Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında həyata keçirilən əməliyyat nəticəsində yaşadığı evdə tiryəkxana təşkil edən Günay Məmmədova saxlanılıb. Onun üzərindən və Nizami rayonunda yaşadığı evdən 2 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, G.Məmmədovanın evində narkotik vasitələrin qəbulu və paytaxt ərazisində narkokuryerliklə məşğul olan daha iki nəfər - Elçin Mirzəyev və Teymur Orucov da saxlanılaraq istintaqa cəlb olunublar.
Faktla bağlı 25-ci Polis Şöbəsində toplanan materiallar Nizami Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Bu şəxslərin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.