booked.net booked.net  

Nəhayət, Fransada prezident seçkilərinin 2-ci turunun yekun nəticələri məlum olub.

Pin It

Ukrayna cəbhəsində ağır döyüşlər davam edir...

Pin It

Tezadlar.az saytında 2 saat əvvəl yayımlanmış "BAKIDA OD QİYMƏTİNƏ OLAN SOĞAN QARQAR ÇAYINA NİYƏ TÖKÜLÜB?- VIDEO-1, 2" yazısısındakı mövzuya Türkiyənin ATV kanalında bu dəqiqələrdə geniş sujet həsr edildi.

Pin It

Ukraynanın Mariupol şəhərində Rusiya Silahlı Qüvvələrinin mühasirəsində qalan mülki ukraynalıların sayı məlum olub.

Pin It

Teyyub Abdullayev: “Mən dövlətdən yardım istəməmədən bu işləri görürəm, çünki azad və müstəqil fermerəm…”

…Onun haqqında yetərincə məlumatlıyam. Biz eyni rayonun iki qonşu kəndinin sakinləriyik… 1990-91-ci illərdə mən “Azərbaycan” qəzetində işləyirdim. O isə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib rəsmi orqanlarda işləməkdən imtina etdi, azad sahibkarlıqla məşğul olmağa başladı. Sovet ittifaqı hələ dağılmasa da, dağılacağı artıq hər kəsə bəlli idi. Xüsusən də Azərbaycanın Qarabağ bölgəsində yaşayanlara. Ona görə ki, Azərbaycanda, eləcə də Qarabağda Sovet ordu hissələri yerləşsə də, bu bölgədə yaşayan Azərbaycanın azərbaycanlı vətəndaşları Azərbaycanın erməni vətəndaşlarının güllə-baranına, silahlı hücumuna məruz qalırdı. Bə Sovet (sonra rus) hərbçilərinin gözü qarşısında kəndlərimiz yandırılırdı, insanlar öldürülürdü, girov götürülürdü, öz dogma yurdundan didərgin salınırdı. Və təkrar edirəm, Sovet hərb maşını isə 1828-ci ildə Qarabağa köçürülmüş, sığınacaq verilmiş ermənilərin tərəfini tuturdu…

***

…Mən onu belə bir vaxtda tanıdım. Kiçik sahibkarlıqla məşğul olurdu. Şəxsi maşını olduğundan Ağdama tez-tez gedərdi. Günlərin birində rayona tez-tez gedişinin məqsədini soruşdum. Məlum oldu ki, hər həftənin istirahət günlərində valideynləri yaşayan İsmayılbəyli kəndinə gedir. Dedim, birlikdə gedək. Razılaşdıq.

Artıq Ağdam və ətraf kəndlərdə ermənilərin qanunsuz əməllərinin sorağı Bakıda da eşidilirdi. Amma Moskva bu hoqqaları guya eşitmirdi, görnürdü. Bu səbəbdən adına “cəbhə xətti” desək, bu ərazilərdə könüllülərdən ibarət özünümüdafiə dəstələri yaradılmışdı. Ağdamda polkovnik Şirin Mirzəyevin, Allahverdi Bağırovun, “Qatır Məmmədin” və digərlərinin. Belə özünümüdafiə batalyonları həm də kəndlərdə yaranmışdı.

***

 Biz Teyyubla yola çıxdıq… O, maşınının yük yerini könüllülər üçün ərzaq və əlcək, isti geyimlərlə doldurmuşdu. Ağdamda bəzi hərbi qərargahlarda olub bu sovqatları paylayırdıq. Dəfələrlə isə Mərzilidə (ən təhlükəli ərazilərdən idi, ermənilər yaşayan Qarakəndin alt hissəsində) yaradılmış hərbi kazarmada könüllülərə ərzaq və digər yardımlar aparırdıq. Təbii ki, bu səfərlər daha çox könüllülərə mənəvi dayaq mahiyyətli idi. Postlarda olurduq, döyüşçülərlə görüşürdük, müsahibələr alırdıq… Və ən vacibi, bunlar yuxarıdan deyilən hansısa tapşırıq və göstərişlə edilmirdi…

Azadlıq sahibkarın düşüncəsinə hakim olanda…

1992-93-cü illərdə Teyyubla qarış-qarış gəzdiyimiz ərazilər işğal olundu, bu ərazilərdə yaşayanlar köçkünlük həyatı yaşamalı oldular. Yurdunu tərk edənlər əsasən cəbhə xəttinə (ermənilər Azərbaycanın daxilində cəbhə xətti yaratmışdı. Özbaşınalığın həddinə baxın!) yaxın ərazilərdə məskunlaşmağa başladılar. Bu da həm o yurdlara tezliklə dönüş niyyətindən, həm də uzaqdan görünən Murov, Qırxqız, Şuşa… dağlarına doyunca baxmaq arzusundan doğurdu… Amma baxmaq və həsrəti içində az da olsa söndürmək azdır. İşləmək, ailəni dolandırmaq lazım idi. Dövlətin başı qarışıq idi, müharibənin-işğalın yaralarını necə sağaltmaq, milyona yaxın qaçqın (Qərbi Azərbaycandan gələnlər) və məcburi köçkünlərin (Qarabağdan) bütün problemlərini həll etmək zarafat gəlməsin.

***

…Ağdam, Şuşa və Laçından, Kəlbəcərdən gələn və vaxtilə daha çox heyvandarlıqla məşğul olanlar Ağdamın Ergi qəsəbəsi ərazisində məskunlaşmışdı… Harami düzü adlanan bu ərazilərdə hələ Sovetlər dönəmində on min hektarlarla örüş əraziləri vardı, qoyunçuluq və heyvandarlıq təsərrüfatlarının fermaları –qış yataqları yerləşirdi. Yəqin  elə bu səbəbdən də heyvandarlıq bacarığı və təcrübəsi olanlar bu ərazilərdə yaşamağı seçmişdilər (Sonralar Prezidentin sərəncamına uyğun olaraq burada köçkünlər üçün böyük qəsəbə salındı).

Qaldı bu ərazilərdəki insanların əkin və məşğuliyyət vərdişlərinin təmin edilməsi. Təkrar edirəm, dövlət qurumlarının fəaliyyəti əsasən necə gəldi başını götürüb gəlmiş köçkünlərin məskunlaşmasına istiqamətlənmişdi. Qalırdı müstəqil təşəbbüslərin-sahibkarlıq fəaliyyətinin işə düşməsi.

***

…Teyyub Abdullayevin sahibkarlıq sahəsində, xüsusən də əkinlə bağlı təcrübəsi az deyildi. Onunla söhbətimiz bu barədə kəsə oldu: Ergi qəsəbəsi ərazisində kifayət qədər əkinəyararlı xam torpaqlar və Sovetlər dönəmindən qalma yeraltı suvarma sistemlərinin qalıqları mövcuddur. Deməli, qalır subartezian quyularının qazılması və rayon rəhbərliyinin əkinə icazəsi.

Bakıdakı təşəbbüslərin taxıl əkinində ifadəsi…

Baxmayaraq ki, mən rəsmi qəzetdə jurnalist fəaliyyəti ilə məşğul idim, amma ölkə səviyyəli problem də göz önündə ikən, biz də nəsə etməli idik…  “Bəs bizim dövlətimizə köməyimiz-dəstəyimiz nə ola bilərdi”,  –sualı ilə Bakıdan Ağdama yola düşdük. İcra başçısı Həsən Sarıyevlə bu niyyəti və təşəbbüsü müzakirə etdik. İnsafla desəm, H.Sarıyev nə lazımdır kömək etməyə hazır olduğunu bildirdi, “Nə qədər ki, payız əkini başlamayıb, vaxtı itirməyin”, -deyib elə həmin gün də 200 hektar torpağın Sərəncamını verdi… Və biz həmin payız günlərində 200 ha ərazidə taxıl əkininə başladıq. Ardınca indiyədək bir ədəd belə ağacı  olmayan bu boşluq-düzən ərazidə 2 ha ərik və şaftalı bağı saldıq… RİH-nin köməkliyi ilə 4 subartezian quyusu qazıldı, 2-si bərpa edildi (Allah rəhmət eləsin, idarənin rəisi Mirzalı Behbudov yaxından köməklik göstərdi)… Əslində, açıq desəm, bu görülən işlər məşğuliyyəti olmadığından bezib ərazidən köçüb getmək istəyənlərə bir görk-dərs idi. Ki, baxın, biz Bakıdan gəlib ağac əkirik, taxıl becəririk, siz isə… Sonralar, hətta bu ərazidən köçüb gedən onlarla ailə növbəti il geri  qayıtdı… Həmin yay mövsümündə hər hektardan 35 sentner taxıl götürüldü. Onlarla köçkün ailəsi mövsümi işlə təmin edildi. İmkansızlara ən azı bir qışı yola verməsi üçün təmənnasız taxıl verildi, heyvanları üçün örüş yeri təmin edildi… Növbəti illərdə isə ərik və şaftalı bağının meyvəsi artıq Bakı bazarlarında satılırdı…

Azad sahibkarın azad düşüncə meyarları…

Açıq deyim, sonrakı illərdə mənim Bakıdan təxminən 430 km məsafədə yerləşən və Qarqar çayından başlayaraq müharibə vaxtı tankların darmadağın etdiyi 12 km-lik əzablı yolu müntəzəm qət etmək imkanım mümkünsüz idi, peşə fəaliyyətimlə düz gəlmirdi. Amma ümumi nəzarət etməli olurdum. Necə ki, indinin özündə də… Amma Teyyub Abdullayev daha fərqli və uyğun yol tutdu. O, bu ərazidə yaşayanların ilboyu məşğulluğunu təmin etmək üçün bu ərazilərdə əlavə torpaq sahələrini icarəyə götürərək həm də kartof, soğan, qarğıdalı əkininə başladı. O, kartof və soğanın əkin təcrübəsini öyrənmək üçün Ukraynaya, Bolqarıstana və texnikaların istifadəsi üçün isə Türkiyəyə ezamiyyələrdə oldu. Və bütün bu təşəbbüslərdə müstəqil oldu, dövlətdən bir manat belə vəsait istəmədi.

Yeri gəlmişkən, bəzən aqrar sahədə müflis olmuş sahibkarları görəndə məəttəl qalıram və deyirəm, kaş Teyyub Abdullayevin təcrübəsini öyrənəydilər. Dövlətdən milyonlarla kredit, subsidiya, texniki yardım al, sonar müflis ol! Bu hansı iqtisadi qanuna və məntiqə uyğundur? Deməli, işi düzgün qura bilmirlər!

Bakıdakı rahat həyat şəraitini payızın soyuğuna, yayın istisinə qurban verən iş adamı…

…Neçə gün əvvəl zəngləşdik. Məlum oldu ki, Ramazan bayramını əkin sahələrindəki iş-gücü ilə yola verir. Bu, Ramazan ayının halalığından irəli gələn təşəbbüs idi. Çünki indi becərilən taxıl, kartof, soğan, pomidor, xiyar… bir-iki aydan sonar yüzlərlə, minlərlə ailənin halal süfrəsinin bərəkətinə çevriləcək.

Qərara gəldim ki, onunla elə iş başında-Ergi düzündə görüşək.

***

 Bu da Teyyub Abdullayevin əkin sahələri… Yerinə düşməsə də, deyim ki, Azərbaycanın TV-ləri aqrar sahədən veriliş çəkəndə Bakıda oturub əcnəbilərin video-görüntülərini toplayıb xarici təcrübəni təbliğ edirlər. Azərbaycanın öz daxilində Teyyub Abdullayevin inanılmaz, möhtəşəm aqrar sahə təcrübəsini göstərsələr, bəs edər… Sadəcə, bu nümunəvi əkin sahələrini yerində gedib görmək lazımdır…

Onunla mənim bildiyim, amma oxucular üçün maraqlı olacaq bir məsələni təkrar dilə gətirirəm:

-İnanılmaz işlərdir… Bunları necə öyrənmisən? Ali təhsil nəzəriyyəni, amma təcrübəni torpaq öyrədir…

-Soğan və kartof əkininə başlayanda Ukraynada oldum. Təxminən bir ay kartof və soğan əkən, becərən bir fermerlə birgə oldum. Sahələrdə onunla yanaşı çalışdım, toxumun seçilməsindən, səpinindən və suvarılmasına, dərmanlanmasına, alaqdan qorunmasınadək, hər bir işi yaddaşıma yazdım. Təxminən bir mövsümü belə başa vurub Azərbaycana qayıtdım… Bir dəfə də taxıl əkini üçün İsmayıllıya getdim. Orada məşhur fermer var, kənardan durub taxıl səpinini seyr etməyə başladım. Məndən şübhələndilər ki, bu şəxs kimdir, bizi güdürmü? Tanış olduq, məqsədimi dedim, çox sevindi… Və burada da taxılın becərilməsinin sirrini öyrəndim. Şəkidə isə kartof əkinini öyrəndim… Qayıtdım öz əkin sahələrimə və harda səhvlərə yol veririk, onları bir-bir aradan qaldırdıq…

Azərbaycanı soğan ixracatçısına çevirən azad sahibkar…

Onun barəsində qısa da olsa bilgi versəm Allaha da xoş olar, torpaqla işləmək istəyən sahibkar-fermerlərə də… O, ali təhsilli iqtisadçıdır… Uzun illərdir kənd təsərrüfatı sahəsində məhsul istehsalı və tədarükü ilə məşğuldur… Deyir:

- Dövlətimizin ərzaq təhlükəsizliyi ilə bağlı Prezident İlham Əliyevin sahibkarlara, iş adamlarına məlum çağırışı ilə əlaqədar olaraq Azərbaycanda ilk dəfə olaraq açıq əkinçilikdə damcılama üsulu ilə suvarma sistemini tətbiq etmişəm. Əsasən soğan, buğda və kartof əkini ilə məşğul oluram. Becərdiyimiz soğanın ümumi məhsuldarlığı orta Respublika səviyyəsindən iki dəfə çox olmaqla, hər il 7-8 min ton olur. Təvazökarlıqdan uzaq olsa da, uzun illərdən bəri soğan idxalçısı olan Respublikamız mənim tətbiq etdiyim yüksək aqrotexniki becərmə sayəsində indi soğan ixracatçısına çevrilib. Ən vacibi, bu günədək dövlətdən bir manat belə maliyyə yardımı almadan bu möhtəşəm işlərə nail olmuşam. Azərbaycanda intensiv üsulla kütləvi soğan əkilib becərilməsinə isə yalnız mənim başladığım mütərəqqi üsulların tətbiqindən 4-5 il sonra başlanılıb. Bütün məsrəflər yalnız özümüzün daxili qənaətlərimiz və yüksək məhsuldarlıq hesabına qazanılmışdır. Bircə faktı deyim ki, təkcə hər il damcılama üsulu ilə aparılan suvarmada 1400 km uzunluğunda xüsusi rezin borulardan istifadə edirəm ki, bu da əlavə su itkisinin qarşısını almaqla bərabər, məhsuldarlığı da maksimum səviyyəyə çatdırır.

 -Beynəlxalq təcrübəsiz də keçinmək çətin olardı…

-Əlbəttə.. Məhsul istehsalında beynəlxalq təcrübəni öyrənmək və Azərbaycanda tətbiq etmək üçün Türkiyə, İtaliya, Rusiya, Ukrayna və başqa ölkələrdə səfərlərdə olmuş, qabaqcıl təcrübəni öyrənərək Respublikamızda tətbiq olunmasına nail olmuşam. Xarici ölkələrdən xüsusi kənd təsərrüfatı texnikası alıb gətirmiş, eləcə də “Aqrolizinq”in yardımından istifadə etmişəm. Bütün bunlar da şəxsi vəsaitimizlə həyata keçirilmişdir. Qürur hissi ilə demək istəyirəm ki, bütün bu nailiyyətlərimizi  məhz ölkə rəhbərliyinin kənd təsərrüfatı sahəsində sahibkarlığın inkişafı üçün verdiyi dəstəyin sayəsində əldə etmişik, bu dəstəyi daim hiss edirik. Ümumi fəaliyyətimizin sayəsində hər il 450-dən çox mövsümi iş yerinə nail oluruq…

“Bəzi məmurların köməyini istəmirəm, sadəcə, mane olmasınlar… “

-Əkin sahələrinin genişləndirilməsi problemi necə həll edilir? Problem yaşanırmı?

-Problem fermerin alın yazısıdır (Gülür). Məsələ ondadır ki, mən 2003-cü ildə İsmayıllı rayon İcra Hakimiyyəti ilə müqavilə bağlayaraq Dövlət Aktı ilə rayonda istifadə edilməyən ərazini aqrotexniki qaydada sahmana salaraq Dövlət Fondunda olan 73 hektar torpaq sahəsini 25 illiyinə icarəyə götürərək burada taxıl əkini həyata keçirirəm… Eləcə də Ağcabədi və Ağdam rayonu ərazisində də ayrı-ayrı şəxslərin icarəsində olan, lakin istifadə edilməyən torpaq sahələrinə vəsait ödəyib illik istifadəyə cəlb edirəm. Ağdamda belə bir problem yaşanmayıb. Lakin İsmayıllı və Ağcabədi RİH-lərdə bəzi məmurlar problem yaradırlar. İstəmirəm bu barədə geniş danışam, siz bunları bilirsiniz… Bu məsələlərlə bağlı cənab Prezidentə, Kənd Təsərrüfatı Nazirliyinə müraciət etmişəm… Məsələ ondadır ki, mən bu torpaqlarda ölkənin ərzaq təhlükəsizliyinə dəstək vermək üçün taxıl –buğda və arpa, kartof və soğan əkirəm. Daxili bazarı ucuzlaşdırmaq üçün. Deməli, kimlərsə daxili bazarda qiymət bahalığını istəyir… Bu yolverilməz haldır! Azərbaycan hər il 250-300 milyon dollar xərcləyib taxıl alır. Niyə bunu özümüzdə əkməyək? Əkənə də süni problem yaradırlar. Təsəvvür edin, mən taxıl əkmək üçün başqalarına külli miqdarda pul verib 1 illiyinə torpaq icarəyə götürürəm. Texnika özümün, vəsait özümün. Yüzlərlə insanın məşğulluğunu təmin edirik. Bu dövlətimizə dəstəkdir, xalqımıza xidmətdir! Bəzi məmurların köməyini istəmirəm, sadəcə, mane olmasınlar…

***

Sonda: azadlıq sözdə deyil, əməldə olmalıdır! Siyasətçinin fəaliyyət yeri siyasət meydanıdır, fermerinki isə torpaq! Teyyub Abdullayevin iş təcrübəsini, fəaliyyət coğrafiyasını görəndə isə bir daha yəqin etdim ki, elə fermer də siyasətçi olmalıdır. Siyasətçi insanların-kütlənin dilini öyrəndiyi kimi, fermer də torpağın, torpağa əkilən bitkinin-taxılın, kartofun, soğanın, ağacın… dilini bilməlidir. Həmsöhbətim torpağın dilini yaxşı öyrənib deyə, torpaqla dil tapır, həmdərd-həmsöhbət ola bilir. Torpaq da onun dilini-sirrini biləni heç vaxt unutmur, üzünü ağ edir! Qara torpaqda üz ağ edilən fermerlərin üzü həm də süfrəmizdə-bazar-dükanda… ağ olur!

Asif MƏRZİLİ

(Bakı-Ağdam-Ergi-Bakı)

(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb. İst. 6.3.12)

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN