Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu saxlanılıb.

Bu barədə İbadoğlunun qızı Jalə  Bayramova məlumat verib. Onun sözlərinə görə, İbadoğlu saat 13-14 radələrində Novxanı-Sumqayıt yolunda Sumqayıt gəncləri ilə görüşə gedən zaman saxlanılıb. İbadoğlunun ofisində axtarış aparılır. Öz növbəsində, DİN-in mətbuat xidmətinin əməkdaşı Anar Qafarov bildirib ki, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu daxil olmuş müraciətlə əlaqədar vəkili Zibeydə Sadıqova ilə birgə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib. Araşdırma aparılır. Əlavə məlumat veriləcəkdir. Q.İbadoğlu siyasi fəaliyyəti ilə yanaşı, iqtisadçı-alim  kimi də tanınır. Son illər o, hakimiyyətin ünvanına, xüsusən də insan haqlarının pozulmasına və korrupsiyaya görə kəskin tənqidlərlə  çıxış edirdi. 

Bu günlərdə İbadoğlu Böyük Britaniyada Demokratik Qüvvələrin Milli Şurasının rəhbəri, professor Cəmil Həsənli və Avropada siyasi mühacirətdə olan keçmiş diplomat Arif Məmmədovla birgə  “Azərbaycan Gənclərinin Təhsil Fondu” təsis edib (TURAN). 

***

Tezadlar.az xatırladır ki, Qubad İbadoğlu  FETÖ ilə əlaqədə şübhəli bilinir. Bu barədə Turan-a Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən bildiriblər. Sitat: «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Türkiyə Respublikasının Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında ölkəmizdə FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirmişdir. Tədbirlərlə saxlanılan 5 nəfərdən biri Q.İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə vermişdir. Həmin ifadə əsasında Q.İbadoğlunun ofisində axtarış aparılmış, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanmış və Q.İbadoğlu saxlanılmışdır. Hazırda tədbirlər davam etdirilir», - nazirlikdən deyiblər. 

İbadoğlunun qızı Jalə Bayramovanın sözlərinə görə isə, «ofisdən 40 min dollar saxta pul çıxarıblar». 

Qubad İbadoğlunu Cinayət Məcəlləsinin 204.1-ci maddəsi (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma, beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) ilə şübhəli şəxs qismində saxlanılıb. Bu barədə siyasətçinin qızı bildirib.  «Onu hal-hazırda «bandotdelin» zirzəmisində saxlayırlar. Ona dərman və paltar kimi ehtiyacları götürməyə imkan verməyiblər. Hələ də özünə lazım olan dərmanları yoxdur.  Atamın yüksək təzyiq və şəkəri var, dərmanlar onun həm də digər daxili orqanları üçündü. Həmin dərmanlarsız o sadəcə məhv ola bilər».

Xatırladırıq ki, Qubad İbadoğlu Füzuli rayonundan deputat olan Vüqar Bayramovun qardaşıdır. Avropa Birliyinin Vətəndaş Cəmiyyəti Forumunun həmsədri, iqtisadçı alim Vüqar Bayramov hələ neçə il əvvəl qardaşı Qubad İbadoğlu ilə fərqli cəbhələrdə yer alması barədə səslənən fikirlərə belə münasibət bildirmişdir: "...Təbii ki, Qubad İbadoğlu Azərbaycanın ən yaxşı iqtisadçılarından biridir. Amma nə mənə Qubad İbadoğlunun qardaşı kimi, nə də ona Vüqar Bayramovun qardaşı kimi yanaşılması doğru deyil: hər birimizə fərdi yanaşılıb və fəaliyyətimizə uyğun qiymətin verilməsinə ehtiyac var...".

"Təzadlar"

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN