"Əsl futbol bayramı yaşayacağıq. Avropa çempionatını səbirsizliklə gözləyirdik. Əslində ötən il olmalı idi, amma pandemiya səbəbindən bir il təxirə salındı".

"Report"un məlumatına görə, bu fikirləri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov "Anadolu" agentliyinə açıqlamasında AVRO-2020-nin Bakıda keçiriləcək oyunları barədə danışarkən deyib.

Milli assosiasiya rəsmisi xatırladıb ki, matçların oynanılacağı Bakı Olimpiya Stadionuna arenanın ümumi tutumunun 50 faizi qədər azarkeş buraxılacaq: "Bu, koronavirusla bağlı ölkədəki vəziyyətin yaxşı olduğunu göstərir. Bakı oyunlara tam hazırdır və fanatları gözləyir".

Məmmədov tərəfdarların Azərbaycan paytaxtındakı qarşılaşmalara böyük maraq göstərdiklərini vurğulayıb: "Türkiyə millisinin ilk görüşünə 20 min bilet satılıb. Hər oyun üçün 32 min bilet satışı nəzərdə tutulub. Son günlərdə satışın artacağını düşünürəm. Qardaş Türkiyə azarkeşlərini səbirsizliklə gözləyirik".

İcraçı vitse-prezident azərbaycanlı azarkeşlərin də "ay-ulduzlular"ı dəstəkləyəcəyini söyləyib: "Coğrafi baxımdan türkiyəli fanatların Bakıya gəlməsi daha rahatdır. Çünki iki ölkə arasında gündə 5 uçuş təşkil olunur. Bunun özü də böyük üstünlükdür. Uels və İsveçrədən uçanlar ya xüsusi, ya da tranzit reyslə gəlməlidir. Amma qardaş Türkiyə azarkeşləri 2,5 - 3 saatlıq uçuşla Bakıya gələ biləcəklər".

Qeyd edək ki,Türkiyə millisi Avropa çempionatında ilk oyununu iyunun 11-də Romada İtaliyaya qarşı keçirəcək. "Ay-ulduzlular" daha sonra Bakı Olimpiya Stadionunda Uelslə iyunun 16-da və İsveçrə ilə iyunun 20-də A qrupunun digər iki görüşünə çıxacaq.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN