İrəvanda ağır atletika üzrə keçirilən Avropa çempionatında Azərbaycanın dövlət bayrağının Paşinyanın da gözü qarşısında yandırılması bu ölkənin nə qədər rəzil olduğunu bir daha ortaya qoyub...
Artıq beynəlxalq siyasi və idman təşkilatları bu biabırçı hərəkəti qınayıb, sərt bəyanatlar veriblər... Bu barbar aktı ilə bağlı Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA)n kəskin bəyanatı da dünyaya səs salıb. AİJA-nın Prezidenti Eldar İsmayılov "Təzadlar"a bildirdi ki, Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AİPS) öz qitə seksiyaları ilə birlikdə Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) yaydığı kəsgin bəyanatı öz rəsmi saytlarının manşetinə çıxararaq dünyaya yayıb, eyni zamanda 167 ölkənin milli idman jurnalistləri təşkilatına və 20 000-ə yaxın AİPS üzvünün elektron ünvanına göndərib. Sitat: "...Bəyanatda İrəvanda keçirilən Ağır Atletika üzrə Avropa Çempionatının açılış mərasimi zamanı bayrağımıza qarşı törədilmiş barbarlıq aktı kəsgin şəkildə pislənib. Avropa İdman Mətbuatı İttifaqı (AİPS Europe) AİJA-nın bəyanatına sosial şəbəkələrdəki rəsmi səhifələrində geniş yer verməklə özü də bu hadisəni pisləyən bəyanatla çıxış edib".
Xatırladırıq ki, Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AİPS) dünyanın ən qocaman və nüfuzlu jurnalist təşkilatı kimi tanınır. Gələn il yaradıldığı Paris şəhərində özünün 100 illiyini təntənə ilə qeyd edəcək. AİPS 4 kontinentin, 167 ölkənin milli idman jurnalistləri təşkilatını öz ətrafında birləşdirir. AİJA bu qurumun Azərbaycanda yeganə rəsmi təmsilçisidir. AİJA-nın birinci vitse-prezidenti Nərgiz Mahmudzadə AIPS Europe İcraiyyə Komitəsinin üzvü və bütün sosial media hesablarının moderatorudur. AİJA-nın bəyanatına Malta, Ukrayna və digər ölkələrin AIPS üzvü olan təşkilatları da rəsmi saytlarında və sosial şəbəkə hesablarında yer veriblər.
***
Bəli, Ermənistanın siyasi rəhbərliyi rəzil olduğunu bir daha dünyaya göstərdi. Hansı ki, Bakıda keçirilən bir sıra idman yarışlarında Azərbaycan tərəfi bu ölkənin idmançılarına nəzakət nümayiş etdirib, onların təhlükəsizliyinə təminat verib.
A.Məmmədli