib olaraq 4 təqvim günü müddətində əlavə məzuniyyət verilməlidir (ildə 12 təqvim günü hesabından hər aya görə bir təqvim günü (ümumi iki gün) spirtin dehidratlaşdırma sexində işlədiyinə görə, rektifikasiya vǝ polimerləşmə sexində işlədiyi üçün ildə 6 təqvim günü hesabından hər aya görə 0,5 təqvim günü (ümumi 2 gün)).

İşçinin eyni vaxtda nəzərdə tutulmuş əmək şəraitinə görə iki və daha çox əlavə məzuniyyət hüququ olduqda, ona daha çox müddətli əlavə məzuniyyət verilir.

Mənbə: Nüsrət Xəlilov: “Əmək qanunvericiliyinin praktiki izahı” (IV nəşr) kitabı

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN