Gürcüstanda yaşayan İran vətəndaşları parlamentin qarşısında iranlı qadınlara dəstək aksiyası keçiriblər.
Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, aksiya iştirakçıları İranda xüsusi təyinatlı polis bölmələrinin küçədə hicab taxmaq istəməyən qadınlara qarşı təzyiq göstərdiklərini bildiriblər. Onların sözlərinə görə, İranda bir çox qadın hicab taxmaq istəmir və hicab İran xalqının mədəniyyəti deyil. Aksiya iştirakçıları əraziyə “Qadına azadlıq!”, "İslam Respublikasına yox!”, “Qətllərə son qoyulsun, anaların həbsinə son qoyulsun!” yazıları olan pankartlar gətiriblər. Qeyd edək ki, parlamentin qarşısındankı aksiyaya gürcüstanlı ictimai fəallar və "Utanç" hərəkatıda qoşulub.
Qeyd edək ki, bir neçə gün öncə İranın əxlaq polisi tərəfindən 22 yaşlı Məhsa Əmininin hicabla bağlı saxlanılmasından sonra onun ölümü, ölkənin bir sıra şəhərlərində etirazlarla qarşılanıb. Polis qızın infarktdan öldüyünü bildirir, ailəsi isə onun səhhətində, xüsusən də ürək-damar sistemində heç bir problem olmadığını iddia edir. İranlı sosial şəbəkə istifadəçiləri isə onun boğularaq öldürüldüyünü deyirlər.
Eləcə də İranın bir çox yerlərindən yayılan videogörüntülərdə qadınların hicab və ya çarşabdan istifadə etmədikləri aydın hiss olunur. Ölkənin bütün ərazilərində polis nəzarəti gücləndirilib.
A.Məmmədli