Bu gün İmişli şəhərində əmək yarmarkası keçirilib.
Həmin əmək yarmarkasında İmişli rayonundan deputat seçilmiş Razi Nurullayev də iştirak edib.
O, çıxışı zamanı qəbuluna gələn bir çox gəncə Qarabağda yüksək maaşlı (1000-1500 manat civarında) işlə təmin edə biləcəyi barədə təklif verdiyini, lakin həmin şəxslərin bundan imtina etdiyin bildirib.
Onun sözlərinə görə, onlar öz evlərindən kənarda deyil, az maaşla da olsa evlərinin yanında sosial işdə çalışmaq istədiklərini bildiriblər. Razi Nurullayev bu barədə sosial şəbəkə hesabındakı paylaşımında da qeyd edib:
“...Dedim ki, 1000 AZN əmək haqqı ilə Qarabağda iş var, göndərim get işlə, dedi ki, yox elə evimizin yanında məktəb var, orada sosial iş olsun işləyim”, - deyə deputat vurğulayıb.
Razi Nurullayev əmək yarmarkasında etdiyi çıxışın videosunu da paylaşıb.
Qeyd edək ki, deputat daha əvvəlki paylaşımında da iş axtaran bəzi seçicilərinin zəhmətə qatlaşmaq istəməməsindən, əmək yarmarkasında təklif edilən iş yerlərinə maraq göstərməməsindən bəhs etmişdi:
"....Ha istədim ki, insanları yönləndirim ki, ay gözəl seçicilərim stendlərə yaxınlaşın və vakansiyalara müraciət edin. Dedilər ki, yox ki, yox. Deputat, mənə sosial iş versinlər: filan məktəbdə qarovulçu, süpürgəçi, "kamxoz"da təmizlikçi, xəstəxanada xadimə... Qarabağda isə 246 vakansiya var idi və yüksək maaş. Bir nəfəri güclə çəkib gətirdim ki, a kişi, otur danış, sosial alınca get, 1000 manat al da.
Xatırladaq ki, iyunun 7-də İmişli rayonunun Şahmat məktəbində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin və İmişli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə əmək yarmarkası keçirilib. Yarmarkada İmişli RİH başçısı Elçin Rzayev, millət vəkili Razi Nurullayev, Mil-Muğan Regional Məşğulluq filialının müdiri İlham Quliyev və işaxtaran vətəndaşlar iştirak ediblər. Yarmarka başlamamışdan öncə icra başçısı Elçin Rzayev, millət vəkili Razi Nurullayev, Mil-Muğan Regional Məşğulluq filialının müdiri İlham Quliyev çıxış edərək qeyd ediblər ki, dövlət başçısının siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayanması ölkəmizdə milli iqtisadiyyatın dinamik artımı şəraitində sosial inkişafın davamlı xarakter almasına, sosial müdafiə və aktiv məşğulluq proqramlarının dəfələrlə genişlənməsinə, sosial sahədə vətəndaş rifahı və məmnunluğuna yönəlik mühüm irəliləyişlərə imkan verib. Həmçinin vurğulanılıb ki, bu gün rayonumuzda keçirilən əmək yarmarkası da əhalinin məşğulluğunun təmin olunması istiqamətində işaxtaranlara dövlətimizin növbəti dəstəyidir.
JASMİN