Bank sektorunda ən çox müzakirə edilən məsələlərdən biri də kredit faizləri ilə bağlıdır. Son illər kredit faizlərinin aşağı düşəcəyi gözləntiləri olsa da, əksinə kredit faizlərində artımlar qeydə alınmaqdadır.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə deputat, iqtisadçı-ekspert Vüqar Bayramov sosial media hesabında bildirib. O, bunun səbəbini  bankların cəlb etdiyi vəsaitlərin nisbətən bahalaşması ilə izah edib:
"Monitorinqlər göstərir ki, banklarda, xüsusən də sistem əhəmiyyətli banklarda istehlak kreditlərinin faizlərində hiss edilən artımlar var. Kredit faizlərindəki artımı Mərkəzi Bankın rəsmi göstəriciləri də təsdiq edir.
Mərkəzi Bankın məlumatına görə, banklar 2023-cü ilin yanvarına 19 milyard 594 milyon manat kredit portfeli ilə daxil olublar. O zaman Mərkəzi Bank ölkə üzrə orta kredit faizinin 12.27 faiz olduğunu açıqlayıb. 1 il sonra Mərkəzi Bank ölkə üzrə kredit portfelinin 23 milyard 182 milyon manat olduğunu, faiz dərəcəsinin isə cüzi olsa da artaraq 12.58 faizə çatdığını bəyan edib. Nəhayət, bu il yanvarın 1-ə olan məlumata görə, kredit portfeli 27 milyard 477 milyon manata çatsa da, kredit faizləri də yüksələrək 13.19 faiz olub. Göründüyü kimi, son 2 ildə ölkə üzrə orta kredit faizi 12.27 faizdən 13.19 faizədək yüksəlib. Nəzərə almaq lazımdır ki, ölkə üzrə orta kredit faizlərinə ipoteka və real sektordakı digər güzəştli kreditlər üzrə faizlər təsir göstərir. Reallıqda isə, istehlak kreditləri üzrə faizlər ölkə üzrə orta faizdən xeyili yüksəkdir.
Kredit faizlərinin yüksəlməsi daha çox bankların cəlb etdiyi vəsaitlərin nisbətən bahalaşması ilə əlaqədardır. Son bir ildə sistem əhəmiyyətli banklarda depozit faizlərinin yüksəlməsi bankların bahalı vəsaitlər cəlb etməsinə səbəb olub. Bu, eyni zamanda kredit faizlərinə də təsirsiz ötüşməyib. Kapital bazarındakı faiz dərəcələri də kredit faizlərinə təsir edən faktorlardandır", - deyə diqqətə çatdırıb.
İqtisadçının sözlərinə görə, bankların kredit faizlərini aşağı salmaları üçün daha ucuz resurslara çıxış imkanları genişləndirilməlidir. 
"Bu kontekstdən, Mərkəzi Bank tərəfindən kredit faizlərinin optimallaşdırılması ilə bağlı tədbirlər ilə yanaşı, bankların daha ucuz resurslara çıxış imkanlarının genişləndirilməsinə ehtiyac var. Çünki kredit faizlərinin yüksəlməsi əhalinin daha bahalı borclanması ilə yanaşı, real sektorda da izafi xərcləri artırır", - Vüqar Bayramov vurğulayıb.
JASMİN
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN