Qırğızıstan xüsusi xidmət orqanları dövlət çevrilişinə cəhddə şübhəli bilinən 30-dan çox şəxsi saxlayıb.

 Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin mətbuat xidməti bu barədə məlumat yayıb.

“Kütləvi iğtişaşlar və hakimiyyətin sonradan zorakılıqla ələ keçirilməsi məqsədilə itaətsizlik aksiyaları təşkil etməyi planlaşdıran şəxslər saxlanılıb”, - məlumatda deyilir.

 Qurumdan qeyd edilib ki, ümumilikdə sui-qəsdçilər qrupuna yüzdən çox adam daxildir. Onlardan 30-dan çoxu saxlanılıb. 

Xüsusi əməliyyatın əsas mərhələsi Bişkekin özəl sektorunda baş tutub. Bu əməliyyatı silahlı təhlükəsizlik qüvvələri həyata keçirib.

Bildirilir ki, daxil olan məlumatlar və toplanmış audio və video materiallar əsasında cinayət işi başlanılıb, iş çərçivəsində məhkəmənin sanksiyasına uyğun kompleks xüsusi istintaq hərəkətləri həyata keçirilib.

“Bu cinayətkar qrup il ərzində məqsədyönlü şəkildə öz sıralarına tərəfdarlar toplayıb və ölkə üzrə ən narazı vətəndaşları sıralarına cəlb edib. Təşkilatçısı və ideoloji ilhamvericisi vətəndaş fəalı və “Eldik Keneş” siyasi partiyasının sədri N.R.S (Roza Nurmatova-red) olub.

Onun rəhbərliyi ilə mütəmadi olaraq hakimiyyətin zorla ələ keçirilməsi planlarının müzakirəsi ilə əlaqədar şəxslərin dövlət strukturlarına qarşı təlqin edilməsinə yönəlmiş görüşlər keçirilirdi”, - qeyd edilib.

Həmçinin “Məlumat var ki, yaxın vaxtlarda təşkilati məsələlərin maliyyələşdirilməsi və əsas funksionerlərə maaşların ödənilməsi üçün xarici mənbələrdən pul alınması gözlənilirdi. Sui-qəsdçilər hər hansı insidentlə bağlı cəmiyyətdə narazılıq yaranandan dərhal sonra öz cinayətkar planlarının həyata keçirilməsinin aktiv mərhələsinə başlamaq niyyətində idilər”, - deyə dövlət komitəsi qeyd edib.

Əlavə olunub ki, Roza Nurmatovanın əsas tərəfdaşları əməllərini etiraf da ediblər.

Onların cinayət niyyətlərini təsdiq edən maddi sübutlar götürülüb. Saxlanılan şəxslərin hamısı MTN-in müvəqqəti saxlama təcridxanasına yerləşdirilib

Qeyd edək ki, əməliyyatın təfərrüatları açıqlanmayıb.

***

 

Bəs Roza Nurmatova kimdir?

Qırğızıstan KİV-nin açıq mənbələrə istinadən yaydığı məlumata görə, Roza Nurmatovanın 64 yaşı var. 2011-ci ildə Qırğızıstan prezidentliyinə namizəd Kamçıbek Taşiyevin səlahiyyətli nümayəndəsi olub.

Mətbuatda yayılan məlumatlara görə, Roza Nurmatova uzun müddətdir ki, müxalifətdədir. O, Sadır Japarovun tərəfdarlarının qərargahına rəhbərlik edib.

"Eldik Keneş" partiyasının sədri də "Kumtor" layihəsinin milliləşdirilməsinin tərəfdarı olub. O, “Kumtor"da dövlətin maraqlarını qoruya bilməyən” deputatları sərt şəkildə tənqid edib.

Həmin dövrdə o, mitinqdə iştirak edib, ondan sonra Sadır Japarov, Kamçıbek Taşiyev və Talant Mamıtov saxlanılıb. Kamçıbek Taşiyevin müdafiəsində isə fəal çıxış edib.

Onun əvvəllər dövlət aparatında sosial şöbəsinin müdiri vəzifəsində çalışdığı da məlum olub.

Roza Nurmatova artıq 13 ildir ki, partiya sədri kimi fəaliyyət göstərib. Belə ki, Nurmatova rəhbərlik etdiyi “Eldik Keneş” partiyasını 2010-cu ildə yaradıb.

 

 JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN