Azərbaycanın xalq artisti, estrada, muğam və opera müğənnisi, aktrisa, ictimai xadim Flora Ələkbər qızı Kərimova 1941-ci il iyulun bu günü Bakıda anadan olub.

Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunda, Azərbaycan Dövlət Tibb İnstitutunda və Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. 14 yaşından bədii özfəaliyyət kollektivlərində, Azərbaycan Dövlət Tibb İnstitutunun “Çinar” ansamblında, 1960-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasında çıxış edib. 1983-cü ildən Azərbaycan Teleradio Verilişləri Şirkətinin solistidir. O, klassik Avropa operası, milli opera janrı, xalq mahnıları, bəstəkar mahnılarının klassik art-estrada janrlarının mahir ifaçısıdır. Bəstəkar Elza İbrahimova xüsusi olaraq onun səsi üçün "Afət" operasını bəstələyib. Aktrisa kimi də özünü sınayan müğənni “Qanun naminə”, “Qayınana”, “Toyda görüş”, “Payız konserti” və başqa filmlərdə yaddaqalan obrazlar yaradıb. Flora Kərimova Azərbaycan milli azadlıq hərəkatının fəallarından olan bir çox mükafatlara və fəxri adlara layiq görülüb.

Xalq artisti Flora Kərimova 27 il  ad gününü qeyd etməyib.Çünki onun ad günü ilə Ağdamın işğalı eyni tarixə düşür.

Flora Kərimova 1941-ci il iyulun 23-də dünyaya göz açıb.

Amma indi Ağdam işğaldan azaddır və Flora xanım fəxrlə,qürur hissi ilə 80 illik yübileyni qeyd edə bilər.

Əsrarəngiz səsi, bəşər tarixində, yeganə dörd (4-cü) oktavanı aşan müğənnilərdəndir.

Yüksək sənət keyfiyyətləri ilə bərabər, insani keyfiyyətləri çox yüksək olan bir şəxsdir Flora Kərimova. Həyatı təqiblər və qadağalarla keçib.

Flora Kerimova ilk qadağanı Sovetlər dövründə Qarabağda keçirilən konsertdəki insidentə görə alıb. Belə ki, Sara Qədimova, Şövkət Ələkbərovadan sonra oxumalı olan erməni əsilli müğənni, çox zildən Qarabağ şikəstəsini oxuyub. Növbəti çıxış Flora Kərimovanın idi və sənətkar konsertin proqramında nəzərdə tutulmuş əsəri deyil, elə Qarabağ şikəstəsini 2 not daha yüksəkdən ifa etməklə hamını təəccübləndirib. Lakin Bakıya qayıtdıqdan sonra o dövrkü Mədəniyyət nazirliyi bu addımı milli təəssüb kimi qiymətləndirərək Flora Kərimovanı uzun müddət səhnədən uzaqlaşdırmışdılar.

Ən uzunmüddətli qadağanın tarixcəsi isə daha maraqlı olub. O dövrdə Moskvada belə qərara alınmışdır ki, hər respublikadan bir nəfərə SSRİ Xalq artisti adı verilsin. Flora Kərimovanın Moskvanın Mərkəzi Televiziyasının sifarışı ilə çəkilmiş musiqili filmdəki ifasından mütəəssir olan SSRİ Mədəniyyət Nazırliyinin əməkdaşları, Azərbaycandan seçiləcək sənətkarın Flora Kərimova olmasını istədiklərini bildirmişdirlər. Bu qərarın əsas səbəbi sənətkarın fantastik ölçülərə malik səs imkanlarının olması idi və bundan əlavə FLora Kərimova bir çoxlarından fərqli olaraq, Ali Musiqi Təhsilinə malik idi. Həm Asəf Zeynallı adına musiqi məktəbini, həm də Konservatoriyanı bitirmişdir, həm də rus dilini sərbəst bilirdi. Bunlar o dövrdə, ziyalı üçün vacib şərtlər idi. Lakin son anda elə sənətkarın özü bu məsələni alt-üst etdi. Belə ki, o dövrdə SSRİ Xalq artisti adını almaq üçün əvvəl Azərbaycan SSR Xalq artisti adını, sonra isə Ermənistan SSR xalq artisti adını almaq lazım idi və ancaq bundan sonra SSRİ xalq artisti adını verəcəkdilər. Əvvəlcə hər şey yaxşı getsə də, söhbət Ermənistan SSR xalq artisti adına gəldikdə Flora Kərimova qətiyyətlə fəxri adları almaqdan imtina etdi.

Buna görə SSRİ hakimiyyəti Flora xanıma aid olan bütün əsərləri arxivdən silməyə başlayır. Lakin xalqın sevgisi nəticəsində sənətkara aid əsərlərin əksəriyyətinin 2-ci nüsxəsi gizlədilərək bu günümüzə kimi gəlib çatıb.

Flora Kərimova daima xalqın içində olub. Xeyirində də, şərində də. 1990-cı ildə 20 Yanvar hadisəsi törədiləndə meydana çıxan yeganə sənətçi Flora xanım idi…

 Flora xanım tez-tez “Təzadlar”ın qonağı olub. Onun redaksiyaya hər gəlişi əməkdaşlarımızın sevincinə səbəb olub. Flora xanım yüksək mədəniyyətə malik, el üçün,vətən üçün canını,sənətini fəda etməyə belə hazır olan bir qadındır. Sənəti, insanlığı, mərdliyi ilə uzun ömür yolu keçmiş Flora xanımın xarakterini bir sözlə belə ifadə etmək olar: əsl insan! 

Biz də öz adımızdan Flora xanımı bu yubiley günündə təbrik edir və ən xoş arzularımızı bildiririk.    

Şakir QURBANOV 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN