Qanunsuz və ədalətsiz qərar qəbul edən hakimlərin cəzalandırılması digərlərinə dərs olmaq üçündür...
belə ki, ABŞ dövlət katibi Entoni Blinken Gürcüstanın məhkəmə sistemində yüksək vəzifələr tutan 4 məmura qarşı sanksiyaların tətbiq edildiyini açıqlayıb. Tezadlar.az CNN-ə istinadla bildirir ki, Blinken sözügedən şəxslərin korrupsiya fəaliyyətində iştirak etdikləri üçün sanksiyalarla üzləşdiklərini bildirib. Sanskiyalara məruz qalan hakimlər bunlardır: Mixeil Çinçaladze, Levan Murusidze, İrakli Şengeliya və Valerian Tsertsvadze.
Blinken bildirib ki, bunlar məhkəmə sədrləri və Ali Ədliyyə Şurasının üzvü kimi öz vəzifələrindən sui-istifadə edərək, qanunun aliliyinə və Gürcüstanın məhkəmə sisteminə olan ictimai etimada zərbə vurublar: “Amerika Birləşmiş Ştatları demokratiyanın və qanunun aliliyinin möhkəmləndirilməsində Gürcüstan vətəndaşlarına dəstəyini davam etdirir və vəzifəsindən şəxsi maraqları üçün sui-istifadə edənlərin cavabdehlik daşımasını təmin etməyə davam edəcək".
Tezadlar.az xatırladır ki, sanksiyalara məruz qalmış şəxslər və ailə üzvlərinin Amerika Birləşmiş Ştatlarına daxil olmaları da qadağan edilib.
Azərbaycanda da belə, hətta daha sərt sanksiyalara məruz qalmalı hakimlər var. Onların adları ictimaiyyətə bəllidir. "Məhkəmə karuseli" yaradaraq iş adamlarının, sadə vətəndaşların hüquqlarını korrupsiya əməlinə tabe edən belə hakimlər Azərbaycan dövlətinin adından qərar qəbul edirlər. Sonradan isə bu qərarlar Avropa Məhkəməsinə gedib çıxır, nəticədə Azərbaycan dövləti bu hakimlərə görə cərimələr ödəməli olur.
A.Məmmədli