Özbəkistan prezidenti Şavkat Mirziyoyevin bir neçə gün əvvəl vəzifədən uzaqlaşdırdığı Daşkənd hakimi (mer) Cahongir Artıkxocayevə paytaxt məclisi adından minnətdarlıq edilib.
Özbəkistan KİV-nin məlumatına görə, Daşkənd Xalq Deputatları Şurası özünün Telegram kanalında şəhərin inkişafına verdiyi töhfəyə və dəstəyə görə Şuranın keçmiş rəhbəri, paytaxtın istefaya göndərilən meri Cahongir Artıkxocayevə minnətdarlığını bildirib, lakin post sonradan silinib...
“Hörmətli Cahongir Abidoviç Artıkxocayev. Sizə, 2019-2023-cü illərdə Şuranın sədri kimi fəaliyyətiniz zamanı Daşkənd şəhər Xalq Deputatları Şurasının deputatlarına göstərdiyiniz dəstəyə görə minnətdarlığımızı bildiririk”, - deyə müraciətdə bildirilir.
Həmçinin vurğulanır ki, “Deputatların sizin təklifləriniz əsasında işləməsi sayəsində, əsasən də imkansız ailələrin vəziyyəti ilə maraqlandıqlarına görə xalqın deputatlara olan etimadının artması xüsusilə diqqətəlayiqdir”.
Sonda müraciətdə deyilir: “Daşkənd şəhərimizin çiçəklənməsi naminə verdiyiniz töhfəyə və yorulmaz fəaliyyətinizə görə Daşkənd şəhər xalq deputatları Sovetinin deputatları adından Sizə minnətdarlığımızı bildiririk".
Paylaşımı isə Daşkənd Hakimliyinin mətbuat xidmətinin videoçarxı müşayiət edib ki, bu videoda Cahongir Artıkxocayevin vətəndaşların bir neçə saatlıq qəbulundan çəkilmiş kadrlar göstərilir. Hakimlikdən bildirilir ki, bu qəbullar gecə saatlarına qədər davam edib, sakinlərin əksəriyyətinin problemləri həll olunub. Kadrlarda insanların göz yaşları ilə hakimə necə təşəkkür etdiyi görünür.
Xatırladaq ki, Özbəkistan prezidenti Şavkat Mirziyoyev yanvarın 16-da enerji böhranı ilə bağlı keçirilən müşavirədə Daşkəndin hakimi (meri -red) Cahongir Artıkxocayevi paytaxtın elektrik enerjisi və qazla təmin edilməsində yaranmış böhran fonunda işdən çıxardığını açıqlayıb.
“Niyə paytaxtda belə hal baş verir? Niyə əvvəlcədən hazırlaşmadıq? Bu barədə bu qədər danışmağımıza baxmayaraq, Nazirlər Kabinetinin məsul şəxsləri hara baxırdılar sualı mənə əzab verir. Bununla əlaqədar olaraq, əvvəlcədən qiymətləndirmə aparılmadan qış mövsümünə hazırlıq aparılmadığı üçün Daşkəndin hakimi Cahongir Artıkxocayevi vəzifəsindən azad etdim”, - prezident bildirib.
“Dünən qərargahda onu vəzifəsindən uzaqlaşdırdım. Boş sözərə, yalan hesabata, aşağı enmədiyinə görə, bu insafsızın ayağı yerdən üzülsün deyə onu işdən çıxartdım”, - deyə vurğulayıb.
Şavkat Mirziyoyev, həmçinin Özbəkistanın DTX-na və Baş Prokurorluğuna işdən çıxarılan məmurların fəaliyyətinin araşdırılmasını və qanun pozuntuları aşkar edilərsə, onların məsuliyyətə cəlb olunmasını da tapşırıb.
JASMİN