Qətiyyən şübhə etmirəm ki, bu gün dünyanın istənilən guşəsində, istənilən səviyyədə bütün insanlar birmənalı qəbul edir ki, dünyamızın nizamı pozulub. Həm də elə pozulub ki, bəşəriyyət planetimizin məhvolma təhlükəsi ilə üz-üzədir.
Alimlərin iddiasına görə, yer kürəsi yarandığından bəri dəfələrlə yaradanın yaranmışlara qəzəbinə düçar olub və kürəmizdə belə məhşərlər baş verib. Kimdi və ya kimlərdi zamanımızda yaradanı qəzəbləndirən yaranmışlar? Okeanın o tayında dünyanı bir qütbdən idarə etmək iddiası ilə bütün millətləri özünə tabe etdirmək istəyən Azadlıq adası Amerika Birləşmiş Ştatlarımı? Yoxsa, yaradanın da (ola bilsin-T.N.) təkqütblü dünya istəyinin əleyhinə çıxıb ABŞ-nin bu strategiyasına dirsək göstərən digər qütblər - Rusiyamı, Çinmi, qismən də Avropa İttifaqımı? Bunu oyrənmək və bilmək çabamız bihudədi, çünki bu məsələdə gerçəyi bilən tək bir yaradanın özüdür ki, onun da bildiklərini insan övladının öyrənməsi və bilməsi mümkün deyil. İndilikdə bildiyimiz və bilməli olduğumuz isə dünyanın həqiqətən ciddi bir məhşərlə üz-üzə qaldığıdır ki, bunu da “məmə deyəndən pəpə yeyənə” qədər hamı bilir. Bəs dünyanı bu məhşər bəlasından xilas etmək mümkündürmü? Əcəba, mümkünsə, bu mümkünlüyü kim və ya kimlər reallaşdıra bilər və reallaşdıracaq? Yazını qələmə almaqda da məqsədim bu xilas yolunun yolçusu haqqında düşüncələrimi əziz oxucularımla bölüşmək istəyimdən doğdu.
Qısa bir araşdırma və ya təhlil üzərində gəzişək. İslam mənbələrində maraq doğuran bir hədis var. Bir müsəlmanın türklərin də islama gələcəkləri ilə bağlı sualını cavablandıran tanrı elçisi Həzrət Məhəmməd (S.S.) buyurur ki, “türklər rəbbimin yer üzündəki vuran qoludur. Hər dəfə dünya nizamından çıxanda, insanlar yollarını azanda rəbbim vuran qolunun əli ilə dünyanı nizama, insanları da haqqa qaytarır!” İslama qədər olan dünya tarixində türklərin həqiqətən dünyaya nizam, yeni mədəniyyət gətirməsi faktlarına toxunmadan, məhz islamdan sonrakı dövrdə peyğənbər əfəndimizin bu kəlamının gerçəkliyini əvvəl Böyük Səlcuqlar, sonra isə Osmanlı və Səfəvi türk dövlətləri sübut etmişdir. Bütün dünyanı təsiri altına salan və qaniçən yürüşləri ilə, türk əsilli olsa da, zülmkar əməlləri ilə türk adına ləkə olan monqol-tatar hökmranlığının sonunu gətirən də , ardınca dünyaya insanlıq, humanizm, haqq- ədalət əsaslı idarəetmə sistemi gətirən də türk dövlətləri oldu. Bizlər fərqində olmasaq belə dünyanı böyük təhlükələrdən xilas etdilər və dünyaya yeni nizam gətirdilər. Dünyaya ağalıq iddiasına düşən ölkələr düşdülər ortaya. Hamısı da haqq-ədalət deyib bağırsalar da, özləri haqq-ədalət tərəzisini əyməklə məşğul oldular. Nəticədə dünyada, XX əsrin əvvəllərindən başlayaraq 100 il bəşəriyyət türkün müdaxiləsi olmadan idarə olundu Ötən , ilbəil də dünyanın nizamı pozulmağa başladı, əsrin sonlarından isə dünya məhşərə doğru iri addımlarla irəliləməyə başladı. Elə həmin dövrdə rəbbim yenidən türkə güc, qüvvət verməklə “yer üzündəki vuran qolu”nun əli ilə nizamı pozulmağa başlayan dünyanı yenidən nizama qaytarmaq qərarı almış oldu. Görünən odur ki, islam peyğəmbərinin bu kəlamından xəbərdar olan, yüz illərdir verdiyi bütün proqnozlar birə-bir təsdiqini tapan Nostradamus da, dünyanın XIX-XX əsrlərdə nizamının pozulacağına əmin olduğundan məhz peyğənbər əfəndimizin həmin kəlama istinad edərək XX əsrin əvvəllərində dünyanın hücumları qarşısında geri çəkilməyə məcbur olan türklərin XXI əsrdə yenidən yüksəlişi və XXI əsrin türk əsri olacağı proqnozunu vermişdi. Rəbbin işinə qarışmağa gücümüz, qüdrətimiz yetməsə də, baş verənləri analiz edəndə, gəlinən nəticə bunu deməyə əsas verir ki, rəbbim yenidən türkün əli ilə mizanı pozulmuş bəşəriyyəti nizama qaytarmaqda qərarlıdır.
Dəfələrlə göydəki buludlar arasından, dənizdəki balıqlardan, ağacdakı fındıq meyvəsindən insanlığa mesajlar göndərən rəbbimizin bu ismarıclarını da görməzdən gələn dünya gücləri, fironluq iddialarından bir addım da geri çəkilmək fikrində olmadıqlarını əməlləri ilə sübut edirlər.Nəhayət rəbbim özü məsələyə müdaxilə etməkdən başqa çıxış yolu olmadığını gördü. Əvvəl əhalisinin böyük bir hissəsi qüdrətli türk nəsillərinin övladlarından ibarət olan nəhəng bir imperiyanın dağılmasına rəvac verdi. Dağılan imperiyadan beş türk dövlətinin yaradılması və tədricən bu dövlətlərin və Türkiyənin yaxınlaşaraq bir təşkilata çevrilməsi prosesi uğurla yol aldı. Beləcə, tarixi türk qüdrətinin yenidən birləşməsi, türkün özünə qayıdış prosesi başladı. Qətiyyən şübhə etmək olmaz ki, ötən əsrin sonlarında Azərbaycanda Heydər Əliyevi, ardınca isə Türkiyədə Rəcəb Tayyib Ərdoğan və yenə Azərbaycanda İlham Əliyev tondemini himayə edən rəbbim məhz onların vasitəsilə bu birliyi reallaşdırdı. 44 günlük Vətən müharibəsində və ən son Türkiyədə keçirilən Prezident seçkilərində rəbbimin bu iki liderə necə dayaq durduğunu, dünyanın bütün güc mərkəzləri ilə başa-baş savaşaraq qalib olmalarını xatırlamaq dediklərimi təsdiq edən faktlardır. Deməli rəbbim dünyanı yenidən nizama salmağa qərarlıdır və bunun üçün türkün qolunun gücünü birə on artırmaqla bəşəriyyəti yenidən onun əli ilə xilas etmək istəyindədir. Təbii, bir istək ki, yaradandan gəlir, ona qarşı heç bir yaranmış duruş gətirə bilməz və gətirə bilməyəcək...
Tanrı dünyanın xilaskarı türkün gücünə güc qatsın, tanrı vuran qolu türkü öz yanında utandırmasın, inşallah! Dünyanın 80-ə yaxın ölkəsindən dövlət və hökumət başçılarının (Mənim bildiyimə görə dünya tarixində öz ölkəsinə rəhbər seçilmiş birinin bu qədər dünya coşqusu ilə qarsalandığını kimsə görməmişdi-T.N.) da qatıldığı Əminlik Mərasimində (“Andiçmə” və ya “İnaqurasiya” da deyə bilərik-T.N.) Prezident Rəcəb Tayyib Ərdoğanın bəşəriyyəti pisliklərdən, ədalətsizlikdən xilas edib də, iyilik, yəni bizim türkcəmizcə yaxşılıq yoluna yönləndirmək haqqında söylədikləri, hesab edirəm ki, ilahidən yer üzünə göndərilmiş bir mesaj idi. Məhz türkün səsinə səs verən Afrikanın əzilən xalqlarının oyanışı da yeni dünya nizamına başlandığının mesajıdır. Konqo Prezidentinin on illərdir əsarətlərində qaldıqları Fransanın pisliklərə dayaq duran başçısı Makronun qarşısındakı ittiham xarakterli sözləri, Liviyada, Misirdə, Əcəzairdə və digər Afrika ölkələrində baş verənlər bunu deməyə əsas verir.
Haydı, türk dünyası, rəbbin himayəsi altında qüdrətli liderlərimizin haqq savaşında birgə addımlayaq! Şair Zəlimxan Yaqub demiş, “əzəl-axır dünya türkün olacaq!” Çünki türk tanrının yer üzündəki ən sevimlisi, vuran qoludur. Çünki dunyanı yaxşı, ədalətli, humanizmə əsaslanan birgəyaşayışda görmək istəyən yaradan belə istəyir. Yaradanın istəyinə isə hər hansı yaranmışın əks çıxması özünüməhvə gedən yolun başlanğıcı ola bilər. Özünü məhv edənlərə yerini göstərmək zamanıdır, türk dünyası! Seçimin mübarək, türk xalqı, yeni yüz ilin yeni qurtuluş savaşında bütün türk dünyası sizinlədir, RƏCƏB TAYYİB ƏRDOĞAN və İLHAM HEYDƏR OĞLU ƏLİYEV!!!
Təhmasib Novruzov,
Azadlıq Hərakatçıları Birliyinin sədri,
yazıçı-publisist
(Xüsusi olaraq "Təzadlar" üçün)