Məlum olduğu kimi 2023-cü il prezident İlham Əliyev tərəfindən Heydər Əliyev ili élan olunub. Bu il may ayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur.

Bu münasibətlə bütün qəzet və saytlarda, televiziyalarda Ulu öndərin həyat və fəaliyyəti, keçdiyi şərəfli ömür yolu barədə müxtəlif yazılar dərc olunur. Bu münasibətlə Müdafiə Nazirliyi Baş Klinik Hospitalda İnvaziv Kardiologiya bölməsinin rəisi, Tibbi xidmət polkovnik-leytenantı Rafiq Xəlilovun Ulu öndərin və onun layiqli varisi prezident İlham Əliyevin tibb və səhiyyə sahəsində xidmətləri  haqqında redaksiyamıza göndərdiyi araşdırma yazısı olduqca aktual və diqqətə layiqdir. Bu baxımdan həmin yazını olduğu kimi təqdim edirəm.

****

 Ümummilli lider Heydər Əliyev həkimlərin gözü ilə...

 Azərbaycan Prezidenti İlham Əliyevin bütün istiqamətlərdə həyata keçirdiyi siyasətin mərkəzində insan amili dayanır və bu siyasət ulu öndər Heydər Əliyevin idarəçilik ənənələrinin davamıdır

 Azərbaycanın zəngin dövlətçilik ənənələri, bu ənənələri yaradan yaşadan və doğma xalqının tarixinə öz adını əbədi yazdıran qəhrəman övladları, dahi şəxsiyyətləri həmişə olub. Ulu öndər Heydər Əliyev onların arasında xüsusilə seçilir: təkcə ona görə yox ki, Azərbaycanın ən çətin və ağır dövründə məsuliyyəti öz üzərinə götürüb, onu bir dövlət kimi tarixin sərt sınaqlarından çıxarıb xalqına və ölkəsinə böyük nailiyyətlər qazandırmışdır, həm də ona görə ki, özünəməxsus müdrikliklə yaxın və uzaq gələcəyi düşünərək müəyyənləşdirdiyi hədəflərə çatmaq üçün bugünkü qalibiyətin və güclü sabahının sarsılmaz təməlini qoymuşdur.

 Heydər Əliyev və səhiyyə

 Müasir, güclü və qalib Azərbacanın tarixində Heydər Əliyevin müxtəlif sahələrdəki rolunu hər sahənin mütəxəssisləri tərəfindən dərin təhlili zamanı məlum olur ki, heç bir sahə onun diqqətindən kənarda qalmayıb.Tibb sahəsində araşdırma aparan alimlərin də fikrincə, Heydər Əliyev üçün ən vacib sahə insanların sağlamlığı, səhiyyə və tibb elmin inkişafı, savadlı, bilikli, peşəkar həkim kadrların hazırlanması olub. Ulu öndərin həyat yoldaşı həkim oftalmoloq, akademik Zərifə xanım Əliyeva da tibb sahəsində olan problemlər üzərində Heydər Əliyev ilə birgə düşünürdülər. Beləliklə Heydər Əliyev təbabət qarşısında duran ciddi və ağrıılı məsələləri çox yaxından öyrənir və həlli yollarını axtarırdı: immunlaşdırma, bir sıra infeksion xəstəliklər, o cümlədən vərəm, malyariya, difteriya, poliomielit, məxmərək və s. həmçinin narkomaniya, ana və uşaq sağlamlığı, kadr çatışmazlığı və mövcud kadrların səviyyəsi, bunlar Azərbaycan səhiyyəsində öz həllini gözləyən problemlərin yalnız bir hissəsi idi. Məhz elə buna görə də 1969–cu ilin avqustunda keçirilmiş tarixi plenumda Azərbaycanda səhiyyənin inkişaf sürətini prinsipcə dəyişmək qarşıya vəzifə kimi qoyulmuşdu. 

Heydər Əliyev hər işə problemin kökünü müəyyənləşdirməklə ilə başlayırdı. Çünki, bu mürəkkəb məsələ olsa da, həm də uğurun təməli demək idi. Məhz buna görə Ulu öndərin təşəbbüsü ilə 1969–cu ilin dekabrında Azərbaycan Respublikası Ali Sovetinin VII Sessiyası tərəfindən“Sağlamlıq Məcəlləsi” adlı sənəd qəbul edildi.

Həkimlərə, bütün səhiyyə işçilərinə xüsusi diqqət və qayğı ilə yanaşan ümummilli lider, ilk növbədə səhiyyə ocaqlarının, tibb elminin və tibb təhsilinin maddi-texniki bazasının gücləndirilməsini ön plana çəkirdi. 1970–ci illərdə bir sıra bölgələrdə tibb müəssisələri yararsız binalarda yerləşirdi. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkədə bir-birinin ardınca yeni xəstəxana və poliklinikaların, yeni tibb müəssisələrinin, Elmi-Tədqiqat İnstitutlarının, müalicə-diaqnostika mərkəzlərinin yaradılması Azərbaycanda səhiyyənin, o cümlədən tibb elmi və tibb təhsilinin inkişafına güclü təkan verdi. Yeni istifadəyə verilən səhiyyə müəssisələri arasında Uroloji Kliniki Xəstəxana, neyrocərrahiyyə, toksikologiya, yanıq mərkəzləri kimi tibb ocaqları var idi. Elmi–Tədqiqat Oftalmologiya və Elmi–Tədqiqat Onkologiya institutları üçün yeni binalar da o zaman tikilməyə başladı. Bir vaxtlar Əziz Əliyevin etmək istədiyi, lakin müəyyən iqtisadi-texnoloji səbəblər üzündən tibb elmi və tibb təhsili üçün edə bilmədiyi işlər ulu öndər Heydər Əliyev tərəfindən yüksək səviyyədə həyata keçirilirdi.

Müasir səhiyyə müəssisələri müvafiq yüksək səviyyəli kadr potensialının olmasını da tələb edirdi. Həkimlərin və orta tibb işçilərinin çatışmazlığını aradan qaldırmaq üçün Heydər Əliyevin təşəbbüsü ilə ilk növbədə Azərbaycan Tibb İnstitutuna və tibb məktəblərinə tələbə qəbulu artırıldı, tibbi kadrlara ehtiyac olan ucqar bölgələrdən gələn abituriyentlər üçün güzəştlər tətbiq edildi. Bununla da rayonların səhiyyə müəssisələrində kadr çatışmazlığı tədricən aradan qalxmağa başladı.

heyder-seh

Tibbi kadrların kəmiyyət artımı ilə yanaşı, onların keyfiyyəti də böyük əhəmiyyət daşıyırdı. Səhiyyənin inkişafında əsas amillərdən biri olan kadrların təkmilləşməsi sahəsində bir-biri ilə qarşılıqlı surətdə bağlı olan iki məsələ, səhiyyə müəssisələrində çalışacaq yüksək ixtisaslı tibb personalının və təbabət sahəsində elmi tədqiqatlar aparacaq gənc alimlərin hazırlığı qarşıda vəzifə kimi dururdu. Bu məqsədlə həm Bakıda ali təhsilin keyfiyyətinin yüksəldilməsinə, həm SSRİ–nin qabaqcıl tibb təhsili müəssisələrində həkim kadrlarının hazırlığına, həm də tibb elminin inkişafına, gənc azərbaycanlı alimlərin İttifaq səviyyəli tibb ocaqlarında öz elmi fəaliyyətlərini davam etdirməsinə böyük əhəmiyyət verilirdi. Məhz Heydər Əliyevin təşəbbüsü ilə qabaqcıl elm mərkəzlərində tədqiqatlar aparan, dissertasiyalar müdafiə edən həmin insanlar sonralar tibb elmimizin fəxri kimi, səhiyyəmizin inkişafına dəyərli töhfələr verdilər.

Heydər Əliyevin Azərbaycana rəhbərliyi illərində respublikada həkim kadrlarının və təbabət alimlərinin hazırlığı yüksək vüsət aldı, yeni elmi mərkəzlər açıldı, təbabət üzrə elmi–tədqiqat institutlarının fəaliyyəti canlandırıldı və o zamankı Azərbaycan Dövlət Tibb İnstitutu keçmiş Sovetlər İttifaqında yenidən tanınmağa, öz sözünü deməyə başlamışdır. Tibbi fənlərin diplomaqədərki və diplomdansonrakı tədrisinin, tələbələrin və məzunların peşə hazırlığının, eləcə də abituriyentlərin instituta qəbulunun keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Dövlət Tibb İnstitutunda internatura kursu, hazırlıq şöbəsi, istehsalat təcrübəsi dekanlığı və digər köməkçi şöbələr yaradılmışdır.

XX əsrin 70-80-ci illərində ölkədə tibb elminin müxtəlif istiqamətləri üzrə konfranslar, forumlar keçirildi. Ümumittifaq tədbirlərin respublikamızın paytaxtında keçirilməsinin elmi–praktik əhəmiyyəti ilə yanaşı, həm də siyasi mənası var idi. Bakı İttifaq miqyaslı elmi mərkəzə, tibb alimlərinin ənənəvi görüş yerinə çevrilmişdi.

Heydər Əliyev əhalinin sağlamlığı ilə bağlı daha bir məsələyə—profilaktika və sağlamlaşdırıcı tədbirlərə, kurort müalicəsinin təşkilinə də böyük əhəmiyyət verirdi. Xalqımızın müdrik oğlunun respublikaya rəhbər seçiləndən sonra müzakirəyə çıxardığı ilk mövzulardan biri Naftalan, İstisu və Abşeron sanatoriyalarında tibbi xidmətin yaxşılaşdırılması, eləcə də çağırış yaşlı gənclər arasında müalicə–sağlamlaşdırıcı işin səviyyəsinin artırılması olmuşdu. Həmin illərdə əhalinin kütləvi surətdə dispanser qeydiyyatına alınmasına, sahə həkimlərinin işinin fəallaşdırılmasına, ana və uşaqlara göstərilən tibbi xidmətin səviyyəsinin artırılmasına ayrılan diqqət də xəstəliklərin qarşısının alınmasına, vaxtında aşkarlanaraq müalicə edilməsinə yönəldilmişdi.

Ulu öndərin fəaliyyətinin Moskva dövrü də səhiyyənin inkişafı baxımından çox əhəmiyyətli idi. Heydər Əliyev bundan sonra tək Azərbaycanın deyil, bütün sovetlər birliyinin səhiyyəsinə, həmçinin iqtisadiyyatın bir sıra ən mürəkkəb və məsul sahələrinə rəhbərlik edəcəkdi. Onun tibb elmində, tibb sənayesində və bütövlükdə səhiyyə sistemində elmi–texniki tərəqqinin sürətləndirilməsi, Azərbaycan təcrübəsinə əsaslanaraq SSRİ əhalisinin kütləvi dispanserizasiyası və səhiyyə sistemində iqtisadi islahatlar keçirilməsi təşəbbüsü ilə çıxış etməsi onun qlobal düşüncə tərzindən, hər bir problemi köklü surətdə həll etmək bacarığından xəbər verirdi. Ulu öndər 1998-ci il sentyabrın 28-də Azərbaycan Tibb Universitetinin yeni 11 mərtəbəli tədris binasının açılışında çıxış edərkən bu məqama toxunaraq demişdir: “Mən Azərbaycana rəhbərlik etdiyim zaman, sonra Sovetlər İttifaqının, SSRİ-nin rəhbərliyində olduğum illərdə daim səhiyyə, tibb elmi ilə yaxın olmuşam, ona qayğı göstərmişəm və hesab edirəm ki, çox işlər görmüşəm. Mən o vaxt Sovetlər İttifaqının Moskvada yerləşən ən böyük, ən mötəbər tibb ocaqları, müəssisələri ilə yaxından tanış idim, onların yaranmasında, inkişaf etməsində xidmətlər göstərirdim. Mənim o vaxt həm Onkoloji Mərkəzin, həm Kardioloji Mərkəzin, həm ürək Cərrahiyyəsi Mərkəzinin, həm Oftalmoloji Mərkəzlərinin, başqalarının yaranmasında, inkişaf etməsində, onların maddi-texniki bazasının yaranmasında çox səylərim olmuşdur. Mən bu gün böyük məmnuniyyətlə xatırlayıram ki, o vaxt SSRİ Tibb Elmləri Akademiyasının 40 illik yubileyində Sovet İttifaqının rəhbərliyi adından iştirak etdim. Mən bir də bunları edərək o vaxt SSRİ dövləti tərkibində Azərbaycanın səhiyyəsinə marağı, qayğını daha da artırırdım. Moskvada yerləşən o böyük tibb elmi mərkəzlərinin diqqətini Azərbaycana cəlb edirdim və Azərbaycana yardım etməyə çalışırdım”.

Tale elə gətirdi ki, ulu öndərin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişi də Vətənimiz və səhiyyəmiz üçün çətin bir məqama təsadüf etdi. Xalqımızın 1980-ci illərin sonu 1990-cı illərin əvvəllərində müstəqillik uğrunda mübarizəsi, SSRİ-nin dağılması və bununla bağlı iqtisadi tənəzzül səhiyyəmiz üçün də izsiz ötüşməmişdi. Üstəlik, müharibə, Ermənistanın etnik təmizləmə siyasəti və ərazilərimizin işğalı ilə bağlı 1 milyon qaçqın və məcburi köçkün ordusunun olması yenicə istiqlaliyyətini qazanan və hələ iqtisadi cəhətdən möhkəmlənməmiş bir ölkədə səhiyyəni prioritet sahə kimi inkişaf etdirməyə imkan vermirdi.

Bununla belə, Heydər Əliyevin xüsusi diqqət və qayğısı sayəsində müstəqillik dövründə ölkəmizdə səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması sahəsində əhəmiyyətli nailiyyətlər əldə etmək mümkün oldu. Onun bilavasitə rəhbərliyi ilə ölkənin səhiyyə sistemində ardıcıl və məqsədyönlü işlər görüldü, islahatlar aparıldı. Bu işdə ilk növbədə səhiyyənin hüquqi–normativ bazasının təkmilləşdirilməsi və dünya standartları səviyyəsinə qaldırılması daim diqqət mərkəzində saxlanılırdı. Həmin məqsədlə ölkəmizdə səhiyyənin qanunvericilik bazasını gücləndirən bir sıra qanunlar, o cümlədən “Əhalinin sağlamlığının qorunması haqqında”, “Qan və onun komponentlərinin donorluğu haqqında”, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AİDS) yayılmasının qarşısının alınması haqqında”, “Əczaçılıq fəaliyyəti haqqında”, “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında”, “Tibbi sığorta haqqında” və s. qanunlar işlənib hazırlandı və Milli Məclis tərəfindən qəbul edildi. Azərbaycan ərazisində QİÇS və vərəm xəstəliklərinin yayılmasının qarşısını almaq üçün milli proqramlar işlənib hazırlandı.

Heydər Əliyevin Azərbaycan səhiyyəsi qarşısındakı xidmətlərindən danışarkən səhiyyə islahatları proqramının hazırlanması və icrasını xüsusi qeyd etmək lazımdır. Ölkə başçısının “Səhiyyə sahəsində islahatlar üzrə Dövlət Komissiyasının yaradılması barədə” 13 mart 1998–ci il tarixli sərəncamı səhiyyənin bütün sahələrini əhatə edən islahatların daha geniş miqyasda və sürətlə aparılması üçün şərait yaratdı.

Müstəqilliyin ilk illərində səhiyyənin maliyyələşdirilməsi, daha dəqiq desək, ona lazımi səviyyədə maliyyə vəsaiti ayırmaq imkanının olmaması ən çox narahatlıq doğuran problemlərdən biri idi. Məhz buna görə də Heydər Əliyev həm səhiyyəyə əlavə vəsait cəlb etmək, həm də bazar iqtisadiyyatına keçid dövrünü yaşayan ölkəmizdə səhiyyəni bir fəaliyyət növü kimi liberallaşdırmaq üçün özəl səhiyyə sisteminin tətbiqinə şərait yaratdı. Onun bilavasitə göstərişlərinə əsasən bu istiqamətdə hüquqi–normativ baza olan “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Özəl və dövlət tibb müəssisələri arasında rəqabət yaranması sayəsində əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi yüksəldi, bu isə səhiyyəmizin gələcək inkişafı üçün təkan oldu.

Ümummilli lider Ermənistanın Azərbaycana təcavüzü nəticəsində öz doğma yurdunu tərk etməyə məcbur olmuş qaçqın və məcburi köçkünlərin tibbi təminatı ilə bağlı problemlərin həllini də daim diqqət mərkəzində saxlayır, onlara lazımi tibbi xidmətin göstərilməsi ilə əlaqədar göstərişlər verir, bu məsələləri ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların nümayəndələrinin iştirakı ilə müzakirə edirdi. Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların ailələri də daim onun nəzər–diqqətində idi. Heydər Əliyevin tövsiyəsinə uyğun olaraq, 1994–cü ildən etibarən şəhid ailələri Azərbaycanın bütün bölgələrində tibb müəssisələrinin himayəsinə götürüldü. Bununla belə ulu öndərin ən böyük arzusu Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunmuş torpaqlarımızın azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, bir milyona qədər soydaşımızın öz evlərinə qayıtmasının təmin edilməsi idi. Bu  arzuları reallaşdırmaq üçün Həydər Əliyev var qüvvəsi ilə çalışırdı və onun vaxtının və enerjisinin böyük hissəsinin həmin problemlərə həsr olunduğunu özü dəfələrlə etiraf etmişdi.Ulu öndər münaqişənin siyasi-diplomatik yolla həlli üçün göstərdiyi böyük səylərlə paralel hərbi quruculuq məsələrinə xüsusi diqqət yetirərək, hazırda öz gücü, qüdrəti və döyüş təcrübəsi ilə dünyanın diqqət mərkəzində olan rəşadətli Azərbaycan Ordusunun bünövrəsini yaratmşdır. Bu istiqamətdə aparılan işlərə müvafiq olaraq, Silahlı Qüvvələrimizin peşəkar hərbi tibb zabitlərinə ehtiyacını ödəmək üçün 2000-ci ildə Azərbaycan Tibb Universitetinin nəzdində strateji əhəmiyyət kəsb edən Hərbi tibb fakültəsi yaradıldı. Hərbi tibb fakültəsinin nəzdində tibb xidməti zabitlərinin təhsilində fasiləsizlik prinsipinin təmin edilməsi məqsədilə “təkmilləşdirmə” kursları da fəaliyyətə başlamışdır.

Heydər Əliyevin prezidentliyi dövründə səhiyyəmizin maddi–texniki bazasının gücləndirilməsi istiqamətində də xeyli iş görüldü, o cümlədən bir sıra tibb müəssisələrində təmir–tikinti işləri aparıldı, bəzi səhiyyə ocaqları ən müasir avadanlıq və cihazlarla təchiz edildi. O illərdə bu sahədə ən diqqətəlayiq hadisələr, Azərbaycan Tibb Universitetinin yeni korpusunun istifadəyə verilməsi və müasir dünya standartlarına cavab verən Mərkəzi Klinik Xəstəxananın açılışı isə ümummilli liderin Azərbaycan xalqının sağlamlığına göstərdiyi qayğının ən parlaq təcəssümü oldu.

Beləliklə, tərəddüd etmədən deyə bilərik ki, ölkəmizin ictimai həyatının bütün sahələrində olduğu kimi, səhiyyə sahəsində də yeni iqtisadi sistemə uyğun olaraq, həyata keçirilən islahatlar, inkişaf və tərəqqi Heydər Əliyevin adı ilə bağlıdır. Səhiyyəmizin inkişafı yolunda ümummilli liderin xalqının hər bir nümayəndəsinin gələcəyini düşünərək, gördüyü işlər öz dəyəri, böyüklüyü ilə əvəzsizdir.

 Ümummilli liderimizin davamçısı İlham Əliyev

 Bu gün bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində də ulu öndərin siyasi kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı ümummilli lider Heydər Əliyevin başlıca həyat prinsipi olan xalqa, millətə xidmət və sədaqət amalını yaşadır. Məhz onun rəhbərliyi altında Heydər Əliyev siyasəti, gələcəyə istiqamətlənmiş strateji inkişaf kursu davamlı surətdə irəliləyir və Azərbaycanın uğurlarının əsasını təşkil edir.

Ölkə rəhbərliyinin milli səhiyyə sisteminə xüsusi diqqət və qayğısı daim yaxından hiss edilir. Bu siyasətin nəticəsidir ki, son illərdə ölkəmizin bütün səhiyyə obyektlərinin, tibb elmi və tibb təhsili müəssisələrinin maddi-texniki bazası, infrastrukturu müasirləşib, elmi potensialı daha da güclənib və İcbari Tibbi Sığortanın tətbiqi nəticəsində hər kəs yüksək səviyyəli tibbi xidmətlə təmin olunmaqdadır. Bu istiqamətdə aparılan işlərə müvafiq olaraq, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində 2006-cı ildə Baş Klinik Hospitalınən müasir standartlara cavab verən birinci müalicə korpusun və 2013-cü ildə ikinci müalicə korpusun açılışı oldu. Hospitalın maddi-texniki bazası, müalicə-diaqnostika imkanları, kadr potensialı dəfələrlə artmış və regionun ən böyük hərbi tibb müəssisəsinə çevrilmişdir.Bu da ölkəmizdə zabit və əsgərlərimizə, həmçinin mülkü vətəndaşlara göstərilən tibb xidmətin, eləcə də tibb elmi və tibb təhsilinin inkişafına güclü təkan verdi. Prezident İlham Əliyevin 2007-ci il sentyabrın 11-də imzaladığı “Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının yaradılması haqqında” Sərəncamı da dövlət başçısının təhsil və səhiyyə məsələlərinə necə böyük həssaslıqla yanaşdığını bir daha təsdiqləyir. Universitetin cəmiyyətdəki yerini yüksək dəyərləndirən Azərbaycan Prezidenti hələ 2010-cu il aprelin 28-də “Azərbaycan Tibb Universitetinin 80 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalamışdı. Universitetin 80 illik yubileyi ilə əlaqədar dövlətimizin başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə 2010-cu ilin oktyabr ayında, bu ali təhsil ocağının ən müasir standartlara cavab verən Tədris-Terapevtik Klinikasının təntənəli açılışı oldu. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 13 mart tarixli Sərəncamı əsasında universitetin Tədris-Cərrahiyyə Klinikası da inşa edilib və 2013-cü il sentyabrın 12-də klinikanın təntənəli açılış mərasimi keçirilib. 500 çarpayılıq Tədris-Cərrahiyyə Klinikasının müasir səviyyədə inşası dövlətimizin təkcə bu ali təhsil ocağının deyil, bütövlükdə Azərbaycan Respublikasının səhiyyə sisteminin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə yönəldilmiş diqqət və qayğısının əyani göstəricisidir.

Heydər Əliyevin tibb kadrları üzrə siyasətinin davamı olaraq, bu gün yüksək ixtisaslı kadr hazırlığına çox böyük önəm verilir. Tibb təhsilində rezidenturanın tətbiqi, tibb işçilərinin sertifikasiyası və mərkəzləşmiş imtahanla işə qəbulu da məhz buna xidmət edir. İndi yüzlərlə azərbaycanlı həkim həm xarici ölkələrin klinikalarında, həm də Azərbaycana dəvət olunmuş aparıcı mütəxəssislərin keçdiyi təlimlərdə öz biliklərini zənginləşdirirlər.

Bu gün Azərbaycan müasir, qüdrətli və dinamik inkişafa malik olan ölkə kimi tanınır. Bütün sahələrdə ardıcıl və sistemli islahatlar həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində bütün istiqamətlərdə, o cümlədən elm, təhsil, səhiyyə sahələrində davamlı inkişaf müşahidə edilir. Xüsusilə də, səhiyyə sahəsində uğurlu addımlar atılıb, bu sahənin inkişafı üçün bütün imkanlar yaradılıb. Bunlardan biri də icbari tibbi sığortanın tətbiqidir. Ölkəmizdə mərhələli şəkildə həyata keçirilən icbari tibbi sığorta artıq bütün ölkə üzrə tətbiq olunur.

İcbari tibbi sığortanın tətbiqində yüksək maddi-texniki bazaya malik olan səhiyyə müəssisələrinin əhəmiyyəti böyükdür. Ölkəmizdə son 17 il ərzində 750-dən çox xəstəxana yenidən tikilib və ya əsaslı şəkildə təmir edilib. Səhiyyənin xəstəxana və tibb müəssisələri fondu demək olar ki, indi ən yüksək standartlara cavab verir. Ölkəmizdə səhiyyənin səviyyəsinin yüksəlməsi son elmi texnoloji yeniliklərin tətbiqi sahəsində mümkün olub. Məhz pandemiya dövründə ölkə səhiyyəsinin bu duruma adekvat olması reallığı tam əks etdirir. Bu dövrdə görülən işlər, o cümlədən yeni tibb müəssisələrinin açılması ölkə səhiyyəsi ilə bağlı mənzərənin aydın təzahürüdür. Koronavirus pandemiyasının ilk vaxtlarından vətəndaşların sağlamlığının qorunması, virusun geniş yayılmasının qarşısının alınması məqsədilə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə ərazisində çevik və sistemli preventiv tədbirlər həyata keçirilməyə başlanıb.

Yeni tikilən, əsaslı təmir olunan, ən müasir avadanlıqlarla təchiz edilən tibb mərkəzləri, tibb işçilərinin təkmilləşməsinə verilən diqqət, gündən–günə yaxşılaşan sağlamlıq və demoqrafik göstəricilər Azərbaycan dövlətinin və Azərbaycan Prezidentinin əhalinin səhhətinin qorunmasına, gələcək nəsillərin sağlamlığına verdiyi əhəmiyyətin sübutudur.

 Müzəffər Ali Baş Komandan İlham Əliyev və xalq...

 Azərbaycan Prezidentinin bütün istiqamətlərdə həyata keçirdiyi siyasətin mərkəzində insan amili dayanır və bu siyasət ulu öndər Heydər Əliyevin idarəçilik ənənələrinin davamıdır. Dövlət başçısı tərəfindən aparılan islahatlar çərçivəsində qanunvericilik işinin tənzimlənməsi və bu işin əlaqələndirilərək icra olunması Milli Məclisin Səhiyyə komitəsinin, Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə fəaliyyətləri ilə yerinə yetirilir.

“Mən istəyirəm ki, hər bir insan yaxşı yaşasın, hər bir insanın maddi imkanları artsın, uşaqlar yaxşı məktəblərdə oxusunlar, müəllimlər yaxşı məktəblərdə dərs desinlər. Həkimlər gözəl xəstəxanalarda işləsinlər və insanlarımız da sağlam olsunlar”,—deyən Prezident İlham Əliyev bu istəklərini gerçəkləşdirmək üçün vaxtını, qüvvəsini və səylərini əsirgəmir.  Azərbaycanda milli dövlətçilik ənənəsinin formalaşması və həyatın bütün sahələrini, o cümlədən tibb təhsili, tibb elmi və səhiyyə sistemimizi əhatə edən çoxşaxəli fəaliyyət, əldə olunan parlaq uğurlar, milli-mənəvi dəyərlərin təşəkkül tapması, tarixi soy-kökə qayıdış, azərbaycançılıq dəyərləri, dünyagörüşünün formalaşması məhz ulu öndərin ideyalarının reallığa çevrilməsinin məntiqi nəticələridir. Bu gün əminliklə deyə bilərik ki, Vətənimiz, xalxımiz və dövlətimizlə bağlı arzularının reallaşmasından Heydər Əliyevin ruhu şaddır. Ümummilli lider axıra çatdıra bilmədiyi arzuları, planları, işləri siyasi varisi İlham Əliyevin başa çatdıracağına inanırdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev də xoşbəxtdir ki, ata vəsiyyətini yerinə yetirdi- xalqın inamı və dəstəyi, özünün diplomatik qətiyyəti, rəşadətli ordumuzun gücü və qüdrəti ilə torpaqlarımızın 30 illik işğalına son qoyaraq xalqımıza və dövlətimizə Zəfər sevinci yaşatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanı qorudu və daha möhtəşəm bir zirvəyə ucaltdı. O, iki əsr davam edən münaqişəyə 44 gün ərzində son qoymaqla adını Dünya tarixinə qızıl hərflərlə yazdıran Şəxsiyyət oldu.

 Rafiq Xəlilov,

Müdafiə Nazirliyi Baş Klinik Hospitalda  İnvaziv Kardiologiya bölməsinin rəisi

Tibb xidmət polkovnik-leytenantı

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 Hazırladı və təqdim etdi:

Elçin Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN