Bakı Apellyasiya Məhkəməsindən reportaj...
Xəbər verdiyimiz kimi, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Anar İbrahimovun sədrliyi ilə AMEA Tarix İnstitununun əməkdaşı Şəhla Məmmədliyə qarşı Yasamal RPİ-nin müstəntiqi tərəfindən Azərbaycan İXM-nin 510-cu maddəsi ilə tətbiq edilmiş inzibati cəza barədə qərarın ləğv edilməsi haqqında Yasamal rayon Məhkəməsinin çıxardığı qərardan institutun aparıcı elmi işçisi Günel Aslanlının verdiyi apellyasiya şikayətinə baxıldı. Məhkəmə iclasını «Təzadlar»ın əməkdaşı da izləyib.
***
Açığı, hakim Anar İbrahimovu məhkəmə proseslərindən tanıdığımızdan, barəsində həmişə müsbət fikirlər eşidirdik. Amma bu günkü məhkəmə iclasına ən azı 1 saat gecikən hakimin yuxarıda qeyd edilən məhkəmə iclasında ilk dəqiqədən narahat və qəzəbli olduğu təəccüblü idi.
Onu da qeyd edək ki, hələ AMEA Tarix İnstitunun direktoru, akademik Yaqub Mahmudovun dönəmində mütəmadi olaraq elmi müəssisəyə yaraşmayan hərəkət və ifadələrinə görə “xəbərdarlıq”, “töhmət”, “şiddətli töhmət”, hətta hüquq-mühafizə orqanları tərəfindən bir müddət əvvəl Azərbaycan İXM-nin 510-cu maddəsi ilə cəzalandırılmış institutun “Azərbaycanın beynəlxalq əlaqələr tarixi” şöbəsinin əməkdaşı Şəhla Məmmədli ilə digər böyük elmi işçi arasında xeyli müddətdir məhkəmə çəkişməsi davam edir. Ş.Məımmədli həm də G.Aslanlının qəzetdə dərc edilmiş müsahibəsinə görə "Təzadlar"a zəng edərək təhqiramiz ifadələr işlətmiş, İnstitutun direktoru Kərim Şükürov isə bu təhdldlərin qarşısını almaq əvəzinə, özü bunların davam etdirilməsinə daha geniş anlamda şərait yaradan hərəkətlərə yol vermişdir. Bu və ya digər məsələlərə görə K.Şükürovdan aidiyyəti dövlət qurumlarına, eləcə də AMEA prezidenti İsa Həbibbəyliyə şikayət verilmişdir.
Bunları qoyuruq bir kənara. Keçək əsas məsələyə: hakim iclası açıq elan edən kimi hiss olunurdu ki, harasa, yaxud nəyəsə tələsir. Az sonra nəyə tələsdiyini proses iştirakçılarının hamısı gördü. Belə ki, Yasamal rayon Məhkəməsinin məlum qərarından apellyasiya şikayəti vermiş Günel Aslanlının vəkili Toğrul Məmmədov hakimə şikayətin mahiyyətini danışmaq istəyən kimi hakim Anar İbrahimov dərhal vəkilin sözünü kəsdi: «Onları bilirəm… qısa elə…».
Vəkil məcbur olub nəzakətlə hakimin diqqətinə çatdırmağa çalışdı ki, məsələnin kökü o boyda AMEA-nın Tarix İnstitutunun sıravi əməkdaşı olan Şəhla Məmmədlinin iş-gücünü ataraq institutun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Günel Aslanlını və sonuncunun çalışdığı «Əliyevşünaslıq» şöbəsini aşağılayan, təhqir edən və s. hərəkətlərə yol verməsində və buna görə də bir neçə dəfə hüquq mühafizə orqanları tərəfindən cəzalandırılması durur. Ona görə də Şəhla Məmmədlinin Yasamal RPİ-nin 28-ci polis bölməsi təhqiqatçının qəbul etdiyi qərarla Azərbaycan İXM-nin 510-cu maddəsinin sanksiyası ilə cəzalandırılmasına dair hüquqi aktın Yasamal rayon Məhkəməsi tərəfindən ləğv olunması əsassızdır və məhkəmənin həmin qərarı ləğv edilərək yenidən ilkin məhkəmə baxışına qaytarılmalıdır və s.
Vəkilin izahlı sözü ağzında yarımçıq qaldı, hakim yenidən əsəbləşdi:
-Sənin Azərbaycan İXM-nin 510-cu maddəsindən xəbərin var?
Vəkil təmkinlə:
-Əlbəttə var… Bu barədə Ali Məhkəmənin 2004-cü ildə müvafiq Plenum Qərarı da vardır və…
Hakim yenə də vəkilin danışıb fikrini tamamlamasına imkan vermədi:
-Plenum Qərarını qoyaq bir kənara… Mən səndən soruşuram: Şəhla Məmmədli İXM-nin 510-cu maddəsinə tövsif olunan əməli törədən zaman institutun işi dayandımı, kollektiv bir-birinə dəydimi???
Vəkil artıq hiss edirdi ki, hakim qərarını əvvəldən hazır yazıb prosesə gəlib, məhkəmə araşdırması aparmaq, tərəfləri dinləmək və əlavə mötəbər sübutları nəzərdən keçirmək fikri yoxdur… Ona görə yenə də təmkinini pozmadan hakimə izah vermək istəyəndə şikayətçi Günel Aslanlı dözməyib dilə gəldi, hakimdən söz istədi:
-Möhtərəm hakim, xahiş edirəm, mənə söz verin, o dediyiniz sübutları izahlayım…
Hakim bu dəfə tələskən baxışlarını Günel Aslanlıya zillədi:
-Qısa, qısa… Məsələ onsuz da aydındır…
Günel Aslanlı da hakimin tərəf tutduğunu sezərək əlindəki sənədləri ona təqdim etmək istədi, lakin hakim: -Lazım deyil, məsələ aydındır, -deyərək ona qısa çıxış imkanı verdi.
Günel Aslanlı:
-Möhtərəm hakim, bir ildən çoxdur ki, bu xanım məni təhqir edir, təqib edir… O, elmi dərəcəsi olmadığı halda məhkəməyə yazdığı etirazında və digər sənədlərdə də saxtakarlıq etməkdədir, özünü elmi dərəcəli şəxs kimi təqdim edir…
Hakim bu dəfə tərəf tutduğunu yenidən bir daha açıq şəkildə bəyan etdi:
-Xahiş edirəm, mahiyyəti üzrə danışın…
Günel Aslanlı:
-Deyirsiniz ki, mahiyyəti üzrə danışım? Danışıram də… Bu qadının barəsində çıxarılmış İXM-nin 510-cu maddəsinin sanksiyasına baxın, hər şey aydındır orda (Bizim qeyd:«Maddə 510. Xırda xuliqanlıq: -Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə- əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur»). Bu qadın institutda «Əliyevşünaslıq» şöbəsinin və ümumiyyətlə, bütün kollektivin işini pozub. Məni təhqir edir, şöbəni ələ salır, qapımıza vərəqələr yapışdırır… Ünvanıma dilə gətirilməsi mümkünsüz təhqiramiz ifadələr yazıb göndərir. Bir ildən çoxdur ki, institutda hamı bu qadının hərəkətlərindən başını itirib, iş fəaliyyətimiz pozulub… Bunlar ictimai qaydanı pozmaqla kollektivin, çalışdığım şöbənin işini pozmaq deyilmi???
REDAKSİYADAN: «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI ALI MƏHKƏMƏSİNİN PLENUMUNUN QƏRARI: «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsinin ümumiləşdirilməsi nəticələrini müzakirə edərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu qeyd edir ki, respublika məhkəmələri tərəfindən bu xarakterli işlərin baxılmasında maddi və prosessual hüquq normaları, əsasən, düzgün tətbiq edilsə də, məhkəmə təcrübəsində ciddi qanun pozuntuları da mövcuddur. Xuliqanlıq işləri üzrə vahid məhkəmə təcrübəsinin yaradılması qanunların eyni cür və düzgün tətbiq edilməsinin təmin olunması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu QƏRARA ALIR:
-1.Məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə, təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur.
-İctimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə, təqsirkar şəxsin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsinə müvafiq olaraq, xırda xuliqanlığa görə inzibati məsuliyyətə səbəb olur».
***
Hakim təbəssümlə Şəhla Məmmədliyə baxır və başı ilə «Düz deyir?» işarəsini bildirir. Şəhla Məmmədli həvəslə etiraf edir ki, bəzi məsələlər doğrudur:
-Möhtərəm hakim, mən deymirəm ki, qapıya vərəqə yapışdırmamışam, bəli, yapışdırmışam… Amma orda təhqir yoxdur. Mən həmin vərəqədə sözümü savadsız adamlara çatdırmışam. Orda Günel Aslanlının adı yoxdur axı…
Vəkil Toğrul Məmmədov bu dəfə hakimlə başqa tonda danışmalı oldu:
-Möhtərəm hakim, görürsünüzmü, bu qadın əməlini etiraf edir… Mən sizə başqa sübutları təqdim edirəm, bunlar Şəhla Məmmədlinin ehtimal edilən və dilə gətirilməsi mümkünsüz olan söyüş və təhqirləridir ki, Günel Aslanlının müsahibəsini dərc edən qəzet əməkdaşına və Günel Aslanlıya yazdıqlarıdır… Bunları yazan şəxsə daha ağır cəza tətbiq edilməlidir. Odur ki, Sizdən xahiş edirik, Yasamal rayon Məhkəməsinin qərarı ləğv edilsin və ilkin baxış mərhələsinə qaytarılsın…
Hakim istehza ilə bu dəfə Günel Aslanlıya baxır:
-Mən başa düşmürəm, o boyda elm ocağında vaxtınız bu qədər çoxdur ki, belə dava-şava baş verir? Bəlkə Sizi barışdıraq? İkiniz də savadlı qadınsınız…
Günel Aslanlı hakimin bu cür təklif və müqayisəsinə etirazla:
- Xahiş edirəm, məni o qadınla müqayisə etməyin. Mən aparıcı elmi işçiyəm, tarix üzrə fəlsəfə doktoruyam, o qadının isə dissertasiya işi geri qaytarılıb, heç bir elmi dərəcəsi yoxdur, saxtakarlıq edərək özünü elmi dərəcəli şəxs kimi təqdim edir, həm də belə-belə işlərlə məşğuldur…
Hakim vəkilin təqdim etdiyi və Şəhla Məmmədliyə məxsus olduğu güman edilən təhqir və söyüşləri özündə əks etdirən elektron yazışmalara baxır, dərhal qaşlarını çatır… Onun mimikasından hiss olunur ki, oxuduğu ifadələrdən dəhşətə gəlib… İclas iştirakçıları da bunu hiss edir. Amma hakim ardınca da hamını dəhşətə gətirən başqa bir addımı atır: «Məhkəmə müşavirəyə gedir!».
Bir-iki dəqiqədən sonra hakim məhkəmə iclas zalına daxil olur, Azərbaycan Dövlətinin adından qərarını elan edir: «Şikayət təmin olunmasın, Yasamal rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılsın!».
Günel Aslanlı hakimin belə ala-yarımçıq, tələskən, tərəftutma mahiyyətli qərarına sərt etiraz edir: «Azərbaycan dövlətinin adından sui-istifadə qərarı…».
Hakim əsassız qərarına təsəlliverici bəhanə tapıbmış kimi, Günel Aslanlıya baxır, qəzəbli halda: «Sizin bu böhtanınıza görə…».
Zalda həm də Yasamal RPİ-nin nümayəndəsi əyləşmişdi. O da təəssüf hissini gizlədə bilmədi: «Daha nə deyim…».
Məsələ qaldı hakimin məhkəmə iclasında yol verdiyi nöqsanlarından Azərbaycan Məhkəmə Hüquq Şurasına şikayət verməyə…
«Təzadlar»
P.S.Məhkəmə zalından çıxanda vəkil Toğrul Məmmədovdan hakimin bu cür tələm-tələsik qərarının və əvvəldən qarşı tərəfə olan müsbət münasibətinin kökünü soruşduq. Məlum oldu ki, sən demə, Şəhla Məmmədli Yasamal RPİ-nin inzibati cəza qərarından Yasamal rayon Məhkəməsinə şikayət vermə müddətini bitirdiyi halda, hakim Anar İbrahimov onun apellyasiya şikayətinə baxıb və uf demədən müddəti əsassız olaraq bərpa edən qərar qəbul edibmiş… Sonra da deyirik ki, niyə Avropa İnsan Haqları Məhkəməsinə Azərbaycan məhkəmələri barədə daha çox şikayət gedir?! Ən pisi odur ki, Azərbaycan əleyhinə çıxarılan qərarlardan sonra isə cərimələri həmin hakim deyil, Azərbaycan dövləti ödəməli olur. Hansı ki, hakimlərimiz qərar qəbul edəndə Azərbaycan dövlətinin adından qərar verirlər…
P.P.S.Maraqlıdır ki, Sülh və Demokratiya İnstitunun saytında hakim Anar İbrahimovun adı sifarişlə qərar qəbul edən hakimlərdən biri kimi çəkilir…