...Ukraynadakı mübaribə enerji və ərzaq böhranını da özü ilə gətirir. Dünya liderlərinin çərşənbə axşamı Nyu-Yorkda başlayan BMT Baş Assambleyasındakı görüşünün əsas müzakirə mövzularından biri də məhz elə budur. Euronews-un paylaşdığı xəbərə əsasən, 6 gün davam edəcək və 193 üzv ölkənin liderlərinin dəvət olunduğu görüşdə müzakirələr iqlim dəyişikliyi və Rusiyanın Ukraynaya təcavüzündən sonra baş verən böyük geosiyası parçalanmalar kimi mövzuları əhatə edəcək.
Görüşün açılış çıxışını edən BMT Baş Katibi Antonio Queterreş dünyanın hal hazırda üzləşdiyi və üzləşməyə davam edəcəyi problemlərə toxunub. “Gəlin illüziyalara qapılmayaq. Qlobal narazılığın tüğyan edəcəyi qış üfüqdədir. Yaşayış böhranı tüğyan edir, inam çökür, bərabərsizliklər artır və planetimiz yanır” deyə baş katib bildirib. “Mövcud vəziyyətdə insanlar ən həssas ağrılarla sınanırlar. Birləşmiş Millətlər Təşkilatının nizamnaməsi və onun təmsil etdiyi ideallar təhlükə altındadır. Biz fəaliyyət göstərməyə borcluyuq, amma buna baxmayaraq, böyük qlobal disfunksiya içərisindəyik” deyə əlavə edib. Queterreş zəngin ölkələri qalıq yanacaq şirkətlərinin gözlənilməz gəlirlərinə vergi qoymağa və bu pulları iqlim dəyişikliklərindən əziyyət çəkən dövlətlərə və yaşayış böhranı ilə mübarizə aparan insanlara kömək etmək üçün istifadə etməyə çağırıb. “Bu vəsaitlər iki istiqamətə yönləndirilməlidir: iqlim böhranı nəticəsində itki verən və zərər çəkən ölkələrə və ərzaq və enerji qiymətlərinin artması ilə mübarizə aparan insanlara”.
Nərminə Hacıyeva,
"Təzadlar"ın xüsusi müxbiri