Xuraman Muradova: “Çoxlu sayda qazimizi “Milan Hospital”da təmənnasız müalicə etmişik... Axı, onlar döyüşə təmənna ilə getməmişdilər”
Yazıçının gündəliyindən - 1-ci yazı
(Portret cizgiləri)
...Müasir ədəbiyyatımızın klassiki, xalqımızın böyük ziyalısı, dramaturq, professor, Milli Aviasiya Akademiyasının kafedra müdiri, Azərbaycanın Xalq şairi Nəriman Həsənzadəyə zəng vurub onun səhhəti ilə maraqlandım. Dedi ki, “Milan Hospital”da müalicə alır... “İnanın, məni o qədər yüksək səviyyədə müalicə edirlər ki, artıq bir həftədə demək olar bütün ağrılarım keçib gedib. Burada həm həkimlər öz işinin yüksək peşəkarıdır, həm də xəstələrə qarşı əllərindən gələni edirlər ki, tez sağalsınlar. Bu Hospitalın yaradıcısı çox mədəni xanımdır, yüksək təfəkkürlü, mələk simalı Xuraman Muradovadır. Hər bir hərəkətində, insanlara qayğısında, danışığında elə bil göydən gəlmiş bir məlakədir. Bütün xəstələr və həkimlər ondan çox razılıq edirlər. Bu Hospital müasir, yüksək səviyyəli tibbi avadanlıqlarla təchiz olunub. 44 günlük Vətən müharibəsi dövründə də bu öz sahəsində döyüşüb. Burada işləyən həkimlər qazilərimizin tez sağalmasında əllərindən gələni ediblər. Bu gün də orada xeyli qazi pulsuz müalicə alır. Mən çox istərdim ki, sən həmin Hospitala gəlib, onların gördüyü böyük işlər haqqında yazasan”.
...1980-ci ildən Nəriman Həsənzadəni tanıdığıma görə bilirdim ki, o, hər işi belə tərifləmir. Çünki biz həmin vaxtı onun “Bütün Şərq bilsin” tamaşasına Sumqayıt Dövlər Dram Teatrında quruluş verən vaxtı da onun obyektiv fikirlərini görmüşdüm. Nəriman müəllim xalqa yüksək səviyyədə xidmət eləyən insanlar haqqında həmişə xoş sözlər deyir.
Beləcə, Nəriman müəllimlə vədələşib, iki gün sonra həmin Hospitala getdik. Hospitalın giriş qapısından insanların necə böyük hörmətlə, ən əziz doğmaları kimi qarşılanmasının və ilk girişdən səliqə-sahmanın yüksək olduğunu gördüm. Bunlar mənim diqqətimdən yayınmadı. Yadıma dahilərin dediyi bu kəlam düşdü: “İnsanlara diqqət sağlamlığın, hörmətin ilk açarıdır”.
Sonra biz Nəriman müəllimlə Hospitalın bir işçisi olan çox mədəni bir xanımla ikinci mərtəbəyə, Xuraman xanımın kabinetinə qalxdıq. Nəriman müəllim deyən kimi, doğrudan da bizi mələk simalı bir xanım- Xuraman Muradova qarşıladı. Kabineti çox yüksək zövqlə, rəssam təxəyyülü ilə bəzədilmişdi. Bu kabinet elə bir növ muzeyi xatırladır. Söhbət əsnasında öyrəndim ki, Xuraman xanım İsmayıl qızı Goranboyda anadan olub. Əslən Laçın rayonundandır. Nənəsi Səlmi Muradova Laçın rayonunun Xoçazlar kəndindəndir.
Xuraman xanım Goranboyda orta məktəbi bitirəndən sonra, 1982-ci ildə Azərbaycan Memarlıq İnstitutuna daxil olub. Çünki uşaq yaşlarından rəsm əsərləri çəkməyə böyük həvəsi olub. Və təhsilini də bu yöndə davam etdirmək üçün memarlığı seçib. Beş illik təhsilini başa vurandan sonra Maddi-Texni Təchizat Nazirliyində işləyib. Sovetlər Birliyi dağılmağa yaxın illərdə, artıq sahibkarlıq da Azərbaycanda yaranmağa başlayırdı. Xasiyyətcə sanqvinik olan Xuraman xanımda özünə inam və təşkilatçılıq yüksək olduğuna görə, elə həmin vaxtlardan kiçik sahibkarlıqla məşğul olmağa başlayıb. Balaca bir otaqda öz işlərini uğurla quran Xuraman xanım az bir vaxtda bu sahədə uğurlar qazanıb və sonra, 2009-cu ildə “Laçın” Klinikasını yaradıb. Orada təsisçi və direktor olub. “Laçın” Klinikasını da o məqsədlə yaradıb ki, qızı Laçın Aslanova həkimdir. Laçın xanım klinika yaranan vaxtdan baş həkim kimi orada öz işlərini yüksək səviyyədə qurub. Bu gün də o, endekrinologiya sahəsində böyük uğurlar əldə edir.
“Laçın” Klinikası az bir vaxtda məşhur olub. Özü memar-mühəndis olsa da Xuraman xanımın qızının səhiyyə sahəsi ilə bağlı arzuları, meyli daha böyük olduğundan bu klinikada işlərini genişləndirmək istəyirdi. Lakin “Laçın” Klinikasında böyük arzularını orada reallaşdırmaq çətin idi Xuraman xanım üçün.
Beləliklə, Xuraman Muradova 2014-cü ildə öz layihəsi ilə yeddi mərtəbəli “Milan” Hospitalın Avropa standartlarına uyğun binasını tikdirib və orada işə başlanılıb. Bu Hospitala da yüksək peşəkar həkimləri işə götürüb. Çünki Xuraman xanım bilir ki, səhiyyədə uğurlu işlər yalnız yüksək peşəkar, müasir səhiyyəni mükəmməl bilən həkimlərin sayəsində qurulur. Əgər Hospitalda yaxşı həkimlər işləyirsə, müasir tibbi avadanlıqlar varsa, peşəkar həkimlər həmin avadanlıqlardan düzgün istifadə edə bilirsə, xəstələr bura daha çox gələcək. Məhz buna görə də Xuraman xanım bu yeddi ildə həkimlərin daha da təkmilləşməsi, təhsillərini kamilləşdirməsi üçün onları qabaqcıl xarici ölkələrə göndərir, ya da həmin ölkələrdən öz maliyyəsi hesabına həkimlər dəvət edir ki, gəlib Hospitalda seminarlar, təlimlər keçsinlər. Eləcə də tibb sahəsinin son nailiyyətləri olan tibbi avadanlıqları “Milan” Hospitala gətirir ki, xəstələr düzgün müayinə olunsunlar.
Xuraman xanım bilir ki, xəstənin tam sağalması üçün onun düzgün diaqnostikası əsas şərtdir. İlk gündən də xəstələrin “Milan” Hospitalda tam şəfa tapmaları Xuraman xanımı daha çox ruhlandırıb. Cəmi yeddi ildə bu Hospital təkcə Azərbaycanda yox, həm də Türkiyədə, İranda, Rusiyada, Gürcüstanda, Orta Asiya respublikalarında məşhur olub. Çünki həmin ölklərdən də bura çoxlu xəstə gəlib, müalicə olunublar. Elə Təbrizdə yaşayan, Cənubi Azərbaycanın məşhur şairəsi Ziynət xanım Tədəyyün də Nəriman müəllimə müalicə alması üçün “Milan” Hospitala getməsini məsləhət bilib. Ziynət xanımın Cənubi Azərbaycandan olan bir neçə qohumu da Bakıya gəlib, “Milan” Hospitalda yüksək səviyyədə müalicə olunublar. Məhz buna görə də “Milan” Hospital Cənubi Azərbaycanda yaşayan həmvətənlərimiz vasitəsi ilə İranda yüksək səviyyədə təbliğ olunur.
***
Xuraman xanım memar olmaqla yanaşı, həm də rəssam və şairədir. Ən əsası isə, yüksək vətənpərvər, müasir düşüncəli bir azərbaycanlı xanımdır. Bir müddətdir ki, sahibkarlıqla məşğul olduğundan iqtisadiyyatı da çox mükəmməl səviyyədə bilir. Beləliklə, iqtisadiyyatın və səhiyyənin incəliklərini, ədəbiyyatı, incəsənəti vəhdət şəkildə mükəmməl bilən, diplomatik düşüncə sahibi, şair təbiətli Xuraman Muradova bütün bu sahələdərdə ölkəmizə çox böyük uğurlar gətirir. Hansı xarici ölkədə olursa, həmin ölkədən Azərbaycana xoş müjdələr gəlir. Eləcə də onun dəvəti ilə Azərbaycana gələn və dünyada tibb sahəsində öz imzalarını qoyan məşhur tibb alimləri də “Milan” Hospitalın işindən çox razılıq edirlər. Bu Hospitalı dünyanın ən aparıcı hospitallarından biri adlandırmaqla dünya mətbuatında bu haqda özlərinin xoş fikirlərini yazırlar.
***
Xuraman xanım, həmçinin ibadətlə məşğul olduğundan Məhəmməd Peyğəmbərin (ə.s.) bu kəlamlarını özü üçün həmişə ali məqsəd hesab edib: “Allaha sevgi ürəklə, ağılla olmalıdır”. “Məhəbbət, sevgi Allaha doğru yolun ifadəsidir”. Deməli, Xuraman xanımın insanlara sevgisi, məhəbbəti yüksək olduğundan, çalışır ki, Milan Hospitala müraciət edən xəstə insanlar burada tam şəfa tapa bilsinlər. Bu yeddi ildə Ulu Tanrı həmişə onlara yardımçı olduğundan bütün xəstələr burada tez sağalıblar. Hətta “Milan” Hospitalı özlərinə son ümid qapısı bilərək bu tibb ocağına gələnlər burada tamamilə sağalıblar.
Budur. Biz Xuraman xanımla üz-üzə oturub, söhbət edirik:
- Mənimçün çox böyük tarixi hadisədir ki, xalqımızın dəyərli şairi Nəriman müəllimlə yaxından tanış olmuşam, - deyə Xuraman xanım sözə başladı. -Nəriman Həsənzadəni belə üzbəüz görəndən sonra mən özümün gənclik illərimə qayıtmışam. Gənclik illərimdə şeirlər yazırdım. Təxminən otuz-otuz üç il öncə. Sahibkarlıqla məşğul olandan sonra daha vaxtım olmadı. Başım ailə qayğılarına, işə, “Laçın” və sonra da “Milan” Hospitalın çox cavabdehli işlərinə qarışdı. Ədəbiyyatla məşğul olmaq, şeir yazmaq Allahla birbaşa bağlılıqdır. Gərək bu müqəddəs işə bütövlükdə ömrünü sərf eləyəsən. Mənim isə sahibkarlıqla və səhiyyə sahəsində çalışdığım üçün boş vaxtım çox az olur. Amma min şükür Böyük Tanrıya ki, bütün bu illərdə mənə işıqlı yol açıb və mən də həmin işığın səmtinə doğru getməklə arzularımı reallaşdırıram. Nəriman müəllimlə görüşəndən sonra isə bir daha şeirlər yazmağa başladım. Böyük Tanrı ilə şeir dilində danışıram. Amma mən bu vaxta qədər yazdığım şeirləri heç yerdə çap etdirməmişəm.
- Xuraman xanım, öyrənmişəm ki, 44 günlük Vətən müharibəsi dövründə, “Milan” Hospital da yaxşı mənada döyüşüb. Yəni, sizin tibb işçiləriniz həm müharibə bölgəsində olub, yaralılara əlindən gələn tibbi yardımlar ediblər, həm də siz müharibədə yaralanan qazilərimizi burada yüksək səviyyədə pulsuz müalicə edibsiniz.
- Mənim nənəm Laçından olduğuna görə və atam İsmayıl da ora tez-tez gedib-gəldiyindən mənə Laçınla bağlı çox maraqlı xatirələr danışıblar, Laçın, Qarabağ həmişə ürəyimin bir parçası olub. Qarabağla bağlı otuz iki illik məhrumiyyətlər, qaçqınlıq, köçkünlük dövründə, ibadətlə məşğul olduğum zaman Tanrıdan bir arzum olub: “Ey Böyük Yaradan, bizə güc, qüvvət, milli birlik ver ki, torpaqlarımızı geri qaytara bilək. Bu xoş günləri mən də sağlığımda görüm”. Ulu Tanrı milyonlarla azərbaycanlı kimi mənim də bu müqəddəs arzumu eşitdi və reallaşdırdı.
2020-ci ilin sentyabr ayının 27-də Vətən müharibəsi başlayanda və Ali Baş Komandanımız, dünya səviyyəli siyasətçi, cənab İlham Əliyevin bu sükanın arxasında böyük qətiyyətlə dayanması və hər bir çıxışında da xalqı inandırması ki, “Qələbə bizim olacaq. Biz Qarabağı yağı düşmənlərdən azad edəcəyik” fikirləri xalqımızı bütövlükdə ruhlandırdı. Əqidəsindən, mövqeyindən, dünyaya baxışından, düşüncəsindən asılı omayaraq, xalq bir nəfər kimi Ali Baş Komandamızın ətrafında sıx birləşdi. Təkcə ön cəbhə yox, arxa cəbhə də bir döyüş meydanı oldu. Hamı bacardığı kimi döyüşən ordumuza, Ali Baş Komandanımıza kömək etməyə başladı.
Həmin vaxt İsa Peyğəmbərin öz şagirdlərinə dediyi bu kəlam yadıma düşürdü: “Bir-birinizi sevin. İnsan sevgi ilə insan olur”. Sonra da yadıma ulularımızın dediyi bu kəlam düşürdü: “El bir olsa, dağ oynadar yerindən”. Beləliklə, ermənilərin uçulmaz dağ, qala hesab etdiyi səngərlərini rəşadətli ordumuz darmadağın elədi və 44 günlük müharibədə böyük qələbə çaldıq. 230 ildən sonra bu, Azərbaycan tarixində ən böyük qələbəmiz oldu. Əlbəttə, bu qələbədə Ali Baş Komandanımız cənab İlham Əliyevin böyük, əvəzsiz xidməti danılmazdır. Çünki bu dahi insan həmin vaxtı iki cəbhədə vuruşurdu. Bir Qarabağda və bir də xarici jurnalistlərlə, xarici mətbuatla. Onlara elə məntiqli, tutarlı cavablar verirdi ki, hamı, hətta dünyanın ən aparıcı ölkə rəhbərləri də onun bu məntiqli, ağıllı fikirləri ilə məcburən razılaşırdı. 44 günlük Vətən müharibəsində xalqımız ölkə başçımızın ağlına, düşüncəsinə, səbrinə bir daha heyran oldu. Hamı tam başa düşdü ki, ulu öndər Heydər Əliyevin bir vaxtlar dediyi bu sözlər əsl uzaqgörənlikdir: “Mən İlham Əliyevə özüm qədər inanıram. O, bu ölkəni yüksək səviyyədə idarə edəcək”. Dahi rəhbərin həmin kəlamı Vətən müharibəsində özünün tam sübutunu tapdı. Axı bizim ağlımıza da gəlməzdi ki, cəmi 44 günə biz o torpaqları geri qaytara bilərik. Çünki ermənilər 7 ilə rusların köməkliyi ilə həmin torpaqları bizdən almışdılar, 30 il işğal altında saxlamışdılar. Həmin döyüşlərdə biz 20 mindən çox şəhid vermişdik. 50 mindən çox yaralımız olmuşdu. Çoxlu insanımız əsir düşmüşdü. Erməni qəsbkarları bu otuz iki ildə bizə sağalmayan yaralar vurmuşdu. Üzr istəyirəm, namus, qeyrət əldən getmişdi. Dünya xalqları arasında uzun dilimiz qısa olmuşdu. Dünya səviyyəsində bu müstəqillik dövründə nə qədər nailiyyətlərimiz olsa da, amma torpaq sarıdan dilimiz qısa idi. Şərəfsiz ermənilər Aqambekyan, Şahnazaryan, Silva Kaputikyan, Zori Balayan və digər qanı natəmizlər də dünya xalqları arasında bu yolla bizi alçaltmağa çalışırdlar... Amma indi hansı xarici ölkəyə getsəm, başımı dik tutub, hamıya qalib bir ölkənin vətəndaşı kimi baxıb, şəstlə öz ürək sözlərimi deyəcəm. Çünki 32 ildə Qarabağ bizimçün qan yaddaşı-ağrı idi. Mən həmişə Xocalı, Ağdaban, Kərkicahan, Malıbəyli hadisələrini qəlbimdə böyük bir yara kimi gəzdirirdim. Özümdə heç cürə rahatlıq tapa bilmirdim. Biz elə bil ki, həyəcanlı yuxuya daldıq və 44 günə qeyrətli oğullarımızın qoçaqlığı ilə torpaqlarımız geri alındı və biz də bu yuxudan ayıldıq. Və heç cürə ağlımıza yerləşdirə bilmirdik ki, bu yuxu yox, bir müqəddəs, şirin həqiqətdir. Əlbəttə, bu 44 gündə biz şəhidlər verməklə, çoxlu acı da keçirtdik. Xeyli narahatlıq yaşadıq. Bu narahatlığı cəbhədən uzaq olan Gəncə, Goranboy, Tərtər, Tovuz, Bərdə, Şəmkir də yaşadı. Orada çoxlu dinc sakinimiz şəhid oldu. Amma xalqımız ruhdan düşmədi. Düşmənə hiddətimiz bizi daha da birləşdirdi. Mən həmin şəhərlərimizi də qəhrəman şəhərlər adlandırıram.
Mənim evim dənizin üst tərəfindədir. Mən hər gün səhərə qədər bütün analar kimi o qədər dualar edirdim ki, Ulu Tanrı bizim əsgərlərimizi qorusun. Təsəvvür edin ki, dənizin üzərində qara buludlar görəndə mənim də qəlbim qaralırdı. Fikirləşirdim ki, Qarabağ dağlıq yer olduğuna görə indi orada daha çox duman, çiskin var. Allah eləməsin ki, əsgərlərimiz ermənilərə əsir düşsün. Mən həmin əsgərlərimizi “analarının xınalı, müqəddəs quzuları” adlandırırdım. Çünki onların çoxunun 18-25 yaşı vardı. Çoxu ailə qurmamışdı. Həmin müharibə dövründə mən əsəgərlərimizə görə ən azından günaşırı qurbanlar kəsdirirdim. Çünki mən bilirəm ki, kəsilən hər bir qurban gələn qadanın, bəlanın qarşısına bir sərhəd, sədd çəkər. Peyğəmbərimiz (ə.s.) buyururdı və deyirdi ki, hər qurban kəsiləndə qızım Fatiməni çağıraram və deyərəm: “Ey ciyərparəm, gəl, dur bu qurbanın yanında. Bu, sənə gələn bəlanın, xətanın qarşısına bir sədd çəkəcək”.
Mənim də bir ana kimi təsəllim bu idi. Bəli, siz düz deyirsiniz. Həmin vaxtı bizim cərrahlarımız, anestezioloq həkimimizə kimi hamısı ön cəbhədə idi. Onlar yaralı əsgərlərimizə əllərindən gələn bütün xidmətləri edirdilər. Çoxlu əsgərimizi ölümün pəncəsindən alıblar.
- Deməli, siz həmin vaxt cəbhəyə çoxlu həkiminizi göndərmisiniz?
- Bəli, bəli. Axı biz həmin vaxt kənarda dayana, qala bilməzdik. Müharibənin ilk günündən Hospitalımız səfərbər oldu. Bir qrup həkimimiz müharibəyə getdi və çox ağır yaralı əsgərlərimizi müalicə etməyə başladı. Baxmayaraq ki, ilkin günlərdə yaralı əsgərləri özəl xəstəxanalara vermirdilər və onlar dövlət xəstəxanalarında müalicə olunurdular. Biz də sakit durmurduq. Həmin xəstəxanalara dərmanlarla, arabalarla, çəliklərlə köməklik edirdik. Maddi baxımdan da əlimizdən gələni edirdik. Sonra bizə də icazə verildi ki, həmin əsgərləri müalicə edək. Biz bu işə çox böyük həvəslə, istəklə yanaşdıq. Böyük Tanrıya şükürlər olsun ki, “Milan” Hospitalda da çoxlu əsgəri ölümün pəncəsindən aldıq. Bütün xəstə qazilərimiz tam sağaldı.
- Eşitmişik ki, indi də siz bütün qazilərimizi, şəhidlərin övladlarını, həyat yoldaşlarını, valideynlərini burada pulsuz müalicə edirsiniz.
- Bəli. Elədir. Kim bura üz tutursa, biz onları pulsuz müalicə edirik. Çünki bu, bizim vəzifə və vətəndaş borcumuzdur. Axı onlar bizim 32 il həsrətində olduğumuz torpaqlarımızı geri qaytarıblar. Bizim də borcumuz onlara təmənnasız xidmət etməkdir. Abşeron və Nərimanov rayonlarından olan, eləcə də başqa yerlərdən, xüsusi təyinatlılardan gələn qazilərimizi də burada yüksək səviyyədə, təmənnasız müalicə eləmişik. Axı bütün qazilərimiz və şəhidlərimiz döyüşə təmənna ilə getməmişdilər. Bizim namusumuzu təmənna ilə geri qaytarmayıblar. Yaralı ürəyimizi təmənna ilə sağaltmayıblar. Biz igid oğullarımızı şəhid verdik. Çoxlu sayda anamız oğulsuz, gəlinlərimiz ərsiz, uşaqlarımız atasız qaldı, nişanlı qızlarımız göz yaşlı oldu. Bizim nə həddimiz var ki, bu xoş günləri, həmin müqəddəs torpaqları bizə qaytaran igid oğullarımıza lazım olan bütün yardımları etməyək? Açığı deyim ki, biz onlara nə qədər xidmət etsək də, onların qulluğunda dursaq da, şəhidlərimizin, yaralı əsgərlərimizin tökülən bir damla qanına dəyməz bizim bu xidmətlərimiz. Mən Vətənimi öz canımdan artıq sevirəm. Ulu Öndər dediyi kimi: “Mən fəxr edirəm ki, azərbaycanlıyam”. Çox sevinirəm ki, xeyli hərbi hissədən və rayonların İcra Hakimiyyəti başçılarından bizə təşəkkür məktubları gəlir. Xüsusi təyinatlı əsgərlərimizin komandanı, Şuşanın fatehi, general Hikmət Mirzəyevdən gələn təşəkkür məktubundan isə çox məmnun oldum. Biz onunla görüşdük. O, bu görüşümüzdə yenə də xüsusi təşəkkürünü bildirdi. Qurban bayramında əsgərlərimiz üçün də qurbanlıq apardıq. Damarında azərbaycanlı qanı axan hər bir iş adamının mənəvi, vicdani borcudur ki, əsgərlərimizə, yaralılarımıza əlindən gələn bütün köməklikləri eləsin.
- Bir iş adamı, bütövlükdə ziyalı xanım olaraq, bu böyük qələbədən sonra nə etməliyik?
- 32 ildən çox idi ki, ermənilər torpaqlarımızı əsarətdə saxlayırdı. Bu qələbədən sonra biz əlimizi-əlimizin üstünə qoyub, sakit dayanmamalıyıq. Çünki ermənilər kimi yararsız məxluqlarla qonşuyuq. Onlar bu məğlubiyyəti asanlıqla həzm eləməyəcəklər. Düşmən həmişə düşməndi. Biz, başda Ali Baş Komandanımız olmaq şərti ilə, rəşadətli ordumuzla birgə həmişə güclü olmalıyıq. Hamımız sevimli prezidentimiz cənab İlham Əliyevin, Vitse-prezidentimiz Mehriban xanım Əliyevanın ətrafında sıx birləşməliyik. Atalarımızın belə bir məsəli var: “Hər bir güclü kişinin arxasında güclü bir xanım dayanır. O, ya anadır, ya da güclü həyat yoldaşıdır”. Mehriban xanım cənab Prezidentimizin arxasında özünün böyük, dünyəvi düşüncəsi, müdrikliyi, iti zəkası, ağlı ilə möhkəm dayanıb. Hörmətli Mehriban xanım da, bütövlükdə xalqımız da müharibə dövründə Prezidentimizlə ayaq üstə ayıq-sayıq oldu. Ona inam, güc, qüvvət verdi. Mən Prezidentimizi dahi sərkərdəmiz Şah İsmayıla, Mehriban xanımı isə Taclı bəyimə bənzədirəm. Çünki Taclı bəyim də bütün döyüşlərdə Şah İsmaylın yanında olub. Ona ilham, güc, qüvvət verib. Yaşasın Ali Baş Komandanımız başda olmaqla, generallarımız, əsgərlərimiz, xalqımız.
- Qələbədən sonra Qarabağda gedən bugünki quruculuqla bağlı nə deyə bilərsiniz?
- Həmişə, hər yerdə demişəm ki, dünyanın cənnət məkanı Azərbaycandır. Azərbaycanın cənnəti də Qarabağ və Bakıdır. 44 günlük müharibədən dərhal sonra Ali Baş Komandanımızın sərəncamı ilə Qarabağda quruculuq işlərinə başlanılıb. Yollar, işıq xətləri çəkilir. Körpülər, su elektrik stansiyaları tikilir. Yeni salınacaq kəndlərin, qəsəblərin, şəhərlərin layihələri hazırlanır. Artıq bəzi rayonlarda kəndlərin bərpasına başlanılıb. Füzulidə Aeroportun tikintiçi başa çatıb və ora ilk reys olub. Kəlbəcərdə və Laçında da Aeroportlar tikilir. Qarabağın gözü olan qəhrəman Şuşada böyük quruculuq işləri görülür. Orada “Xarı bülbül” beynəlxalq fesfivalının keçirilməsi ermənilərin ürəyini yandırdı desəm, daha düzgün olar. Bu yaxınlarda Şuşada Molla Pənah Vaqifin möhtəşəm muzeyinin açılması, orada cənab Prezidentimizin və tanınmış sənətkarlarımızın, ədəbiyyat-incəsənət xadimlərimizin çox maraqlı çıxışları yenidən ermənilərə böyük, sağalmaz bir dərd oldu.
Bütün bu çıxışlar dünya səviyyəsində televiziya vasitəsi ilə göstərildi. İndi mənim ən böyük arzum ilk öncə Şuşanı, sonra ata yurdum Laçını və bütün Qarabağı ziyarət etməkdir. Bizim “Milan” Hospitalın bütün işçiləri bu arzu ilə yaşayır ki, Qarabağa gedib, orada “Milan” Hospitalın filialını yaradaq və Qarabağ camaatına yüksək peşəkarlıqla tibbi xidmət göstərək. Həmin Hospitalı da mən öz layihəmlə tikdirmək niyyətindəyəm... Sonda fikrimi bu kəlamla tamamlamaq istəyirəm: “ Dörd xasiyyət insan üçün bədbəxtlikdir- kin, qəzəb, rəhimsizlik, ehtiras”. Uca Tanrı bizi bu naqisliklərdən qorusun. Qoy xalqımız bundan sonra da yumruq kimi bir olsun. Cənab prezidentimiz İlham Əliyevin ətrafında bir daha sıx birləşək ki, tezliklə Qarabağ cənnətməkan bir diyara çevrilsin və bizim Məkkəmiz, Mədinəmiz, böyük ziyarətgahımız, müqəddəs ocağımız olsun!
Ağalar İDRİSOĞLU,
əməkdar incəsənət xadimi
(Xüsusi olaraq "Təzadlar" üçün)
(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb)