"Gec ucaldılan abidə” kitabının müəllifi Hasan Yiğit Bakının azad edildiyi gündə Turan İnformasiya Agentliyinin suallarını cavablandırıb.

"Təzadlar" həmin müsahibəni təqdim edir:

"Turan" -28 may 1918-ci ildə edilmiş Azərbaycan Cümhuriyyətinin hərbi dəstəkçisi Qafqaz İslam Ordusu sizin üçün nə ifadə edir?

Yiğit: Çox şey ifadə edir. Osmanlı İmperiyası Birinci Dünya Müharibəsinə  almanların tərəfində girdi. Mustafa Kamal Osmanlı Baş Qərargahının almanların tərəfində savaşmasının səhv olduğunu düşünür və “almanların məğlubiyyəti bizim də məğlubiyyətimizə səbəb olacaq”  deyirdi. 1917-ci ildə padşah Vahdettinin hərbi müşaviri kimi onunla Almaniyaya gedəndə bunu  Almaniya imperatorunun üzünə də demişdi. O,almanların məğlub olacağını 1917-ci ildə hiss etmişdi. 1917-ci il oktyabr inqilabından sonra Rusiyada  vətəndaş müharibəsi başladı. O dövrdə Bakıda ermənilərin türklərə təzyiqi hər gün artırdı. Azərbaycanın yurdsevən insanları xalqı müdafiə etmək üçün Osmanlıdan hərbi yardım istəyirdi. O vaxtlar Bakı neftini nəzarətə keçirmək üçün ruslardan və ermənilərdən başqa Almaniya və Britaniya hərbi hissələri də Bakıya gəlmişdilər. Əksər vaxt araları yaxşı olmayan Baş Qərargah rəisi Ənvər Paşa ilə ordu komandanı Mustafa Kamal Paşa Azərbaycanı müdafiə etmək üçün qərar qəbul etdilər. Qafqaz İslam Ordusu adı altında yaradılan ordunun komandanlığına 1916-cı ildə İraqın Kutül Amarə bölgəsində beşi general olmaqla 13 min Britaniya hərbçisini əsir alan general Xəlil gətirildi. Kutül Amarədən sonra general rütbəsi verilən Xəlil Paşa Mosul qubernatoru ikən Azərbaycana göndərmək üçün hazırladığı 13 min nəfərlik ordunun komandanlığını qardaşının oğlu Nuri Paşaya verdi. Əvvəlcə Təbrizə, oradan isə Gəncəyə gedən Nuri Paşa orada türk gənclərə hərbi təlim verməyə başladı. Hazırlıqları tamamlayan Nuri, Xəlil və Mürsəl paşalar Bakını azad eddilər.

Turan: Türkiyə Qafqaz İslam Ordusunun tarixi roluna kifayət qədər dəyər verirmi? Yaxın dostunuz olmuş Atilla Oralın gördüyü işlər nə dərəcədə qiymətləndirildi?

Yiğit: Kifayət qədər dəyərin və önəmin verildiyinə inanmıram. Dostum Atilla Oral çox yaxşı bir memar idi, qazandığı pulu tədqiqatlara xərcləyirdi. Həssaslıqla işləyən bir tədqiqatçı idi. Birinci  Dünya Müharibəsi, Osmanlı torpaqlarının işğal edildiyi illər, Anadoluda və Azərbaycanda istiqlal uğrunda mübarizə, Nuri Paşa və başqa mövzularda London, Paris, Berlin, Roma, Moskva və İstanbuldakı bukinistlərin vasitəsilə o illərə aid sənədlərin, qəzet yazılarının, kitabların daxil olduğu 6 mindən çox  mənbə toplamış, pulunun əsas hissəsini bu işlərə xərcləyərək bir-birindən qiymətli əsərlər qələmə almışdı. Kitablarının çapı və satışı üçün Mədəniyyət Nazirliyindən də, İstanbul bələdiyyəsindən heç bir dəstək ala bilmədi, evini ipotekaya qoyaraq kitablarını çap etdirdi. Pandemiya dövründə kitab satmaq çətinləşincə evini satmaq məcburiyyətində qaldı.

Turan: Nuri Paşanı Türk gəncliyinə daha yaxşı tanıtdırmaq məqsədilə sizin də ciddi işlər gördüyünüzü bilirik. “Gec ucaldılan abidə” kitabının yazarı kimi bundan sonra hansı işlərin görülməsini təklif edərdiniz?

Yiğit: Atilla 928 səhifəlik “Nuri Killigil” kitabını çapa hazırlayanda mənə də “Nuri Paşa ilə bağlı şagirdlər üçün kitab yazmalısan” deyirdi. “Gec ucaldılan abidə” kitabımı onun tövsiyəsilə yazdım. Atilla kimi Nuri Paşaya da lazımi qədər diqqət göstərilməmişdi. Mustafa Kamal Atatürkün icazəsilə Nuri Paşanın Haliç sahilində tikdiyi silah zavodunda 2 mart 1949-cu ildə yanğın və partlayışlar oldu. Yanğının təxribat olduğuna dair şübhələr hələ də qalır.O vaxt hökumət Nuri Paşanın da öldüyü bu hadisə barədə mətbuata məlumat vermədiyi kimi Nuri Paşanın qəbrinin üstü  belə sahmana salınmamışdı. 67 ildən sonra bir neçə insanın zəhmətilə Nuri Paşa və zavodda baş verən yanğında ölənlərin məzarlarının olduğu yerə xatirə daşları qoyuldu. Halbuki Nuri Paşa həm Türkiyədə, həm də Azərbaycanda böyük hörməti haqq edən bir komandandır.

Turan: Kitabının İstanbulda çap edilməsindən sonra mərhum Atilla Oralı 2016-cı ilin sentyabrında Bakıya dəvət edərək imza mərasimləri keçirdilər, orada 200 kitabını aldılar. Oralın kitabının 5,5 il əvvəl Azərbaycan dilinə tərcümə edilərək Bakıda nəşriyyata verilməsinə baxmayaraq, hələ də çap edilməyib. Sizcə,kitabın çap edilməsi üçün Türkiyədə kampaniyaya başlamaq lazımdırmı?

Yiğit: Atilla Oralın “Nuri Killigil” kitabı böyük zəhmət sərf edilmiş qiymətli tədqiqatdır. Sənin yaratdığın münasibətlər sayəsində kitab Türkiyədə çap ediləndən sonra Atilla Bakıya dəvət edildi. Orada 200 kitabını aldılar. Çox razı qalmışdı. Kitabının Azərbaycan dilində çıxmasını həyəcanla gözləsə də, görmək qismət olmadı. Hazırda Türkiyədə o kitab tapılmır, yeni nəşri yoxdur. Bukinistlərdə nadir hallarda olanda 600 türk lirəsinə satılır. Bu mühüm kitab həm Türkiyəyə, həm də Azərbaycana çox lazımdır. Ona görə də mütləq çap edilib oxuculara çatdırılmalıdır.

Turan:Azərbaycanda bəzi vaxtlar “Türkiyə 1920-ci ildə  Azərbaycanı satdı” şəklində açıqlamalar yayılır. Kənardan yönləndirilən bu kampaniyalara lazımi cavabların verilməsinə baxmayaraq, pərdənin arxasında daima Türkiyə nifrətini  körükləyən qüvvələr var. Bununla bağlı nə demək istərdiniz?

Yiğit: O dövrün şərtlərini nəzərə alaraq, bu suala cavab versək, bu sözlərin düz olmadığını deməyimiz lazım gələcək. Çünki 30 oktyabr 1918-ci ildə Osmanlı qeydsiz-şərtsiz təslim olmuşdu. 1919-cu ildə başda İzmir və İstanbul olmaqla bir çox şəhər işğal edilmişdi. İşğallar davam edərkən azadlıq mübarizəsini təşkilatlandırmaq üçün Mustafa Kamal Anadoluya getdi. 1920-ci ildə  daha çox torpağımız işğal edilərkən azadlıq mübarizəsinin təşkilatlanması işi davam edir və 23 aprel 1920-ci ildə açılmış Türkiyə Böyük Millət Məclisi radikal qərarlar qəbul edirdi. 1920-ci ildə azadlıq mübarizəsinə qarşı olanlar ingilislərin komandanlığında və Osmanlı hökumətinin dəstəyilə üsyanlara başladılar. O ilin çətin şərtlərində Anadolunun Azərbaycana dəstək verməsini və ya onu satmasını kim düşünə bilir? Daha sonra cərəyan edən proseslər göstərdi ki, bu söz-söhbətlərin yayılması bəzi ölkələrin mənafeyinədir. Nuri Paşa Türkiyənin olduğu qədər Azərbaycanın da qəhrəmanıdır. O1949-cu ildə zavodunda baş verən yanğın nəticəsində ölməzdən əvvəl bir ölkəyə silah satmağı rədd etmişdi. Bundan başqa Qahirədə və Dəməşqdə silah zavodu açmağa hazırlaşırdı. Qiymətli oxucularımız bu ipuclarını əldə rəhbər tutaraq bəzi həqiqətlərə işıq tuta bilərlər. Fürsətdən istifadə edib azərbaycanlı oxuculara salam göndərərkən “Gec ucaldılan abidə”  kitabımın şagirdlərə çatdırılmasını diləyirəm.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN