...Bu gün Bakı İnzibati Məhkəmədə (sədr Araz Hüseynov) hakim Aygün Əhədovanın sədrliyi ilə maliyyə üzrə professor, iqtisad elmləri doktoru, Azərbaycanın ali təhsilli hüquqşünası Mirələm Həsənlinin əmək pensiyasının yenidən hesablanması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fonduna qarşı iddiasına baxıldı...
Məhkəmə prosesində iddiaçının dəvəti ilə iştirak etdim. Hakim Aygün Əhədova jurnalistin iştirakını biləndə iclası inanılmaz dərəcədə səmimi keçirməyə qərar verdi. Düzdür, açıq məhkəmə iclası idi. Amma praktikada az rast gəlməmişik ki, hakimlər sifarişli qərarlar qəbul etməkdə israrlı olanda jurnalistin iştirakını məqbul saymır, min bir bəhanə ilə jurnalistin iştirakına mane olurlar... Amma başımın üstündə Allah, ürəyimdə peşə vicdanı hökmü ilə deyim ki, hakim özü də dedi ki, açıq məhkəmə iclasıdır, jurnalist iştirak edə bilər... Və hakim indiyədək məhkəmə hakimlərinin bir çoxunda rast gəlmədiyim xətir-hörmət, səmimiyyətlə iclası apardı... Həm də mənim kimliyimlə maraqlandı. Mən Avropa Mətbuat Federasiyasının Avropanın 38 ölkəsində akreditə olunmuş jurnalist vəsiqəmi təqdim etdim, qəzet redaktoru olduğumu dedim... Hakim çox şad oldu ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mənim yetərincə xidmətim olub, xüsusən də 2020-ci ilin 44 günlük Zəfər müharibəsində və s.
(Bakı İnzibati Məhkəmənin sədri Araz Hüseynov)
XXX
...Gəlirəm mətləbə: az qala Azərbaycanın maliyyə və bank, Vergi sistemində yüzlərlə elmi dərəcəli kadrların müəllimi olmuş, uzun illərdir iqtisadiyyat elminin tədrisində tanınmış alim olan Mirələm Həsənlinin əmək haqqından DSMF-nə indiyədək 100 min manatdan çox pensiya kapitalı yaranıb. Və işləyən pensiyaçılar kimi mövcud qanunvericiliyə uyğun olaraq pensiya artımının düzgün hesablanmaması professoru ciddi narahat edib, o, nazirlikdə həllini tapmayan bu problemi (mətbu açıqlamalara görə, hazırda 18 mindən çox pensiyaçı oxşar problemi yaşamaqdadır, onların 1307 nəfəri əmək pensiyaçısıdır) məhkəmədə çözmək qərarına gəlmişdir... Özü də hakimin diqqətinə çatdırdi ki, "Mən 191 gündür davam edən məhkəmə prosesinə pensiya artımı davasına yox, özümün də təklif verdiyim Qanunlarımızın tətbiqindəki əyriliyə etiraz etmək üçün gəlmişəm..." və sair.
Məhkəmə iclasında isə professor Mirələm Həsənli, hətta Auditor Palatasının rəsmi auditlinin rəyini, Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş müstəqil Ekspertizası Mərkəzinin ekspertlərinin hesablamalarını, bazadan rəsmi çıxarışları və s. mötəbər sübutları məhkəməyə təqdim etdi, əsl alim izahatı ilə şərhlər verdi.
Hakim bu sübutların nə dərəcədə mötəbər olduğunu "İndiyədək belə mürəkkəb və maraqlı məhkəmə prosesi olmamışdır" deyərək mövqeyini də səmimi olaraq qeyd etdi... Mən bunları iqtisadçı-jurnalist kimi səmimi qəbul edərək hakimin ədalətli qərar qəbul edəcəyinə tam əmin idim. Amma...
XXX
İndi sözüm ədliyyə naziri, Məhkəmə Hüquq Şurasının sədri, çox hörmətli Fikrət Məmmədovadır: Hörmətli Fikrət müəllim! Yəqinki ədalətli mövqeyimə şübhəniz yoxdur və müraciətimin səmimiliyinə də şübhəniz ola bilməz. Hakim Aygün Əhədova ona təqdim edilmiş mötəbər sübutlarla-rəsmi sənədlərlə müşavirəyə getdi. O, zaldan çıxma anında üzümə baxdı. Onun baxışlarında dərin bir əzab gördüm. Peşə fəaliyyətimdəki təcrübədən çıxış edərək deyə bilərəm ki, bu baxışlar deyirdi ki, Allaha, Prezidentin imzaladığı Qanunlara, nazirimiz Fikrət Məmmədovun tövsiyyələrinə, inandığınız seyyidlərin cəddinə and olsun, professor Mirələm Həsənli haqlıdır, bu onun halal haqqıdır, amma mən sədrə məruzə edib qərarımı elan edəcəyəm, məni bağışlayın!!!
(Hakim Aygün Əhədova)
Fikrət müəllim, hakim Aygün Əhədovanın savadına, təzə təyin olunsa da, onun praktik təcrübəsinə hörmətlə yanaşıram. O, sonadək əzab çəkə-çəkə hərəkətləri, izah və şərhləri ilə iddiaçı Professora sübut etmək istəyirdi ki, o, iddia tələbini yaxşı anlayır, qəbul edir, amma...
XXX
Fikrət müəllim, iddiaçının bütün sənədləri məndədir və iqtisadçı təcrübəmdən çıxış edərək deyə bilərəm ki, nazir Sahil Babayevin DSMF MÜTƏXƏSSİSLƏRİ (RƏHBƏRLİYİ) nəinki pensiya artımı ilə bağlı mövcud qanunlarımızı, hətta göydəki Allahın ilahi ədalətliyə söykənən hökmünü danmaqdadır! Onların presedent yaratmamaq, sadə dildə desəm, rəsmilərin mətbu açıqlamalarında qeyd edildiyi kimi, 18 min pensiyaçını ayıltmamaq naminə getdikləri bu yol Allahsızlığın ifadəsidir! Və Sizdən xahişim odur ki, vicdanlı hakimlərin ləyaqətini-vəzifə imkanlarını bu tip məmurların iddiasına-hikkəsinə qurban verməyin! Hakimlər icraatında olan işləri qanunsuz olaraq məhkəmə sədinə mərizə edərək tapşırıq alıb məmurların iradəsinə qul edilir! Nə vaxta kimi??? Niyə təyinatına xeyir-verdiyiniz hakimlərin rəzalətli vəziyyətə düşüb məhkəmə hakimiyyətinin əyilməsinə, hörmətdən düşməsinə, əzilməsinə razı olursunuz??? Yəni doğrudanmı cənab Prezident İlham Əliyevin imzaladığı qanunlar və tapşırıqları nazir Sahil Babayevin hikkəsindən-arzusundan üstün deyil?!
Son söz Sizindir, cənab nazir! Məhkəmə hakimiyyətini hörmətə mindirmək üçün gec də olsa addım atmağınızın, lazımi qərar qəbul etməyinizin vaxtıdır!
İnanıram ki, Azərbaycanın Məhkəmə hakimiyyətinə hörmət arzusu ilə yazılan bu müraciəti elə səmiyyətlə də qəbul edəcəksiniz.
Dərin hörmətlə:
Asif MƏRZİLİ,
Avropa Mətbuat Federasiyasının üzvü,
Türkiyənin Anadoluyakasihaber.com saytının köşə yazarı