"HƏRBİ-SİYASİ GÜCÜN ARXASINDA GÜCLÜ İQTİSADİYYATIN OLMASI ƏSAS ŞƏRTLƏRDƏNDİR, ONA GÖRƏ DƏ..."
Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyev "Təzadlar"ın suallarını cavablandırır.
- Son zamanlar KİV-lər, o cümlədən siyasi ekspertlər tərəfindən belə bir fikir səsləndirilir ki, Rusiya prezindenti son çıxışlarında dolayısı ilə SSRİ-ni bərpa edir. Sizcə, bu ideya reallaşa bilərmi?
- Əvvəla, qeyd edim ki, SSRİ ideoloji əsaslarla formalaşmışdı, ali məqsəd isə kommunizm qurmaq idi. İqtisadiyyatı mərkəzləşmiş, dövlət tərəfindən tənzimlənən, mülkiyyəti isə dövlətin nəzdində olan bir dövlət quruluşu idi. O vaxtlar Moskva sosializm-kommunizm ideyası ilə öz siyasi nüfuz dairəsini genişlədirirdi. İndi isə ABŞ demokratiya ideyası ilə dünyanı öz nüfuzu altına almaq istəyir. Həyat göstərdi ki, müxtəlif ideyalar müəyyən dövrlərdə özünü doğrultsa da, nəticə iqtisadi maraqlarla ölçülür. Qloballaşan müasir dünyamızda isə dölətlərarası münasibətlər iqtisadi maraqlar üzərində tənzimlənməkdədir.
ABŞ dünyada super dövlətdir, bu baxımdan, ABŞ dünyanı bir qütblü olması üçün dövlətləri demokratiya ideyası əsasında öz inhisarına almaq üçün hərbi və maliyyə rıçaqlarından da istifadə etməkdədir. Təbii olaraq Rusiya ABŞ-ın bu iddiasını qəbul edə bilməz və buna uyğun adekvat tədbirlər görür.
ABŞ-ın Rusiyaya əsas təzyiq mexanizmi iqtisadi-maliyyə sanksiyaları ilə bağlıdır. Amerika Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti (SWIFT) vasitəsilə nəinki Rusiyanı, o cümlədən sözünə baxmayan dövlətlərə, şirkətlərə sanksiya tətbiq etmək imkanlarından istifadə etməkdədir. Eyni zamanda, ABŞ dollarının dünya valyutası kimi dövriyyədə olması dünya dövlətlərinə təzyiq imkanlarını bir qədər də genişləndirir. Əslində, SWIFT siyasətə qoşulmayacağını iddia etsə də, faktiki olaraq ABŞ-ın artan təzyiqi qarşısında bitərəf qala bilmir. ABŞ-ın alətinə çevrilməsi isə bu sistemə olan inamı azaldır.
Rusiya buna görə dollara alternativ tapmaq istəyir, eyni zamanda SWIFT ödəniş sistemlərinə də alternativ yaratmağı planlaşdırmalıdır. Rusiya da super dövlətdir, o hərbi gücü ilə təkbaşına NATO blokuna qarşı duruş gətirə biləcək imkanlarına malikdir. Amma bu, yetərli deyil. Hərbi-siyasi gücün arxasında güclü iqtisadiyyatın olması əsas şərtlərdəndir, ona görə də bu gün Rusiyanın qurmaq istədiyi budur. Bildiyiniz kimi, Rusiya Avrasiya İqtisadi Birliyinin güclənməsində maraqlıdır, bu birliyin əhatə dairəsinin genişlənməsində maraqlıdır və bu istiqamətdə ciddi işlər görməkdədir. SWIFT və dolların təzyiq sferasından qurtarmaq üçün yeni ödəniş sisteminin və AİB məkanında yeni valyutanın olmasını və yaratmağı düşünür.
"Rusiya prezindenti SSRİ-ni bərpa edir" kimi fikirlər ABŞ-dan gələn fikirdir. Bu yaxınlarda ABŞ dövlət katibi Entoni Blinken CNN-ə açıqlamasında "Rusiya prezidentinin hədəfləri SSRİ-nin bir hissəsi olmuş ölkələr üzərində təsir dairəsini bərpa etməkdir. Bu, qəbuledilməzdir" deyib. Bundan başqa, SSRİ-nin dağılmasının 30-cu ildönümü ərəfəsində ABŞ Dövlət Departamentinin sədr müavini Viktoriya Nuland Senatda bəyan etdi ki, Vladimir Putin Sovet İttifaqını bərpa etməklə tarixə düşmək istəyir.
- Qeyd edirsiniz ki, Avrasiya İqtisadi Birliyi məkanını genişləndirmək istəyir, bu məkana yeni hansı dövlətlərin qoşulmasını ehtimal edirsiniz?
- Dünyanın bir çox dövlərləri ABŞ-ın hədələri və təzyiqləri ilə üzləşir. Məsələn, Çin, İran, Türkiyə, Şimal axını-2” layihəsi və s. Hansı dövlət, şirkət və ya şəxslər ABŞ iqtisadi-siyasi maraqlarına, tələblərinə uyğunlaşmır, bu halda dövlət, şirkət və ya şəxslər iqtisadi-maliyyə sanksiyaları ilə hədələnir, çox hallarda da sanksiyalara məruz qalırlar. Bildiyiniz kimi, Rusiya bir çox dövlətlərlə ticarət əlaqələrində ödəniş kimi iki tərəfin valyutası ilə ödəniş aparılması ilə bağlı müqavilələr bağlayıb və bu dövlətlərin sayını artırmaqdadır.
Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanla Türkiyənin AİB-ə daxil olmasına mane olurdu. Hesab edirəm ki, Ermənistanla böyük sülhün imzalanmasından sonra Azərbaycanla yanaşı, Türkiyəni də AİB-ə dəvət edəcəklər. Bundan başqa, Çin, İran və Hindistanın da AİB-ə daxıl olması ehtimalı böyükdür.
E.ŞİRİNOV