Bayden: "HƏMAS kimi terrorçuların və Putin kimi tiranların qalib gəlməsinə imkan verə bilmərik."

ABŞ prezidenti Co Bayden bu gün, oktyabrın 20-də xalqa televiziya ilə müraciətində deyib ki, HƏMAS-la Rusiya prezidenti Vladimir Putin  “qonşudakı demokratiyanı tamamilə məhv etməyə” çalışır və Amerika terrorçuların və tiranların qalib gəlməsinə imkan verə bilməz.

Qeyd edək ki, bu müraciət, HƏMAS-ın İsrailə hücumuna və Rusiyanın Ukraynaya qarşı müharibəsinə həsr olunub. Müraciətin mətni Ağ Evin saytında dərc olunub.

Baydenin sözlərinə görə, HƏMAS və Rusiya prezidenti Vladimir Putin müxtəlif cür təhdidlər yaradır, lakin onları “qonşu demokratiyanı tamamilə məhv etmək” istəyi birləşdirir.

 “HƏMAS-ın mövcudluğunun məqsədi İsrail dövlətini məhv etmək və yəhudi xalqını qətlə yetirməkdir. Bu arada, Putin Ukraynanın nə zamansa və hazırda əsl dövlətçiliyə malik olduğunu inkar edir. O, Ukraynanı Sovet İttifaqının yaratdığını iddia edir.

Və cəmi iki həftə əvvəl o, dünyaya bəyan etmişdi ki, ABŞ və müttəfiqlərimiz gedərsə, Ukraynanın mövcudluğuna bir həftə qalacaq”, - deyə Bayden bildirib.

Onun iddiasına görə,  münaqişələr amerikalılar üçün uzaq görünsə də, İsrail və Ukraynanın uğurunun təmin edilməsi Amerikanın milli təhlükəsizliyi üçün “həyati vacibdir”.

 “Tarix bizə öyrətdi ki, terrorçular terrorlarının, diktatorlar təcavüzlərinin əvəzini ödəmədikdə, daha çox xaosa, ölümə və dağıntılara səbəb olurlar. Onlar buna davam edir, Amerika və dünya üçün təhdidlər də artır”, - deyə prezident bildirib.

Bayden izah edib ki, müttəfiqlər də, düşmənlər  də ABŞ-ın cavabını izləyir və Amerika Putinə Ukraynanı müstəqillikdən məhrum etməyə icazə verərsə, “dünyadakı potensial təcavüzkarlar da eyni şeyi etməyə cəhd göstərəcəklər”.

 Amerika prezidenti hesab edir ki, münaqişələr bütün dünyaya, məsələn, Sakit okean regionunda və xüsusən də Yaxın Şərqdə yayıla bilər.

Bu səbəbdən Bayden bildirib ki, o, Ukrayna, İsrail və ABŞ-ın digər müttəfiqlərinə kömək üçün maliyyə ayrılması üçün Konqresə təcili sorğu göndərməyi planlaşdırır.

“Biz HƏMAS kimi terrorçuların və Putin kimi tiranların qalib gəlməsinə imkan verə bilmərik və verməyəcəyik.  Mən buna imkan verməkdən imtina edirəm”, - prezident vurğulayıb.

Amerika liderinin sözlərinə görə, o, İsrailə 2001-ci il sentyabrın 11-dən sonra ABŞ-ın buraxdığı səhvləri təkrarlamaması barədə xəbərdarlıq da edib.

“Mən İsrail hökumətinə xəbərdarlıq etdim ki, qəzəbdən kor olmasın. Və burada, Amerikada, gəlin kim olduğumuzu unutmayaq. İstər müsəlmanlara, istər yəhudilərə, istərsə də başqalarına qarşı nifrətin istənilən formasını, hər hansı təzahürünü rədd edirik”, - mesajını verib.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN