Qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 607,2 mln. ABŞ dolları və ya 42% artıb.
Bu barədə Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi “İxrac İcmalı”nın noyabr sayında qeyd edilib.
“İxrac icmalı”nın noyabr sayına əsasən, 2021-ci ilin ilk 10 ayı ərzində Azərbaycanın ixracı 16,8 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 2,1 mlrd. ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 607,2 mln. ABŞ dolları və ya 42% artıb. 2021-ci ilin 10 ayı ərzində qeyri-neft ixracında yeyinti məhsulları 3,2% artaraq 582,2 mln. ABŞ dolları təşkil edib. Müvafiq dövr ərzində qeyri-neft ixracında qara metallar və onlardan hazırlanan məmulatlar 3,2 dəfə, mis və ondan hazırlanan məmulatlar 2,2 dəfə, pambıq 87,6%, üzvi kimyəvi birləşmələr 40,6%, şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları 59,2%, alüminium və ondan hazırlanan məmulatlar 61,7%, qiymətli metallar və ondan hazırlanan məmulatlarda isə 4,3% artım qeydə alınıb.
2021-ci ilin yanvar-oktyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında qızıl (166,1 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pambıq mahlıcı (160,7 milyon ABŞ dolları) ikinci, pomidor (tomat) (130 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
Xatırladaq ki, 2021-ci ilin yanvar-sentyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında da qızıl (158,2 milyon ABŞ dolları) birinci olub. Həmin siyahıda pambıq mahlıcı (149,5 milyon ABŞ dolları) ikinci, pomidor (tomat) (128,2 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
Həmçinin Azərbaycan 2021-ci ilin 9 ayı ərzində qeyri-neft ixracında meyvə-tərəvəz məhsulları 398,9 milyon ABŞ dolları ilə əsas paya malik olub.
Təqdim etdi: Y.MƏMMƏDLİ