"Vilnüs sammitində çox aydın bir mesaj verildi ki, Gürcüstan və Ukrayna üçün qapılar açıqdır.
Müttəfiqlər Gürcüstanın NATO-ya üzv olmasını istəyirlər". Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu sözləri ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan, NATO-nun Vilnüs sammitini şərh edərkən deyib. Onun sözlərinə görə, Gürcüstan alyansa daxil olmaq üçün lazımi islahatlar aparmalıdır.“Gürcüstanın atacağı addımlar aydındır, lazımi islahatları həyata keçirmək Gürcüstanın əlindədir. Bunlar mahiyyətcə Avropa İttifaqına üzvlük üçün tələb olunan eyni islahatlardır. Məhkəmə sisteminin təkmilləşdirilməsi, demokratik təsisatlarının təkmilləşdirilməsi istiqamətində islahatlar aparılır ki, bu da Gürcüstanın həm hərbi imkanlara, həm də siyasi demokratik sabitliyə malik olması, NATO masasında oturması üçün vacibdir. Vilnüsdən verilən açıq mesaj ondan ibarət idi ki, qapı Gürcüstan üçün açıqdır və müttəfiqlər Gürcüstanın alyansa üzv olmasını istəyirlər. Rusiyanın Ukraynadakı müharibəsi sammitin mərkəzi mövzusu idi. Biz sammitdə Ukraynaya dəstəklə bağlı, Gürcüstan və Moldovanın suverenliyi və ərazi bütövlüyünə dəstəklə bağlı müttəfiqlərin vahid mövqeyini gördük. Müttəfiqlər baş verənlərin qəbuledilməz olduğunu, bütün dövlətlərin öz ərazi bütövlüyünü müdafiə etməli və öz təhlükəsizlik ittifaqlarını seçə bilməli olduğunu açıq şəkildə bildirdilər. Gürcüstan NATO-ya üzv olmağı seçib və lazımi islahatları həyata keçirən kimi NATO Gürcüstanı üzv kimi qəbul edəcək",- deyə Deqnan vurğulayıb.