...Əbdürrəhman Vəzirov 92 yaşında dünyasını dəyişdi. Dünyadan və siyasətdən bixəbərsizlər haqqında ağlına gələni yazır... Bu, insanların bəzilərinin hay-küy burulğanındakı savadsızlığının və həyata baxışındakı naşılığının bariz nümunəsidir... 
Mən 1989-90-cı illər hadisələrinin və mitinqlərin, tətillərin episentrində olanlardanam. Bəli, xalq azadlıq istəyirdi, amma bunun açarının SSRİ-nin dağılmasında olduğunu hələ bilmirdi. Hamı, elə içi mən qarışıq, hər gün mitinqlərə gedib Vəzirovun istefasını, sonra Ayaz Mütəllibovun... istefasını tələb edirdik. Mediada yazılanlardan bəlli olur ki, Vəzirov sonadək Bakıya qoşun yeridilməsinin əleyhinə olub, Moskva indi Qazaxıstanda olduğu kimi, bildiyini edibdir... Halbuki Vəzirov 1-ci katib idi və o vaxt istəsəydi bəzi fəalları həbs etdirib içəri salmağı ilə və polisin, Daxili qoşunların sayəsində hakimiyyətini qoruya bilərdi... Bunu Ayaz Mütəllibov da 1992-ci ilin mart və mayında etməmişdi... Gəlin buna zıiflik deyək, amma öləndən sonra ölüyə və bizlərə yaraşmayan ifadələri kənara qoyaq... 
***
Aşağıda politoloq Nəsimi Məmmədlinin Vəzirov haqqında yazdığı bir xatirə yazısını təqdim edirəm:
-...1988-ci ilin oktyabr ayı idi. Axşamçağı Yasamal bazarına “gavalı qurusu” almağa getmişdim. Ən çox xoşladığım çərəzlərdən biri kimi tələbə təqaüdümü alanda hər dəfə bazardan gavalı qurusu alırdım.
Bazardan çıxanda qarşılaşdığım ortayaşlı, adi səliqəli geyimdə olan adam çox tanış gəldiyindən anidən dayandım və diqqətlə ona baxmağa başladım. Gözlərimə inanmırdım, bu, o ola bilməzdi. O da mənim təəcüblə baxdığımı görüb, gülümsəyərək, köhnə tanış kimi səmimi salam verdi.
Artıq tərəddüdə yer qalmamışdı. Bu, Azərbaycan Kommunist Partiyasının 1-ci katıbi Əbdürrəhman Vəzirov idi.
Bazarda seyrəklik olduğuna görə uzaqda dayanıb maraqla onu izləyirdim. O, müxtəlif piştaxtalara yaxınlaşır və gerçəkdən bazarlıq edirdi.
Sonra çölə çıxıb yaşıl rəngli “Moskviç-412” maşınının sükanı arxasında əyləşdi və bazardan uzaqlaşdı.
Onu kənardan kiminsə izləməsini öyrənmək üçün ətrafa diqqətlə baxırdım. Amma onu qoruyan heç kimi görmədim. Bəlkə də çox peşəkarlıqla qoruyurdular, lakin, kimisə görmək mümkün olmadı.
Xalq hərəkatının universitetdəki fəallarından biri kimi mübarizə illərində ən çox hədəfimdə olan rəhbər şəxs Vəzirov olub. Ona qarşı ən sərt üsullarla mübarizənin tərəfdarı olmuşam. Bütün neqativ məsələlərdə onu təqsirkar görürdüm. 18 yanvar 1990-cı ildən qanlı yanvar gecəsinə kimi Bakı küçələrindəki barrikadalarda dayanıb onun istefasına nail olmağa çalışırdım. 21 yaşlı dəliqanlı tələbə-gənc olaraq elə bilirdim ki, Vəzirov getsə xoşbəxt olacağıq. Problemlərimiz həll olunacaq. Erməni məsələsi onunla bitəcək.
Heç demə daha ağır günlərimiz, illərimiz, faciələrimiz, çox pis idarəçilərimiz hələ qarşıda imiş.
Sonrakılarla müqayisədə (Elçibəy istisnadır) Vəzirova qarşı haqsız düşündüyümü və fəaliyyətdə olduğumu anlamışdım. Amma çox gec idi. Şəxsən tanıdığım yüzlərlə fəal insan da indi onun barəsində məhz mənim kimi düşünür.
Vəzirovun çağdaş tariximizdə bağışlanmaz səhvləri oldu və buna görə onu bağışlamadıq. Amma ondan sonrakıları daha dəhşətli səhvlərlə, xəyanətlərlə bağışladıq. Ölkəyə gətirdik, hörmət göstərdik, bəzilərinə itaət etdik.
Zaman uzaqlaşdıqca Vəzirov da çağdaş tariximizdə öz obyektiv qiymətini mütləq alacaq.
Azərbaycanın ən ziddiyyətli və mürəkkəb siyasi tarixində ölkəyə qısa müddətli rəhbərlik edən Vəzirovun yazdığı bu kitab da onun hərtərəfli portretini yaratmağa yetərli deyil.
Vəzirov tipik sovet insanı idi. Öz ideologiyasına inanan və sədaqətlə ona bağlı olan, rüşvətə və korrupsiyaya bulaşmayan, regionçuluq və klançılıqdan uzaq olan rəhbər idi. Əslində heç pis idarəçi də deyildi. Zamanın tektonik siyasi olaylarının qurbanı oldu...
Azərbaycan SSR-nin 1988-1990-cı illərdə rəhbəri olmuş Əbdürrəhman Vəzirov bu gün 91 yaşında Moskvada vəfat edib.
Allah rəhmət etsin!
*** 
...Tarix olanlara görə tarixdir, yazılanlara və deyilənlərə görə yox...
Asif MƏRZİLİ
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN