Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin kürəkəni və kürəkəninin qardaşının idarəçiliyində olan klinikada yaşananları araşdırarkən ciddi faktlar üzə çıxdı…

Şikayətçi Gülmirə Hüseynova: «Klinikaya 4 gün ərzində 1500 manata yaxın pul ödədik, nəvəmi ölümcül halda qucağıma verib Bakıya göndərdilər, indi direktor Fikrət Əliyev pulumuzu qaytarmır…»

…Cəmiyyət arasında belə bir fikir var ki, Azərbaycanda səhiyyə sahəsində hələ də ciddi islahatlar tələb olunur. Düzdür, günün tələblərinə cavab verən səhiyyə ocaqlarımız və bacarıqlı həkimlərimiz də yetərincədir. Amma bəzən, necə deyərlər, «atın qabağına ət, itin qabağına ot» məsəlində deyildiyi kimi, əcaiblərlə də rastlaşırıq. Təəssüflər olsun ki, yaxşılar hələki olduqca azdır, yaxud, əksinə, peşəkarlara lazımi şərait yaradılmaması üzündən, həmçinin bəzi yerli həkimlərə etibar edilmədiyindən insanlarımız xarici ölkələrə üz tuturlar. Elə söhbət açacağımız Gəncə şəhərində yerləşən “Yeni Gəncə Tibb Mərkəzi”ndə baş verən, lap açıq desək, bəzi qanunsuzluqları, səhiyyə xidmətinin həddindən artıq aşağı səviyyədə olmasını görənlər də, təbii ki, başqa ünvanlara üz tutacaqlar.

***

 Məlumat üçün qeyd edək ki, “Təzadlar”ın Araşdırma Qrupunun layihəsi çərçivəsində, bəzən daxil olan ciddi şikayətləri, göstərilən problemləri yerində araşdırmaq üçün Azərbaycanın bütün bölgələrinə getməli oluruq. Çünki bizə etibar və etimad varsa, biz də bunların doğruldulması üçün əlimizdən gələni etməliyik.

 Hətta elə insanlar da var ki, maddi imkanı aşağı olduğundan Bakıya gəlib redaksiyalara dərdini deyə bilmir... Belə insanların problemini, həmçinin ayrı-ayrı məmurlardan, idarə və müəssisə rəhbərlətindən olan şikayətləri də yeində araşdırmaq və həmin şikayətçiləri dinləmək üçün bir neçə dəfə bölgələrdə olub, yazılar və video çəkilişlər etmişik. Həmin reportajları saytımızda və tezadlarTV-nin efirində yayımlamışıq, müsbət nəticələri də var.

***

 Belə şikayətçilərdən bir qrupu da “Yeni Gəncə Tibb Mərkəzi”ndə çalışan tibb işçiləri və vətəndaşlardır. Bu vicdanlı işçilər klinikada baş verən qanunsuzluqlarla barışmırlar. Ona görə də baş verən hüquqpozmalar barədə məlumatları aidiyyəti ünvanlara çatdırmaq üçün redaksiyamıza şikayət məktubu ünvanlayıblar və bizləri də Klinikaya dəvət ediblər. Biz «Media haqqında» Qanunun tələblərinə uyğun olaraq, əks tərəfi dinləmək, həm də yazılanlarla məhz yerində tanış olmaq üçün iyulun (Şıxlinskayada 4 günlük müalicədən sonra)11-də Gəncə şəhərindəki “Yeni Gəncə Tibb Mərkəzi”nə ezam olunduq.

 Bəli, Tibb Mərkəzinin çox möhtəşəm binası var. İçəridə xəstəxanaya gələnlərin çoxluğunu görəndə Bakıdakı xəstəxanalar göz önünə gəldi.

e

(Baş həkim Mahir Babayev)

 …Beləliklə, əvvəlcə klinikanın Baş həkimi Mahir Babayevlə görüşüb şikayət məktubunu və mənim ezam olunmağım barədə rəsmi məktubu ona təqdim etdim. Elə üz-gözündən oxudum ki, jurnalistlə görüşmək heç də ürəyindən deyil. Eyni zamanda, təəccüb qaldım ki, görüşümüz baş həkimin öz kabinetində yox, təkçarpayılı bir palatada oldu. Təbii ki, bunun səbəbini soruşmalı idim və soruşdum da. Cavabı belə oldu: “Mənim özümün kabinetim yoxdur”.

Necə deyərlər, inanan daşa dönsün...

***

 M.Babayev redaksiyamıza ünvanlanmış şikayəti diqqətlə və axıra qədər oxudu. Sonra hüquqşünas dediyi Mehman adlı şəxsə zəng edib bildirdi ki, “Yanına bir jurnalist gələcək, onu maraqlandıran suallara cavab verərsən… Gör nə istəyir…” və sair.  Dərhal bildirdim ki, ay Mahir müəllim, mən hüquqşünasın yanına niyə getməliyəm? Axı biz yazını hələ dərc etməmişik və ona görə də hüquqşünaslıq hələ işimiz yoxdur.

  Mahir müllim əlavə etdi ki, Mehman müəllim həm də ictimaiyyətlə əlaqələrə cavabdehdir və məni birinci mərtəbədəki 7-ci otaqda gözləyir. Dözməyib yenə də soruşdum ki, Mahir müəllim, bu məktubda baş həkim kimi ünvanınıza səslənən ittihamlara Mehman müəllim cavab verə biləcəkmi? M.Babayev yenə israr etdi ki, ora gedim və Mehman müəllim bütün suallara cavab verəcək, vəssalam!

***

 Aydın məsələ idi ki, baş həkim M.Babayev sadəcə məndən yaxasını qurtarmaq istəyirdi. Çünki şikayət məktubunda ona hədəflənən suallar və sorğular yetərincə idi. Göstərişə əməl edərək, birinci mərtəbədəki 7-ci otağın qapısını döyüb içəri daxil oldum. İçəridə oturan şəxsdən soruşdum ki, Mehman müəllim sizsiniz?

Sonra aramızda belə bir dialoq oldu:

-Bəli mənəm…

-Siz xəstəxanın hüquqşunasısınız?

-Yox. Mən xəstəxanada Təhlükəsizlik Xidmətinin rəisiyəm.

İstər-istəməz soruşdum:

-Qəribədir, Təhlükəsizlik Xidməti rəisinin jurnalistlə nə işi ola bilər?

Sualdan məmnun kimi dedi:

-Bilirsiniz, Baş həkim bildirdi ki, mən sizi qəbul edim və sizi maraqlandıran suallara cavab verim…

-Hörmətli Mehman müəllim, mən sizə heç bir məlumat və suallar vermək iqtidarında deyiləm…  Çünki siz tamam başqa sahəyə cavabdehsiniz. Ona görə də xahiş edirəm, baş həkimə çatdırın ki, mən jurnalist olaraq sizinlə danışmaqdan imtina edirəm.

 Mehman müəllim məni doğru anladı:

-Əlbəttə, çox düz deyirsiniz və bu sizin haqqınızdır…

e

 Bundan sonra Mehman müəllim baş həkimlə mobil telefonla əlaqə saxladı və oradan nə cavab verildisə, məndən bir müddət gözləməyimi xahiş etdi. Eyni zamanda bildirdim ki, xəstəxananın baş direktoru ilə də görüşmək istəyirəm.

 Yenə də bir müddət gözləmək lazım olduğunu bildirdi. Amma gözlədiyim bu müddətdə Mehman müəllimlə çox maraqlı söhbətimiz alındı. Məlum oldu ki, uzun müddət polis orqanlarında xidmət edib, sonra iş yerini Yanğından Mühafizə Xidmətinə dəyişib və oradan da təqaüdə çıxıb.

«Sizin qəzeti həmişə izləmişəm, çox obyektiv və qərəzsiz qəzet kimi tanıyıram…»

 Mehman müəllimlə həmsöhbət oluram. Deyir:

- “Təzadlar” qəzetini çox yaxşı tanıyıram. Qəzetin  redaksiya heyətinin üzvləri olmuş Bəxtiyar Vahabzadəyə, Məmməd Araza, Nurəddin Rzayevə Allah rəhmət eləsin. Sizin qəzeti həmişə izləmişəm, çox obyektiv və qərəzsiz qəzet kimi tanıyıram…

***

 Açığı, xəstəxanın Təhlükəsizlik Xidmətinin rəisi kimi Mehman müəllimin qəzetimiz haqqında bilgiləri məni xeyli təəccübləndirdi. Eyni zamanda məlum oldu ki, Mehman müəllim ədəbiyyat həvəskarıdır. Hüseyn Cavidin və Məmməd Arazın şeirlərinin, söhbətimizin mövzusuna uyğun olduğu üçün, bəzi bəndlərini nümunə kimi də söylədi. Məmməd Arazdan söylədiyi şeirin bəndlərini tamamlamağa mən də kömək etdim.

 Beləcə, Mehman müəllimlə xəstəxanadan və baş həkimdən olan şikayətdən başqa hər şeydən söhbət etdik. Nəhayət, onun telefonuna zəng gəldi və məlum oldu ki, xəstəxananın baş direktoru, Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyevin kürəkəni olan İlham Əliyevin qardaşı Fikrət Əliyev (Şikayət məktubunda belə yazmışdılar-E.M.) məni gözləyir.

 Beləcə, Baş həkim Mahir Babayevlə birlikdə qəbula getdik. Maraqlıdır ki, katibə Fikrət müəllimdən icazə almayınca, baş həkim qəbul otağında mənimlə bir yerdə xeyli gözləməli oldu. Nəhayət, F.Əliyev bizi qəbul etdi. Özümü yenidən təqdim etdim. Sonra şikayət məktubunu tanış olmaq üçün ona verdim. Əvvəl soruşdu ki, şikayət məktubunun müəllifi kimdir? Bildirdim ki, məktubda hər şey yazılıb. Biləndə ki, məktubda müəllifin adı və imzası yoxdur, dərhal dedi ki, anonim şikayətlər bizi maraqlandırmır. Bu dəfə xahiş etdim ki, «Fikrət müəllim, anonimliyin səbəbi məktubun əvvəllində sitat gətirilmiş «Korrupsiyaya qarşı mübarizə» haqqında Qanunun müvafiq maddəsində açıq-aşkar göstərilib. Oxusanız, görəcəksiniz…».

 Fikrət müəllim dərhal şikayət məktubunu yenidən oxumağa başladı. Adı çəkilən qanunun maddəsini oxuyandan sonra aydın oldu ki, hüquqpozmalar və korrupsiya haqqında məlumatlar lazımi orqanlara anonim də verilə bilər. Bunu oxuyandan sonra F.Əliyev baş həkim M.Babayevə dedi: “Mahir müəllim, sənin işin çoxdur, sən get, öz işinlə məşğul ol… Biz jurnalistlə söhəbtimizi davam edərik…”.

 Beləliklə, F.Əliyev məktubu bir az oxuyan kimi, xəstəxanın hüquqşünası Anar müəllimlə telefon əlaqəsi saxladı. Fikrət müəllim hüquqşünasa bildirdi ki, «“Təzadlar” qəzetinə xəstəxandan daxil olmuş bir anonim şikayət məktubunu araşdırmaq üçün jurnalist yanımdadır…».

 Telefon mikrofona qoşulduğundan danışığı təbii ki, mən də eşidirdim. «Anonim» sözünü eşidən kimi Anar müəllim ona dərhal bildirdi ki, anonim məktublara cavab vermirik.

 Bu zaman Fikrət müəllim məktubda sitat kimi göstərilən «Korrupsiyaya qarşı mübarizə» haqqında qanunun müvafiq maddəsini ona xatırlatdı. Hüquqşünas gözünə döndüyüm də görünür, həmin qanunu yaddan çıxarıbmış deyə, Fikrət müəllimdən xahiş etdi ki, qanun həmin bəndinin şəkilini çəkib ona atsın. Fikrət müəllim belə də etdi… Bir müddət sonra Anar müəllim zəng edib Fikrət müəllimdən xahiş etdi ki, şikayət məktubunun hamısının şəklini çəkib ona göndərsin. Görünür, anonimliyin qorunması haqqında Qanunun 11-2-ci maddəsi hüquqşünas Anar müəllimi əməlli-başlı maraqlandırmışdı. Ona görə də bütün məktubu oxumaq qərarına gəlmişdi.

 Az keçmiş Anar müəllim Fikrət müəllimə telefonda bildirdi ki, biz təkzib haqqında cavab məktubu hazırlamalıyıq. Mən də dərhal danışığa müdaxilə edib Fikrət müəllimə bildirdim ki, Anar müəllimə yazının hələ dərc olunmadığını çatdırsın. Biz yazını əks tərəf kimi sizin rəsmi mövqeyinizlə bir yerdə dərc edəcəyik. Fikrət müəllim də bu məlumatı yenidən ona deyəndən sonra Anar müəllimdən belə bir cavab gəldi:

-Onda məcburuq yazılanlara aydınlıq gətirən cavab məktubu hazırlamalıyıb redaksiyaya göndərək…

Nəhayət, uzun müzakirələrdən sonra şifahi olaraq belə qərara gəldilər ki, məktubda yazılanlar düz deyil, ona görə də onların mütləq rəsmi cavab məktubu olacaq, qəzetdə və ya saytda isə hər ikisi eyni vaxtda dərc olunsun. Məntiqlə belə də olmalı idi, çünki mən məhz əks tərəfin mövqeyni öyrənmək üçün Gəncəyə gəlmişdim.

 ***

Anar müəllimlə telefon söhbətini qurtarandan sonra F.Əliyev mənim jurnalist vəsiqəmi və şəxsiyyət vəsiqəmi istədi. Eyni zamanda redaksiyanın araşdırma yazısının hazırlanması barədə xəstəxana rəhbərliyinə ünvanlanmış rəsmi müraciətinin olub-olmadığını soruşdu. Xəstəxanın baş həkimi Mahir Babayevə ünvanlanmış və jurnalistin peşə fəaliyyətinə şərait yaradılması barədə baş redaktor Asif Mərzilinin rəsmi müraciət məktubunu Fikrət müəllimə təqdim etdim. O da öz növbəsində şikayət məktubunu, jurnalist vəsiqəmi surətlərini çıxarmaq üçün götürdü. Daha sonra sürətini çıxarmaq üçün şəxsiyyət vəsiqəmi də istədi. Təqdim etdim, onun da surətini çıxartmaq istəyəndə etirazımı bildirdim: “Fikrət müəllim, jurnalist vəsiqəmin sürətini çıxara bilərsiniz, amma şəxsiyyət vəsiqəmin sürətinin çıxarılmasına icazə vermirəm. Onu sadəcə, sizə baxıb tanış olmaq üçün verdim”.

Fikrət müəllim təəccüb qarışıq belə bir sual verdi:

-Axı burada qəbahət bir şey yoxdur, şəxsiyyət vəsiqəsinin surətinin çıxarılmasına niyə etiraz edirsiniz?

-Fikrət müəllim, mənim şəxsiyyət vəsiqəmin surəti ilə bankdan kredit götürə bilərlər, cəzasını isə mən çəkmək məcburiyyətində qalaram...

-Axı bu şəxsiyyət vəsiqəsinin surətidir, əsli deyil...

-Fikrət müəllim, üzr istəyirəm, kibercinayətkarlar ayıqdır… Hər şey ola bilər.

 Bundan sonra F.Əliyev daha bir söz demədən şəxsiyyət vəsiqəmi özümə qaytardı və bildirdi ki, qısa müddətdə şikayət məktubuna hərtərəfli cavab veriləcək.

***

Artıq söhbətimizin bitdiyini gördüm və icazə alıb getmək istədiyimi diqqətinə çatdırdım… Bu zaman Fikrət müəllim çox böyük bir jest edərək, bütün dəhliz boyu və xəstəxananın çıxışına qədər məni müşaiyət edərək, sağollaşıb yola saldı. Bu qonaqpərvərliyinə görə Fikrət müəllimə dərin təşəkkürümü ifadə edirəm. Çöldə isə redaksiyanın reportyorları məni gözləyirdi…

***

 Bununla da mənim əks tərəfin mövqeyni öyrənmək üçün Gəncədə yerləşən “Yeni Gəncə Tibb Mərkəzi”nə olan ezamiyyəm başa çatdı. Amma araşdırmam tamamlanmadı. Çünki ortada şikayətçilər var idi, digər əməkdaşımız və reportyorumuzla birlikdə iki gün Gəncədə qalıb onları axtardıq, bəzilərini tapdıq, bəziləri ilə isə telefonla danışdıq…

***

 İndi isə hörmətli oxucuların və aidiyyəti qurumların diqqətinə “Yeni Gəncə Tibb Mərkəzi”nin bir qrup həkimlərinin və şikayətçi vətəndaşların adından redaksiyamıza ünvanladığı şikayət məktubunu kiçik ixtisar və redaktə ilə təqdim edirik.

Məktubdan sonra əks tərəfin bizə göndərdiyi cavab məktubu ilə də tanış olacaqsınız.

«Təzadlar»ın Araşdırma Qrupu

Bakı-Cəncə-Bakı

11.07.2024

***

«Azərbaycan Respublikasının Baş Prokuroru

cənab Kamran Əliyevə

Azərbaycan Respublikasının səhiyyə naziri

Cənab Teymur Musayevə

Azərbacan Respublikası TƏBİB-in

baş direktoru cənab Vüqar Qurbanova

Surəti: «Təzadlar» qəzeti redaksiyasına

Hörmətli cənablar, bu şikayət məktubu ilə öncədən bildirmək istəyirik ki, «Yeni Gəncə Tibb Mərkəzi» özəl tibb müəssisəsində çalışdığımız üçün adımızın  gizli saxlanılmasını məqbul hesab edirik. Belə ki, «Korrupsiya ilə mübarizə haqqında» Azərbaycan Respublikası Qanunun 11-2-ci maddəsində bu barədə konkret göstərilir («Maddə 11-2. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin dövlət müdafiəsi: 11-2.1. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs özü barədə məlumatın açıqlanmasını istəmədiyi halda, səlahiyyətli struktur bölmə, idarə, müəssisə və ya təşkilatın rəhbəri və korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlar onun konfidensiallığını təmin etməlidirlər. Bu məlumat korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin yazılı razılığı olduqda açıqlanır. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin konfidensiallığının pozulmasında təqsiri olan şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar».

 Bildirmək istəyirik ki, «Yeni Gəncə Tibb Mərkəzi» özəl tibb müəssisəsində baş verənlər Azərbaycan səhiyyəsinin adına yaxşı nəsə vəd etmir. Tibb personalımız əvvəllər dövlət xəstəxanasında işləmiş, bir müddətdir Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin təsisçiliyi ilə yaradılmış, özünün birbaşa nəzarətində olan, son iki aydır isə qardaşı Fikrət Əliyevin direktor olduğu (hazırda klinikada bütün işlərə nəzarəti həyata keçirir) «Yeni Gəncə Tibb Mərkəzi» Özəl Tibb Müəssisəsində baş həkim olan Mahir Babayevin fəaliyyətindən artıq bezmişdir. O, baş həkim olmamışdan qabaq bu klinikaya adi anestezioloq kimi gəlmişdi. Gələn kimi oğlu yaşında başqa bir anestezioloq ilə yumruq davasına çıxdı. Mahir Babayev işini qurmaq üçün Çimnaz Əhmədova (kadrlar şöbəsininin müdiri) ilə birləşərək direktor Ülkər Abdullayevanı işdən çıxartdırdı. Bundan sonra Mahir Babayev baş həkim keçdi, Çimnaz isə klinikanı özünəməxsus formada idarə etməyə başladı. O, işçiləri öz prinsipləri ilə işə götürür, işçilərə əsassız olaraq növbələr yazır, istədiyini edir.

e

 Bunu yoxlamaq adi bir məsələdir. Klinikada hər gün bütün şöbələrin baş tibb bacıları iş qrafikini bu xanıma təqdim edir və ancaq onun göstərişindən sonra işçilər növbəyə çıxa bilirlər.

 Mahir Babayev isə baş həkim olandan sonra klinika acı günlərini yaşamağa başladı. Indi də belədir. Məsələ ondadır ki, Ramiz Mehdiyevin zamanında yalnız Mərkəzi Klinikanın Gəncə filialına, bir də «Yeni Gəncə Tibb Mərkəzi» özəl tibb müəssisəsinə doğuş aparılması üçün lisenziya (icazə) verilmişdir. Doğum şöbəsinin 10 çarpayılıq şöbə olmağına baxmayaraq, bu şöbəyə kənardan çoxsaylı ginekoloqlar cəlb edilib, onların hamısı da doğuşlar və əməliyyatlar edirlər. Bu 10 çarpayılıq şöbədə 20 və daha çox xəstə yerləşdirilir. Doğuşa qoşulanların isə bəziləri başqa yerlərdə çalışırlar. Sanki bura sınaq laboratoriyasıdır, pul qazanmaq meydanıdır. Mahir Babayevə irad tutulanda ki, bu boyda xəstəni qəbul etmək üçün normal şərait yaradılmalıdır, onun xoşuna gəlmirdi. Və ona irad tutanlara qarşı Çimnaz Əhmədovanın vasitəsilə təzyiq edirdilər. Bu şöbədə 10 çarpayılıq yerə 20 uşaq yerləşdirilir, biz də qorxurduq ki, uşaqlar dəyişik düşər, sepsisden ölər və bunlar da yenə Mahir Babayevin xoşuna gəlmirdi. Təsəvvür edin, Mahir Babayev özü bir tərəfdə endoskopiyada narkoz verir, bir tərəfdə qeysəriyyə əməliyyatlarına narkoz verir, eyni zamanda da ozonoterapiya və plazmaferezlə məşğuldur. Xahiş edirik, araşdırılsın… Niyə Səhiyyə Nazirliyinin rəsmiləri bu klinikada monitorinq aparmırlar?

 Bir müddətdir ki, neonatologiyaya səriştəsi olmayan insanları işə gətiriblər, gecə-gündüz bunların reklamı ilə məşğuldurlar. Bu şöbədə işin keyfiyyəti isə heç kimi narahat eləmir. Bu şöbənin müdirliyinə isə  dövlət xəstəxanasında pediatr işləmiş (neonatoloq olmadığı halda) Emilya Əliyevanı gətiriblər.   

 Klinikada çoxları bilir ki, şöbə müdiri olan Emiliya Əliyeva 15.06.2024-cü il tarixdə Qazaxdan ikiaylıq olan Əsra Xəlillini müalicə etmək üçün olmayan pediatriya şöbəsinə götürüb və uşaq 3 gündən sonra tələf olmuşdur. Bilmirik, bəlkə də bunu direktor Fikrət Əliyevdən gizlədiblər. Amma məsələ ondadır ki, uşaq ümumi stasionar şöbədə yerləşdirilib və elə orda da ölmüşdür (Redaksiyadan: əməkdaşımız 18.07.2024-cü il tarixdə, 11:27 radələrində uşağın bibisi ilə əlaqə saxladı və fakt təsdiqini tapdı.RED.). Təəssüf ki, əsl günahkarlar hələ də cəzasız qalıb.

 Neonat.baş tibb bacısı var, Nurlana Bayramova, dövlət xəstəxanasındakı Doğum evində tam ştatla işləyir, paralel olaraq «Yeni Gəncə Tibb Mərkəzi» özəl tibb müəssisəsində də baş tibb bacısıdır, bu necə olur, onu araşdırmaq lazımdır. O, necə qeydiyyatdan keçib, bilinmir.

 Klinikanın vicdanlı tibb personalının adından xahiş edirik, bu tibb ocağında baş verənlər diqqətlə araşdırılsın, qanuni tədbirlər görülsün. Biz bu klinikanın adının yüksəlməsini istəyirik.

Hörmətli «Təzadlar» qəzeti. Obyektivliyinizə güvənir və inanırıq ki, Sizin əməkdaşlar məsələni yerində araşdıracaq, qarşı tərəfi dinləyəcək, faktları peşəkarcasına toplayıb araşdırma yazı verəcəksiniz. Bu ümumi işin xeyrinə olacaqdır. Söylədiklərimizi yerində araşdırmaq üçün isə elə də bir problem yoxdur. Belə çıxır, nə qədər ki, Ramiz Mehdiyevin təsir dairəsi çox yerlərə gedib çatır, deməli, vəziyyət belə də olacaq???

Hörmətlə:

«Yeni Gəncə Tibb Mərkəzi»nin bir qrup tibb işçiləri.

İmzamızın qoyulmamasının səbəbini yuxarıda bildirmişik. Biz faktları açıqlayırıq, obyektiv araşdırılması aidiyyəti qurumların və jurnalistlərin ixtiyarındadır.

08.07.2024

Gəncə şəhəri».

 Bu isə «Yeni Gəncə Tibb Mərkəzi»nin rəhbərliyinin media sorğusuna və şikayət məktubuna rəsmi cavabı (məktubun fotosurəti təqdim edilir).

 

a

 Beləliklə, təqdim edilən cavab məktubunun hüquqi mənası budur ki, «İntermedservis» MMC-nin direktoru İlham Əliyevin və klinikaya faktiki rəhbərliyi həyata keçirən Fikrən Əliyevin, eləcə də baş həkim Mahir Babayevin şikayət məktubunu oxuduqdan sonra yazmağa və təkzib etməyə, aydınlıq gətirməyə cavabları olmayıb. Əslində, çox hörmətli Fikrət Əliyevə təşəkkür edirik ki, bu məktubu ilə onu anlatmağa çalışıb ki, jurnalistlərə media qanunvericiliyinin tələblərinə uyğun olaraq şikayət məktubundakı xüsusatları ətraflı araşdırıb məqalə hazırlamalarına tam şərait yaradılıb. Və artıq jurnalistin obyektiv olaraq nə yazacağı mübahisə predmeti deyildir.

e

(L.Şıxlinskaya Klinikasında qısa müalicədən sonra) 

e

(L.Şıxlinskaya Klinikasına göndərilən zaman. Uşaq sapsarıdır)

«…Əsma Həsənzadə 11 iyul 2024-cü il tarixdə «Yeni Gəncə Tibb Mərkəzi»nə qəbul edilib, lakin 4 gün ərzində düzgün müalicə aparılmadığından uşağın vəziyyəti kritik olub, onu təcili olaraq Bakıya -L.Şıxlinski adına klinikaya çatdırıblar…»

 Yazı çapa hazırlanarkən vətəndaş Gülmirə Hüseynova Gəncədən redaksiyamıza telefon edərək əlaqə saxladı. Məlum oldu ki, onun nəvəsi Əsma Həsənzadə 11 iyul 2024-cü il tarixdə «Yeni Gəncə Tibb Mərkəzi»nə qəbul edilib, lakin 4 gün ərzində düzgün müalicə aparılmadığından uşağın vəziyyəti kritik olub, onu təcili olaraq Bakıya-L.Şıxlinski adına klinikaya çatdırıblar. Şikayətçinin dedikləri: «Klinikaya 4 gün ərzində 1500 manata yaxın pul ödədik, nəvəmi ölümcül halda qucağıma verib Bakıya göndərdilər… Sağ olsun, həkim Kamil Şərifov uşağa iki dəfə qan köçürtdürdü və onu ölümdən qaytardı. Bu barədə sosial mediada onun paylaşımı da var. Uşağın əvvəlki və sonrakı şəkillərini də göndərirərəm. Özünüz nəticə çıxarın…».

«Bəs «Yeni Gəncə Tibb Mərkəzi»ndə ödədiyiniz pulunuzu geri qaytara bildinizmi?» sualına Gülmirə Hüseynova belə cavab verdi: «Bu gün klinikanın rəhbəri Fikrət Əliyevin qəbulunda oldum, bizə vurulmuş ziyanın, yəni ödədiyimiz pulun geri qaytarılmasını xahiş etdim. O isə həkimlərin guya düzgün müalicə apardığını dedi. Dedim, bəs necə düzgün müalicə aparılmışdır ki, uşağı ölümcül halda mənə verdiniz ki, apar Bakıya?! Uşaq hazırda Şıxlinski klinikada müalicə alır və ölümdən qayıdıb, yaxşılaşır… Şöbə müdiri Emilya Əliyeva isə bir dəfə də olsun uşağın vəziyyəti ilə maraqlanmadı…».

Gülmirə Hüseynova baş verənlərlə bağlı TezadlarTV-yə açıqlama verəcəyini və Baş Prokurorluğa, eləcə də Səhiyyə Nazirliyinə şikayət edəcəyini bildirdi…

***

 …Yazının yayımlanma ərəfəsində 15.06.2024-cü il tarixdə Qazaxdan olan ikiaylıq Əsra Xəlillinin müalicə edilməsi üçün klinikada olmayan pediatriya şöbəsinə qəbul edilməsi, lakin 3 gündən sonra tələf olması ilə bağlı onun qohumları ilə də əlaqə saxladıq. Uşağın bibisi dərin kədər içində faktı təsdiqlədi…

P.P.S. Əməkdaşlarımız Gəncədə araşdırmalarını davam etdirərkən klinkada başqa bir maraqlı faktı da eşidiblər: məlum olur ki, bir müddət əvvəl Ləman Rzayeva (Şəmkirdəndir) və Ləman Əliyeva adlı iki ana eyni gündə uşaq dünyaya gətirmişlər. Birinin uşağı 2500 qr, o birininki isə 4000 qr. olmuşdur. Lakin şöbə o qədər darısqal və basabas olmuşdur ki, evə yazılan zaman uşaqları səhv təhvil veriblər, sonra valideynlər bunu bilib öz uşaqlarına sahib olublar. Bu fakt nə dərəcədə dəqiqdir, deyə bilmərik, lakin təəssüflər olsun, bu məsələyə aydınlıq gətirmək üçün əməkdaşlarımız baş həkim Mahir Babayevlə təkrarən əlaqə saxlamaq istəyiblər, lakin klinikadan bildirilib ki, Mahir Babayev bu vəzifədən çıxarılıb. Həmin analarla isə əlaqə saxladıq və…

-Bəs digər şikayətçilər nələri dedilər?

(Davamı var)

Mövzuya qayıdılacaq…

«Təzadlar»ın Araşdırma Qrupu

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN