Hazırda Azərbaycandan Çinə ixrac oluna biləcək məhsul çeşidi məhduddur.
TEZADLAR.AZ xəbər verir ki, bunu Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu KİV-ə müsahibəsində deyib.
O bunun əsas səbəbini Çində idxal olunan kənd təsərrüfatı məhsullarına ciddi tələblərlə izah edib.
Teymur Nadiroğlu diqqətə çatdırıb ki, təzə meyvə-tərəvəz, ət və süd kimi digər emal olunmamış kənd təsərrüfatı məhsullarının Çinə ixrac olunması üçün iki ölkə arasında hər bir məhsul üzrə protokol imzalanmalıdır.
“Bu sənədlərin imzalanması bəzən uzun vaxt tələb edir. Hazırda bir neçə növ məhsulun Çinə ixrac icazəsinin alınması üzrə iki ölkənin müvafiq qurumları arasında danışıqlar davam edir və yaxın zamanda müsbət nəticələr əldə olunacaq”, - deyə qeyd edib.
Çindəki ticarət nümayəndəmiz hazırda ölkəmizdən Çinə şərab, brendi, araq, meyvə şirələri, kompot, çay, mürəbbə, turşu və konfet kimi içki və qida məhsullarının, həmçinin polimer, dəri, biyan kökündən hazırlanmış qliserin turşusu ixrac olunduğunu bildirib.
Qeyd edək ki, Azərbaycan Respublikası yarandıqdan sonra onun müstəqilliyini tanıyan ilk ölkələrdən biri də Çin Xalq Respublikası olub. ÇXR 1991-ci il dekabrın 27-də Azərbaycan Respublikasının müstəqilliyini tanıyıb. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il aprelin 2-də qurulub. 1992-ci ilin avqust ayında ÇXR-in Azərbaycan Respublikasında səfirliyi açılıb.
JASMİN