Həyata keçirilən kadr islahatları çərçivəsində Agentliyin Bakı Regional bölməsinin rəis müavini
Elçin Xurşud oğlu Məmmədov tutduğu vəzifədən azad edilib.
Ötən gün Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin növbəti kollegiya iclası keçirilib. İclasda ölkəmizdə həyata keçirilən qida təhlükəsizliyi sisteminin yeni çağırış və müasir tələblərə uyğun daha səmərəli təşkili, həmçinin nəzarət sisteminin təkmilləşdirilməsi və bu tədbirlərin daha çox tənzimləyici rola malik olmasının təmin edilməsi, bu sahədə şəffaflığın və effektivliyin artırılmasına dair bir sıra məsələlər müzakirə olunub.
İclasda ötən dövr ərzində qida zənciri üzrə həyata keçirilən nəzarət və tənzimləmə tədbirlərinin nəticələri müzakirə olunub, eyni zamanda bugünədək aparılmış araşdırmaların nəticələri təhlil edilərək müvafiq inzibati tədbirlərin görülməsi barədə qərar qəbul edilib. İclasda inzibatçılıqda yeni prinsiplərin tətbiq edilməsi və qarşıya qoyulan məqsədlərə nail olunması üçün kadr islahatlarının aparılması ilə bağlı müvafiq tapşırıqlar verilib. Bununla yanaşı, kadrların bilik və bacarıqlarının yeni çağırışlara uyğun qiymətləndirilməsi işlərinin mütəmadi aparılması, kadr potensialının gücləndirilməsi üçün təlimlərin təşkil edilməsinə dair qərar qəbul edilib.
İclasda AQTİ laboratoriyalarının fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə daxili nəzarət və idarəetmə sisteminin və laborator sınaqların aparılması ilə bağlı icra müddətlərinin təkmilləşdirilməsi istiqamətində işlərin icrası qərara alınıb.
Qeyd edək ki, Kollegiya iclasında qəbul edilən qərarlardan irəli gələrək, AQTA sədrinin müvafiq əmri ilə bir sıra kadr dəyişiklikləri həyata keçirilib.
AQTA-nın məlumatına görə, Agentliyin Qida zəncirinə nəzarət şöbəsinin müdiri Əkbər Zamiq oğlu Əliyev vəzifəsindən azad olunaraq Daxili nəzarət və regional bölmələrlə iş sektorunun baş məsləhətçisi vəzifəsinə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun "Analitik Ekspertiza Mərkəzi" departamentinin müdiri Fərid İsgəndər oğlu Əliyev Agentliyin Qida təhlükəsizliyi şöbəsinin müdiri, Qida zəncirinə nəzarət şöbəsinin aparıcı məsləhətçisi Şəhla Natiq qızı Yusifzadə isə Agentliyin Bakı Regional bölməsinin Qida təhlükəsizliyinə nəzarət sektorunun müdiri vəzifəsinə təyin edilib. Müvafiq əmrə əsasən Agentliyin Qida zəncirinə nəzarət şöbəsinin müdir müavini Nərminə Nəcəf qızı Şabanovaya həmin şöbənin müdiri vəzifəsinin icrası həvalə olunub. Həyata keçirilən kadr islahatları çərçivəsində Agentliyin Bakı Regional bölməsinin rəis müavini Elçin Xurşud oğlu Məmmədov tutduğu vəzifədən azad edilib. Agentliyin Bakı Regional bölməsinin Qida təhlükəsizliyinə nəzarət sektorunun müdiri Hüseyn Abdulla oğlu Abdullazadə isə vəzifəsindən azad edilərək həmin bölmənin İdxal və ixraca nəzarət sektorunun baş məsləhətçisi vəzifəsinə təyin olunub.
***
Xatırladaq ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 10 fevral 2017-ci il tarixli fərmanı əsasında yaradılmışdır.
“Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Republikası Prezidentinin 13 noyabr 2017-ci il tarixli fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi qida məhsullarının təhlükəsizliyinə, baytarlıq və fitosanitar nəzarətinə dair normativ tənzimləməni, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatını, qida təhlükəsizliyi, fitosanitar və baytarlıq sertifikatlarının verilməsini, qida məhsullarının ilkin istehsalı, tədarükü, istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları) daxil olmaqla qida zəncirinin bütün mərhələlərində qida məhsullarının təhlükəsizliyinə, həmçinin qida məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətini, habelə qeyd olunan sahələrdə (bundan sonra – müvafiq sahədə) dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Agentliyin fəaliyyət istiqamətləri aşağıdakı kimidir:
- müvafiq sahədə vahid dövlət siyasətinin hazırlanmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;
- müvafiq sahədə dövlət tənzimləməsini, dövlət nəzarətini və əlaqələndirməni həyata keçirir;
- müvafiq sahədə normayaratma fəaliyyətini, o cümlədən qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni (sanitariya norma və qaydalarının, habelə gigiyena normativlərinin hazırlanmasını və təsdiqini) həyata keçirir;
- ölkədə qida məhsulları sahəsində fəaliyyət göstərən subyektləri qida təhlükəsizliyi baxımından qeydiyyata alır və dövlət reyestrini aparır;
- qida məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin istehlakçılarının hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə riayət edilməsinə dövlət nəzarətini həyata keçirir;
- qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sertifikatları verir;
- müvafiq sahənin inkişafını təmin edir.
25 dekabr 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Qoşqar İlahi oğlu Təhməzli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, AQTA ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində də davamlı monitorinqlər, yoxlamalar həyata keçirir və nəticələri barədə müntəzəm olaraq məlumatlar yayır.
JASMİN