Tbilisidəki Azərbaycan Mədəniyyəti Muzeyində Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı “Xocalıya ədalət!” adlı sərgi və anım mərasimi keçirilib.

Tezadlar.az 24News.ge-yı istinadla xəbər verir ki, tədbir Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə baş tutub. Anım mərasimində Heydər Əliyev Mərkəzinin şöbə müdiri Səbuhi Əhmədov, Türkiyə səfiri Ali Kaan Orbay, İsrail səfiri Hadas Ester Meitzad, Britaniya səfirliyinin siyasi məsələlər üzrə müşaviri Stephen McCormik, Cənubi Koreya səfirliyinin birinci katibi Ko Ok Sok, eləcə də Qazaxıstanın, Qətərin səfirliklərinin məsul əməkdaşları, NATO-nun Gürcüstan ofisinin Siyasi məsələlər üzrə məsul əməkdaşı Gvantsa Loladze (Almaniya vətəndaşı), “SOCAR Georgia”nın baş direktoru Mahir Məmmədov, Gürcüstan Rəssamlar İttifaqının sədri Quram Tertsvadze, AZEBİ-nin İdarə Heyətinin sədri Nəriman Qurbanov, rəsm müsabiqəsinin iştirakçıları, gürcü və azərbaycanlı icmanın nümayəndələri, siyasətçilər iştirak ediblər. Əvvəlcə, Xocalı soyqırımı qurbanlarının, eləcə də Türkiyədə baş vermiş zəlzələdə həyatını itirənlərin xatirəsi anılıb.

Sonra Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev çıxış edərək, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin Xocalı şəhərində törətdikləri vəhşiliklər, Heydər Əliyevin rəhbərliyi ilə Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verib. Həmçinin bildirib ki, Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyasət kursunda mühüm yer tutur: "Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun beynəlxalq səviyyədə tanıdılması məqsədilə Heydər Əliyev Fondu tərəfindən də məqsədyönlü iş aparılır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlanılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində təbliğat tədbirləri həyata keçirilir, Azərbaycanın haqq səsi dünyaya çatdırılır. İnanırıq ki, Gürcüstan parlamenti də yaxın vaxtlarda Xocalı soyqırımının tanınması haqqında qərar qəbul edəcək”, –deyə F.Quliyev vurğulayıb.

Səfir bildirib ki, Xocalıda baş verənlər hər birimizin ürəyini göynətsə də, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər yaralarımıza məlhəm, yaşadığımız acılara təsəlli oldu. Sonra Türkiyə səfiri Ali Kaan Orbay çıxış edib. Diplomat ölkəsində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılmasında və insanlara göstərdiyi yardımlara görə, Azərbaycan Prezidentinə və xalqına, eləcə də Gürcüstandakı azərbaycanlılara minnətdarlıq edib. Onun sözlərinə görə, Xocalı faciəsi təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə insanlığa qarşı törədilmiş cinayətdir. Daha sonra çıxış edən Heydər Əliyev Mərkəzinin şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədov isə çıxışında ermənilərin zaman-zaman Azərbaycan xalqına qarşı törədiyi cinayətlər, terror və soyqırımları barədə geniş məlumat verib.

Sonra litvalı rejissor Andreas Brokasın Xocalı qırğınından söz açan və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” təbliğat kampaniyası çərçivəsində hazırlanmış “Sonsuz dəhliz sənədli filmi nümayiş etdirilib. Qeyd edək ki, film litvalı jurnalist Riçard Lapaitisin Xocalıya səyahəti kimi təqdim olunur. Bir zamanlar hərbi müxbir olan R.Lapaitis Dağlıq Qarabağ münaqişəsini və soyqırımı aktını işıqlandırıb. O, Xocalıda kütləvi qətliamdan sağ çıxmış insanlarla görüşüb. Ermənilərin atəşi altındakı “sonsuz dəhliz”də özünə nicat yolu axtararkən yaxınlarını itirənlərin ürəkdağlayan hekayələrini dinləyib. Filmin müəllifi bu soyqırımının təşkilatçıları və səbəbkarları - erməni hərbi komandirləri ilə də söhbət edib. Onlar qəddar hücum strategiyalarından danışaraq mülahizələrini bölüşüblər. Filmin süjeti real hadisələr, bu cəhənnəm əzabını yaşamış, kütləvi qırğını öz gözü ilə görmüş insanların xatirələri əsasında qurulub. Tədbirin sonunda Azərbaycanın Gürcüstandakı səfirliyinin Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar elan etdiyi rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıblar.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN