Azərbaycan Respublikasının Baş Prokurorluğunda 2021-ci ildə fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyətinə həsr olunmuş Geniş Kollegiya iclası keçirilmişdir...
Yanvarın 24-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə prokurorluq orqanları tərəfindən 2021-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş Geniş Kollegiya iclası keçirilmişdir. Baş Prokurorluğun Mətbuat Xidmətindən "Təzadlar"a verilən məlumata görə, tədbirdən öncə Baş Prokurorluğun rəhbərliyi ulu öndər Heydər Əliyevin Baş Prokurorluğun inzibati binasındakı büstü önünə əklil və gül dəstələri qoymuş, unudulmaz xatirəsini ehtiramla yad etmişlər.
Kollegiya iclasında ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, qazilərə şəfa dilənmişdir.
İclasda giriş nitqi ilə çıxış edən Baş prokuror Kamran Əliyev diqqətə çatdırmışdır ki, müstəqil Azərbaycan dövlətinin banisi və xilaskarı, müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik ənənələrinin müzəffər davamçısı, tarixin ən qüdrətli Azərbaycanının yaradıcısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə milli inkişaf konsepsiyasının müasir çağırışlara müvafiq surətdə uğurla, inamla həyata keçirilməsi ölkəmizin növbəti onilliklər üçün tərəqqisini və qələbələrini təmin etmişdir.
Qeyd edilmişdir ki, tariximizə və dövlətçiliyimizə qızıl hərflərlə yazılan, milli qürur və ləyaqət hissini bərpa edən böyük Zəfər regionumuzda yeni geosiyasi reallıqlar yaratmaqla Ölkə başçısının rəhbərliyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə gerçəkləşən misli görünməmiş sürətli bərpa-quruculuq işləri Qarabağ və Şərqi Zəngəzura əzəli-əbədi sakinlərinin Qayıdışının təməlini qoymuşdur.
Qarabağın tacı Şuşa şəhərində keçirilmiş tarixi-mədəni əhəmiyyətli tədbirlər, Zəfər yolu, Füzuli Beynəlxalq Hava Limanı və digər çoxsaylı obyektlərin istifadəyə verilməklə yenilərinin təməlinin atılması “Şuşa ili”ndə mədəniyyət paytaxtımızı əvvəlki şöhrəti və əzəmətinə qaytaracağı ifadə edilmişdir.
Qeyd edilmişdir ki, düşmənin vandallığına məruz qalmış şəhər və kəndlərimizin həyata qaytarılması istiqamətində müasir yol-nəqliyyat infrastrukturunun qurulması, “ağıllı kənd” layihələrinin icrası, sənaye parklarının və digər layihələrin təməlqoyma mərasimləri ölkəmizin sosial-iqtisadi inkişafının əsaslarının daha da möhkəmləndirilməsinə xidmət etməklə bölgədə yeni mərhələnin başlanmasına, sabitliyin və təhlükəsizliyin inkişafına şərait yaratmışdır.
Regionun geosiyasi mənzərəsini dəyişən Azərbaycan dövləti və xalqı üçün əlamətdar olan bir gündə - iyunun 15-də Şuşa şəhərində imzalanan Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik haqqında müstəsna siyasi və tarixi əhəmiyyətə malik Bəyannamənin Qarabağ zəfərindən sonra qazanılan növbəti tarixi uğur olmaqla yanaşı iki dost və qardaş ölkə arasında mövcud əlaqələri və əməkdaşlığı yeni strateji müttəfiqlik səviyyəsinə yüksəltdiyi diqqətə çatdırılmışdır.
Xüsusi vurğulanmışdır ki, şəhid ailələri və müharibə iştirakçıları Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müstəsna qayğısı ilə əhatə olunmuş, onların sosial müdafiəsi sistemli və ardıcıl xarakter daşımaqla yeni evlərin və avtomobillərin verilməsi, həmçinin “YAŞAT” fondunun həyata keçirdiyi tədbirlər xüsusi əhəmiyyətə malik olmuşdur.
2021-ci ilin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi Vətən Müharibəsi Zəfərinin məntiqi davamı olaraq xarici siyasətdə uğurlarla yanaşı, ölkə daxili nailiyyətlərlə zəngin olduğu, bütün sahələrdə dinamik inkişaf tempinin müşahidə edilməklə iqtisadi artımın 5 faizdən çox olması, həmçinin qeyri-neft iqtisadiyyatı və sənaye istehsalının yüksəlməklə valyuta ehtiyatlarımızın 2,5 milyard dollar artması fonunda müstəqillik tariximizin ən böyük büdcəsinin qəbul olunması xüsusi qeyd edilmişdir.
Ölkəmizin həm regional, həm də dünya miqyasında artan rolunun və bilavasitə Prezident İlham Əliyevə göstərilən yüksək diqqətin və hörmətin bariz nümunəsi olaraq Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü çərçivəsində dövlət başçısının Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi aparılan uğurlu siyasi kursun alternativsizliyini bir daha nümayiş etdirdiyi bildirilmişdir.
Qeyd edilmişdir ki, bir sıra ölkələrdə koronavirus pandemiyasının təsirindən yaranmış dərin maliyyə böhranına baxmayaraq ölkəmizdə pandemiya tam nəzarət altına alınmaqla uğurlu vaksinasiya prosesi aparılmış, həyata keçirilən düşünülmüş sistemli islahatlar ciddi sosial-iqtisadi tədbirlərin gerçəkləşdirilməsinə imkan yaratmışdır.
Xüsusi vurğulanmışdır ki, ölkəmizin beynəlxalq miqyasda söz və nüfuz sahibi olmasına, həmçinin Respublikamızda sosial yönümlü siyasətin reallaşdırılmasına, insanları narahat edən problemlərin aradan qaldırılmasına, bütövlükdə həyata keçirilən hərtərəfli islahatlara və görülən böyük işlərə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın genişmiqyaslı nəcib və fədakar fəaliyyəti misilsiz töhfələr verməkdədir.
Kollegiya iclasında qeyd edilmişdir ki, prokurorluq orqanları daim möhtərəm cənab Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunmaqla hesabat dövründə ölkə başçısının Baş Prokurorluğun yeni inzibati bina kompleksinin açılışında iştirakı, qurumun maddi-texniki bazasının möhkəmləndirilməsi, elmi-texniki nailiyyətlərdən istifadə etməklə fəaliyyətdə səmərəliliyinin artırılması işində müstəsna önəmə malik 7 may 2021-ci il tarixli Fərmanı, Qubadlı, Kəlbəcər və Ağdam Hərbi prokurorluqlarının yaradılması, həmçinin bir qrup əməkdaşa ali xüsusi rütbələrin verilməsi göstərilən etimadla yanaşı prokurorluq orqanlarının fəaliyyətinin ən müasir tələblər səviyyəsində təkmilləşdirilməsi, infrastrukturunun yaxşılaşdırılması istiqamətində islahatların ardıcıllığını nümayiş etdirmişdir.
Həyata keçirilən kompleks və ardıcıl tədbirlərin davamı kimi 14 mənzilli yaşayış kompleksinin istifadəyə verilməklə prokurorluq əməkdaşları və veteranlardan ibarət kooperativ üzvlərinin güzəştli şərtlərlə mənzillərlə təmin edilməsinin ölkə başçısının dəstəyi ilə prokurorluq orqanları əməkdaşlarının və veteranlarının sosial müdafiəsinin gücləndirilməsində xüsusi əhəmiyyətə malik olduğu bildirilmişdir.
Hesabat məruzəsində qeyd edilmişdir ki, 2021-ci il Azərbaycan Respublikası Prokurorluğu orqanları üçün də uğurlu dövr olmuş, daxili işlər, dövlət təhlükəsizliyi və digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə ölkədə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin həyata keçirilməsi təmin olunmuşdur.
Ümumilikdə, cinayətkarlığın dinamikasında və strukturunda müşahidə olunan əvvəlki hesabat ilinin müsbət göstəricilərinin 2021-ci ildə də davam etdiyi, əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə qeydə alınmış 31.131 cinayətin 87,3%-nin açılması təmin olunmaqla bu cinayətlərin 94,2%-nin prokurorluq və daxili işlər orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər təşkil etdiyi bildirilmişdir.
2020-ci illə müqayisədə prokurorluq, daxili işlər və dövlət təhlükəsizlik orqanları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində şəxsiyyət əleyhinə olan cinayətlər, o cümlədən qəsdən adam öldürmələr, adam öldürməyə cəhdlər, qəsdən sağlamlığa az ağır zərər vurmalar, həmçinin oğurluq və soyğunçuluq cinayətlərinin sayı azalmış, ötən illərdən bağlı qalmış 332 cinayətin açılması təmin edilərək, 268 cinayətkar qrup zərərsizləşdirilmişdir.
Hesabat dövründə prokurorluq orqanları tərəfindən 1301 şəxs barəsində 970 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq məhkəmələrə göndərilmiş, bu müddətdə prokurorluq və müvafiq icra hakimiyyəti orqanlarının istintaq qurumlarında qeydə alınmış cinayət işləri üzrə ümumilikdə 206 milyon 257 min manat məbləğində maddi ziyanın ödənilməsinə nail olunmuşdur.
Kollegiya iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Vətən müharibəsində qazanılmış tarixi qələbənin birinci ildönümü münasibətilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş “8 noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarın prokurorluq orqanları tərəfindən təxirəsalınmadan və düzgün icrasının təmin edildiyi diqqətə çatdırılmaqla hesabat dövründə ümumilikdə 10943 şəxs barəsində amnistiya tətbiq edildiyi, hazırda da bu istiqamətdə işlərin intensiv qaydada davam etdirildiyi bildirilmişdir.
Qeyd edilmişdir ki, Prezident cənab İlham Əliyevin siyasi fəaliyyətinin prioritet istiqamətlərindən olan korrupsiyaya, rüşvətxorluğa qarşı barışmaz mübarizə ötən dövrlərdə olduğu kimi davam etdirilərək korrupsiyaya qarşı mübarizədə ixtisaslaşmış cinayət təqibi orqanı olan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 493 şəxs barəsində 301 cinayət işinin ibtidai istintaqı tamamlanmaqla 466 şəxs barəsində 274 cinayət işi baxılması üçün məhkəmələrə göndərilmişdir.
Hesabat dövründə cinayət işləri üzrə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi məqsədilə Baş idarə tərəfindən istintaqı başa çatdırılmış cinayət işləri üzrə 39 milyon 285 min manat məbləğində ziyanın ödənilməsi təmin edilmiş, həmçinin cinayət qanunvericiliyinin tələblərinə əsasən təqsirləndirilən şəxslər tərəfindən dövlət büdcəsinə 2 milyon 195 min manat ödənilməklə 101 milyon 373 min manat dəyərində əmlak üzərinə həbs qoyulmuşdur.
2021-ci il ərzində 161 saylı “Qaynar xətt” əlaqə mərkəzi vasitəsi ilə korrupsiya hüquqpozmaları barədə Baş idarəyə daxil olmuş müraciətlərin 67-si üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanmış, digərləri üzrə prokuror təsir tədbiri aktlarından istifadə edilməklə aidiyyəti qurumlarla əlaqəli şəkildə qabaqlayıcı tədbirlərin görülməsi təmin edilmişdir.
Bu müddət ərzində Baş İdarənin əməliyyat qurumları öz vəzifələrini uğurla icra etmiş, keçirilən əməliyyat tədbirləri nəticəsində 73 şəxs cinayət başında yaxalanmış, əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında isə 118 cinayət işi başlanmışdır.
Dövlət başçısı cənab İlham Əliyevin bir neçə gün öncə yerli televiziya kanallarına müsahibəsində qeyd etdiyi “heç kim bu məsuliyyətdən boyun qaçıra bilməz, heç kim qanundan üstün deyil, qanun qarşısında hamı bərabərdir, heç kimin əvvəlki xidmətləri nəzərə alınmayacaq” fikirlərinə uyğun olaraq prokurorluq orqanları tərəfindən ölkəmizdə həyata keçirilən quruculuq işlərinə, sosial, iqtisadi və siyasi sahədə aparılan islahatlara kölgə salan, habelə əhalinin haqlı narazılığına səbəb olan neqativ təzahürlərə qarşı daha ciddi mübarizə aparılması istiqamətində sistemli, ardıcıl və qətiyyətli mübarizə tədbirlərinin davam etdiriləcəyi xüsusi vurğulanmışdır.
Hesabat dövründə Respublika Hərbi Prokurorluğu orqanları tərəfindən Ali Baş Komandan cənab İlham Əliyevin ordu quruculuğu sahəsində tapşırıqlarının icrası ilə əlaqədar Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər qurumlarla birlikdə görülmüş işlər nəticəsində hərbi intizamın möhkəmləndirildiyi, cinayətkarlığın və digər hüquqazidd əməllərin qarşısının alındığı, ümumilikdə qurumun fəaliyyətini post-müharibə dövrünün tələblərinə uyğun qurmaqla ordu quruculuğunun davam etdiyi yeni mərhələdə zəruri tədbirlərin həyata keçirildiyi qeyd edilmişdir.
Hesabat dövründə hərbi prokurorluq orqanları tərəfindən 1846 cinayət hadisəsi qeydə alınmışdır ki, onlardan 530-u korrupsiya cinayətləri ilə bağlı olmuşdur. Qeyd edilən dövr ərzində hərbi prokurorluq orqanları tərəfindən korrupsiya cinayətləri üzrə 110 şəxs barəsində 85 cinayət işinin istintaqı yekunlaşdırılaraq baxılması üçün aidiyyəti üzrə hərbi məhkəmələrə göndərilmişdir.
Diqqətə çatdırılmışdır ki, qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən azərbaycanlılara qarşı törədilmiş sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətləri ilə əlaqədar Hərbi Prokurorluqda istintaq edilən cinayət işi üzrə bu günə kimi 297 şəxs barəsində Cinayət Məcəlləsinin 103-cü (soyqırım), 113-cü (işgəncə), 115-ci (müharibə qanunlarını və adətlərini pozma), 116-cı (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və s. maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə qərarları çıxarılaraq axtarışları elan edilmişdir.
Bundan əlavə, Ermənistan Respublikasının vətəndaşları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin ibtidai istintaqı tamamlanaraq aidiyyəti üzrə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilmişdir.
Hazırda Azərbaycan Respublikasının ərazilərində qanunsuz fəaliyyət göstərmiş erməni separatçı rejiminin silahlı hərbi birləşmələri və Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə, habelə müharibə və digər cinayətlərin araşdırılması ilə bağlı yaradılmış birgə istintaq-əməliyyat qrupu tərəfindən cinayət hadisələrinin araşdırılması, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şübhəli olan şəxslərin müəyyən edilməsi, sübutların toplanılması və təqsirləndirilən şəxs qismində cəlb olunması yönündə işlər davam etdirilir.
2021-ci ildə Naxçıvan Muxtar Respublikası prokurorluğu tərəfindən cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə sahəsində müsbət göstəricilər əldə edilmiş, istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətinə nəzarət artırılmış, vətəndaşların müraciətlərinə baxılması, onların problemlərinin həll olunması diqqət mərkəzində saxlanılmışdır.
Hesabat dövründə Baş Prokurorluğun İstintaq idarəsində 328 cinayət işinin ibtidai istintaqı aparılmaqla 120 şəxs barəsində 96 cinayət işinin istintaqı tamamlanmışdır. Tamamlanmış işlərdən 118 şəxs barəsində 64 cinayət işi mahiyyəti üzrə baxılması üçün məhkəmələrə göndərilmiş, bunlardan 24 şəxs barəsində 17 iş qəsdən adam öldürmə faktları ilə bağlı olmuşdur.
Hesabat dövründə cinayət işləri üzrə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi məqsədilə İstintaq idarəsi tərəfindən istintaqı başa çatdırılmış cinayət işləri üzrə 67 milyon 165 min manat məbləğində ziyanın ödənilməsi təmin edilmiş, həmçinin cinayət qanunvericiliyinin tələblərinə əsasən təqsirləndirilən şəxslər tərəfindən dövlət büdcəsinə 45 milyon 190 min manat ödənilməklə 21 milyon 975 min manat dəyərində əmlak üzərinə həbs qoyulmuşdur.
Qeyd olunmuşdur ki, hesabat dövründə əvvəlki illərdən, eləcə də hesabat dövründə qeydə alınmaqla bağlı qalmış 8 cinayət işinin açılması təmin edilmiş və onlardan 5 iş üzrə ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilmiş, 3 iş üzrə isə hazırda istintaq davam etdirilir.
2021-ci ildə də intihar və intihara cəhd hadisələrinin minimuma endirilməsi məqsədilə zəruri tədbirlər görülmüş, bu sahədə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi ilə əlaqədar Baş Prokurorluğun təşkilatçılığı, çoxsaylı dövlət qurumları və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə 23 iyun 2021-ci il tarixdə yüksək səviyyəli konfrans keçirilməklə qurumlararası İşçi qrup yaradılmışdır. Hazırda İşçi qrup tərəfindən 2021-2025-ci illər üzrə təsdiq olunmuş Fəaliyyət Planına uyğun olaraq müvafiq işlərin görülməsi təmin edilir.
Hesabat dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarətin səmərəliliyinin artırılması, təhlillərin aparılması, eləcə də mövcud vəziyyətin dəyərləndirilərək müvafiq təkliflərin təqdim edilməsi məqsədilə İşçi qrup yaradılmaqla aidiyyəti dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə fəaliyyət göstərilmişdir.
Bundan başqa, qaz sızması və partlayışı, dəm qazı ölümü və sağlamlığa zərər vurulması hallarının qarşısının alınması istiqamətində Ədliyyə Nazirliyində yaradılmış İşçi qrupda Baş Prokurorluğun nümayəndələrinin iştirakı təmin edilməklə aidiyyəti normativ hüquqi aktlarda zəruri dəyişikliklərin edilməsi ilə əlaqədar 8 layihə hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilmişdir.
Bildirilmişdir ki, əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanlarında ibtidai istintaqı aparılmış cinayət işləri üzrə icraata xitam verilməsinə dair 846, icraatın dayandırılması haqqında 889 qərarın əsassız və qanunsuz hesab edilərək ləğv olunması, həmçinin 767 iş üzrə yazılı göstərişlərin verilməsi prokurorluq tərəfindən həyata keçirilən ibtidai araşdırmaya prosessual nəzarətin səmərəliliyinin göstəricisi olmuşdur.
Hesabat dövründə dövlət ittihamının müdafiəsi diqqət mərkəzində saxlanılmaqla ümumilikdə ötən il ərzində birinci instansiya məhkəmələrində 17698 şəxs barəsində 15199, apelyasiya instansiyası məhkəmələrində 4781 şəxs barəsində 4100, kassasiya və əlavə kassasiya instansiyası məhkəməsində 1984 şəxs barəsində 1766 (bütün instansiya məhkəmələri üzrə cəmi 24463 şəxs barəsində 21065 iş olmaqla) cinayət işi və məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara baxılaraq yekun qərarlar qəbul edilmişdir.
2021-ci ildə cinayət təqibindən kənar icraatlar üzrə nəzarət tədbirləri ilə əlaqədar 21 xəbərdarlıq, 43 təqdimat verilərək, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşgul olma, vergiləri, sığorta haqlarını ödəməkdən yayınma, ekoloji hüquq pozmalar və s. inzibati xətalara dair daxil olmuş məlumatlardan 131-nin baxılması üçün məhkəmələrə və dövlət orqanlarına göndərildiyi, törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatlar üzrə 45 cinayət işinin başlanaraq, uşaqların hüquqlarının qorunması istiqamətində valideyn hüquqlarının məhdudlaşdırılmasına dair məhkəmələrdə 12 mülki iddia qaldırıldığı qeyd edilmişdir.
Bildirilmişdir ki, ötən il ərzində xüsusi müsadirənin həyata keçirilməsi istiqamətində aktivlərin aşkar edilməsi və izlənməsi sahəsində görülən tədbirlərlə təqsirləndirilən şəxslərə məxsus 227 daşınmaz əmlak, 83 torpaq sahəsi, 314 nəqliyyat vasitəsi, müxtəlif banklarda 51 kart hesabı və 22 cari hesab müəyyən edilməklə faktiki olaraq təqsirləndirilən şəxslərə məxsus 109 nəqliyyat vasitəsi və 12 daşınmaz əmlak aşkar edilmişdir.
Eyni zamanda, xarici ölkələrdə yerləşən əmlakların müsadirə edilməsi məqsədilə zəruri tədbirlərin görülməsinə başlanılmaqla 26-29 aprel tarixlərində Belçika Krallığında keçirilmiş Aktivlərin Bərpası üzrə Kemden Qurumlararası Şəbəkəsinin (CARIN) İdarəetmə qrupunun Ümumi İllik Yığıncağında Azərbaycan Respublikası şəbəkəyə müşahidəçi qismində üzv qəbul olunmuşdur.
Bu istiqamətdə görülən işlərin davamı olaraq tezliklə Avropa İttifaqına üzv ölkələrin dövlət təsisatlarının mütərəqqi təcrübəsi öyrənilməsi məqsədilə Litva Respublikasının Xüsusi İstintaq Xidməti tərəfindən “Azərbaycanda əmlakların bərpası və idarə edilməsi sistemində islahatlara dəstək” adlı “Twinning” layihəsinin həyata keçirilməsinə başlanılacağı qeyd edilmişdir.
Hesabat dövründə koronavirus pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq prokurorluq orqanlarının beynəlxalq nüfuzunun artırılması istiqamətində xarici ölkələrin müvafiq orqanları və beynəlxalq təşkilatlarla əlaqələrin möhkəmləndiyi, bu müddətdə Rusiya Federasiyası Baş prokurorunun və Türkiyə Respublikası Ali Məhkəməsi Baş prokurorunun rəhbərlik etdikləri nümayəndə heyətlərinin ölkəmizə işgüzar səfərləri zamanı onların Ölkə Başçısı cənab İlham Əliyev tərəfindən qəbul edilmələri ikitərəfli əlaqələrin yeni müstəvidə davam etdirilməsinə hərtərəfli zəmin yaratdığı bildirilmişdir.
Xüsusi vurğulanmışdır ki, ötən ilin 1 noyabr tarixində Bakı şəhərində keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurasının ilk iclasında Şuranın Əsasnaməsinin imzalanmaqla təsis edilməsi türkdilli ölkələr arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafına yeni impuls verməklə əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə yüksəlməsinə xidmət edəcəkdir.
Qurumun xarici tərəfdaşlarla səmərəli əməkdaşlığının təzahürü olaraq ağır və xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilən və ədalət mühakiməsindən yayınmaqla xaricdə gizlənən 32 şəxsin tutularaq ölkəmizə ekstradisiyasının həyata keçirildiyi qeyd edilmişdir.
Prokurorluq orqanlarında tədrisin təşkili fəaliyyətinin qabaqcıl beynəlxalq təcrübə əsasında müasirləşdirilməsini təmin etmək məqsədilə hesabat dövründə Baş Prokurorluğun Elm-Tədris Mərkəzi ilə Türkiyə Respublikası Ədliyyə Akademiyası, Qazaxıstan Respublikasının Baş Prokurorluğu yanında Hüquq-mühafizə orqanlarının Akademiyası, Belarus Respublikası İstintaq Komitəsinin “İxtisasartırma və yenidən hazırlıq institutu” təhsil müəssisəsi, həmçinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi, Dövlət Gömrük Komitəsinin Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında əməkdaşlığa dair memorandumlar imzalandığı bildirilmişdir.
Bununla yanaşı diqqətə çatdırılmışdır ki, korrupsiyaya qarşı mübarizə, dövlət qulluğu və özəl sektorda dürüstlük, etik dilemmalar, onların həlli yolları, düzgün davranış, əməl edilməli olan əsas etik prinsiplər və sair məsələlərlə bağlı tədris və peşə hazırlığının həyata keçirilməsi məqsədilə yaradılmış Baş prokuror yanında Elmi-Məsləhət Şurasının Anti-korrupsiya Təlim Mərkəzi bu sahədə mütəxəssislərin peşəkarlığının artırılmasına xidmət edəcəkdir.
Kollegiya iclasında ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinə uyğun olaraq prokurorluq orqanlarının hərtərəfli biliyə və yüksək mənəvi keyfiyyətlərə malik, dövlətçilik ideyalarına sədaqətləri ilə seçilən gənc mütəxəssislər hesabına komplektləşdirilməsi istiqamətində ötən il işə qəbul olunmaq arzusunda olan şəxslər üçün keçirilmiş 22-ci müsabiqənin nəticəsinə görə 100 namizədin müvəffəqiyyət qazanaraq müvafiq vəzifələrə təyin olunduğu, həmçinin 23-cü müsabiqə üzrə müvəffəqiyyət qazanmış 83 namizədin icbari təlimə cəlb olunduğu bildirilmişdir.
Prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi istiqamətində ciddi tədbirlərin görülməsi, bütün struktur qurumlarda möhkəm nizam-intizam şəraitinin yaradılması, aşkar olunan hər hansı nöqsan və çatışmazlıqlara qarşı prinsipiallıq mövqeyindən yanaşılmaqla müvafiq nəticələrin çıxarılması 2021-ci ildə də əsas vəzifələrdən biri kimi diqqət mərkəzində saxlanılmışdır.
Belə ki, hesabat dövründə xidməti fəaliyyətində yol verdikləri nöqsanlara görə 52 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilmiş, onlardan 2-i prokurorluq orqanlarından xaric edilmiş, 5 nəfər vəzifədən azad edilmiş, 30 nəfərə töhmət və ya şiddətli töhmət, 15 nəfərə isə irad intizam tənbehi tədbiri tətbiq edilmişdir.
Hesabat dövründə prokurorluq orqanlarına daxil olmuş ərizə və şikayətlərə vaxtında və düzgün baxılması, müxtəlif sahələr üzrə müraciət etmiş vətəndaşlara hüquqlarının hərtərəfli və tam izah edilməsi məqsədilə müraciətlərin 9477-nin tam, 3060-nin isə qismən təmin olunması, həmçinin Baş Prokurorluğun “Çağrı Mərkəzi”nə daxil olmuş müraciətlərdən 380-nin cinayət xarakterli məlumat kimi araşdırılması vətəndaş məmnunluğunun təmin olunması üzrə həyata keçirilən tədbirlərin nəticəsi kimi qiymətləndirilmişdir.
Kollegiya iclasında fəaliyyətdə səmərəliliyin artırılması, işğaldan azad edilmiş rayonların prokurorluqlarının peşəkar kadrlarla komplektləşdirilməsi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş, itkin düşmüş və əlil olmuş şəxslərin ailə üzvlərinin, yaxın qohumlarının hər bir müraciətinə xüsusi diqqət və həssaslıqla yanaşılması, artım tendensiyası müşahidə edilən cinayətlərin qarşısının alınması, bağlı qalan bütün cinayətlər üzrə təqsirli şəxslərin müəyyən edilməsi, istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət və prosessual rəhbərliyin keyfiyyətinin artırılması və digər istiqamətlərdə konkret tapşırıqlar verilmişdir.
Daha sonra Baş prokurorun birinci müavini Elçin Məmmədov, Baş prokurorun müavini-Azərbaycan Respublikasının Hərbi prokuroru Xanlar Vəliyev, Baş prokurorun müavinləri Elmar Camalov və Heydər Məmmədov, Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov, Naxçıvan Muxtar Respublikasının prokuroru Səbuhi Şahverdiyev, Gəncə şəhər prokuroru Azad Qarayev və Füzuli rayon prokuroru Elnur Rüstəmov hesabat dövründə görülmüş işlərə və qarşıda duran vəzifələrə dair mövzuda çıxışlar etmiş, həmçinin iclasın digər iştirakçıları tərəfindən müzakirələrlə bağlı fikir mübadiləsi aparılmışdır.
Kollegiya iclasına yekun vuran Baş prokuror prokurorluq orqanlarının kollektivi adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi əmin etmişdir ki, Azərbaycan Respublikası Prokurorluğunun kollektivi bundan sonra da dövlətçiliyimizin maraqlarının, ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlığın qorunması, insan hüquq və azadlıqlarının müdafiəsi və qanun pozuntularına qarşı mübarizənin gücləndirilməsi sahəsində zəruri tədbirlərin görülməsini təmin edəcəkdir.
İclasdan sonra Baş prokurorun birinci müavinin sədrliyi, Baş prokurorun müavinlərinin, idarə, şöbə rəislərinin, tabe şəhər, rayon və ərazi hərbi prokurorlarının iştirakı ilə keçirilmiş seminar-məşğələdə rayon prokurorlarının xidməti fəaliyyətləri zamanı üzləşdikləri praktiki çətinliklər, cinayət təqibinin həyata keçirilməsi prosesində meydana çıxan hüquqi kolliziyalar və prokurorluğun fəaliyyət istiqamətləri üzrə səmərəliliyin artırılması ilə əlaqədar sahəvi idarələrlə birlikdə müzakirələr aparılmaqla Baş prokurora təqdim edilməsi üçün müvafiq təkliflərin hazırlanması məqsədəmüvafiq hesab edilmişdir.
Təqdim etdi: A.Məmmədli