Özümə məxsus bağ evini günlük icarəyə vermək istəyirəm. Bunun üçün hansı vergi öhdəliklərim yaranır?
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən TEZADLAR.AZ-a bildirilib ki, fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir. Fiziki şəxsin gəlirləri yalnız icarədən olduğu halda, vergi uçotuna alınmaq və bununla bağlı bəyannamə təqdim etmək öhdəliyi yaranmır.
İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə icarəyəverən fiziki şəxs özü vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə də hesablanmış gəlir vergisinin məbləğini dövlət büdcəsinə ödəməlidir. Sorğuda qeyd olunan halda, icarə müqaviləsində qeyd olunan məbləğdən 14 faiz dərəcə ilə gəlir vergisi tutulmalı və qalan vəsait icarəyə verən şəxsə ödənilməlidir.
Əlavə olaraq bildiririk ki, “Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsinin 12-ci abzasına əsasən, muzdlu işə və sahibkarlıq fəaliyyətinə aid olmayan gəlirlər (faiz gəliri, dividend, əmlakın icarəyə verilməsindən gəlir, royalti, sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir, hədiyyə və mirasların məbləği, idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən pul şəklində əldə edilən uduşlar) üzrə məcburi dövlət sosial sığorta haqqı hesablanmır.
Əsas: Vergi Məcəlləsinin 99.3.3-cü və 124-cü maddələri, “Sosial sığorta haqqında” Qanun