“Azərbaycan daxili enerji təhlükəsizliyini təmin etmək üçün bərpaolunan enerji sektorunu inkişaf etdirir. Bu da öz növbəsində ölkəyə qonşularına və Avropaya daha çox qaz ixrac etməyə imkan verəcək”.
TEZADLAR.AZ xəbər verir ki, bunu Ümumdünya Enerji Şurasının (WEC) baş katibi Anjela Uilkinson "Azərbaycan iqtisadiyyatı" Teleqram kanalına açıqlamasında deyib.
“Bakı öz enerji imkanlarından fəal şəkildə istifadə edir, külək və günəş enerjisi, eləcə də qaz ehtiyatlarının inkişafı və ixracı perspektivlərini araşdırır. Ölkə daxilində bərpaolunan enerji mənbələrindən istifadənin artırılması yollarını nəzərdən keçirir, həmçinin enerji təhlükəsizliyini təmin etmək üçün qaz tədarükü vasitəsilə Avropa ölkələrinə yardım göstərir. Alternativ enerji mənbələri, o cümlədən günəş enerjisi, külək enerjisi və bioqazlar ölkə üçün diqqət mərkəzindədir. Azərbaycan bu sahədə çoxsaylı layihələrə sərmayə qoyur. Bu addımlarla yanaşı, Azərbaycan yaşıl enerji infrastrukturunun keyfiyyətini yaxşılaşdırmağa çalışır”, - o qeyd edib.
A.Uilkinsonun sözlərinə görə, COP29-un Azərbaycanda keçirilməsi faktı göstərir ki, ölkə iqlim dəyişikliyi ilə mübarizədə mühüm beynəlxalq rol oynayır: “Son illər Azərbaycanda alternativ enerjidən istifadə artır. COP29 müasir neft dövrünün başladığı ölkədə keçiriləcək. Bu tədbir enerji əməkdaşlığında yeni praqmatik eranın başlanğıc nöqtəsi olacaq. Bu, Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə və müzakirələrdə lider olmaq istəyini nümayiş etdirir. Ümid edirəm ki, COP29 yalnız qlobal maliyyə xərcləri, kompensasiya və itkilər kimi klassik gündəliyə diqqət yetirməyəcək, həm də yeni performans idarəetmə strukturu yaratmağa başlayacaq. İnsanların tərəqqinin ölçülməsi üçün ən çevik yanaşma olan World Energy Trilemma yanaşmasını (milli enerji sistemlərinin göstəricilərinin illik ölçülməsi – red.) qəbul etmələri vacibdir. İstəyirəm bu, bir növ könüllü standarta çevrilsin ki, dünyada hər kəs iqlim dəyişikliyində öz rolunu dərk edə bilsin”.
Qeyd edək ki, Azərbaycan bərpa olunan enerji sahəsində qabaqcıl ölkələr sırasına yüksəlmək əzmindədir və bu məqsədlə zəngin külək və günəş potensialından istifadə edir. Bu, həmçinin ölkənin 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40% azaltmaq planının mühüm tərkib hissəsidir. Ölkə 2030-cu ilə qədər elektrik enerjisində bərpa olunan enerjinin qoyuluş gücü üzrə payını 30%-ə çatdırmaq və yaşıl enerji sahəsində lider olmaq üçün mövcud enerji sistemini şaxələndirir.
COP29 beynəlxalq konfrans 2024-cü ilin noyabrında Azərbaycanda - Bakı şəhərindəki Bakı Stadionunda keçiriləcək.
COP29-un BMT tərəfindən təşkil olunan rəsmi hissəsindən əlavə, COP29-un ev sahibi Azərbaycan beynəlxalq ictimaiyyətə və vətəndaş cəmiyyətinin üzvlərinə həll yolları və inkişaf istiqamətləri təqdim etmək imkanı verir.
COP29-a ev sahibliyi edən ölkə kimi Azərbaycanın təşkil etdiyi 29-cu sessiyanın Yaşıl Zonası gənc liderlərin, biznes qurumlarının, tədqiqatçıların, mədəniyyət xadimlərinin, regional və yerli icmaları təmsil edən ekspertlərin, geniş spektrli digər vətəndaş cəmiyyəti aktorlarının bir araya gəlmələri üçün sərbəst məkan təmin edir. Onlar burada təqdimatlar, panel müzakirələri, müxtəlif sessiyalar və sərgilər vasitəsilə sıfır karbonlu gələcəklə bağlı baxışlarını və ideyalarını təqdim edəcəklər.
Y.MƏMMƏDLİ