...Bu dünyada başının üstündə ölkə prezidentinin şəkillərini asıb, kabinetində isə nəinki prezidentinə, həm də xalqına və dövlətinə xəyanət edənlərin aqibətini az görməmişik...

Yeri gəlmişkən, Ağdamın Arif adında bir savadlı və müasir mollası var, ali təhsilli riyaziyyatçıdır... Yas məclislərində iştirakçılara bir məsləhəti mütləqdir: "Ay camaat, mollaların dediyinə inanmayın, cənnət də, cəhənnəm də bu dünyadadır... Həyatını cəhənnəmə çevirənlərin cəhənnəmi türmədir, həyatını xalqına və ölkəsinə həsr edənlərin isə yeri xalqın qəlbində, süfrələrimizin başındadır... ".

*** 

Keçək mətləbə: Yevlaxın sabiq icra başçısı Qoca Səmədov dünyasını dəyişdi, yəni öldü... O, kabinetində başının üstündə asdığı Prezident İlham Əliyevin portretinə xəyanət etmişdi və yetəndən rüşvət almışdı... DTX onu kabinetində də həbs etmişdi... Türməyə salınmışdı... Bu ilin iyul ayında səhhəti ilə bağlı şərti azadlığa buraxılan Qoca Səmədov yaşadığı evdə vəfat edib. 

Q.Səmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən 2019-cu ildə həbs olunub. Vəzifə cinayətləri ilə bağlı ittiham olunan sabiq icra başçısına son olaraq 5 il 9 ay müddətə azadlıqdan mərhumetmə cəzası təyin olunub. Bu ilin iyulunda səhhəti ilə bağlı cəzasının çəkilməmiş hissəsindən şərti azadlığa buraxılıb. O, həbsdə olduğu müddətdə üç dəfə əməliyyat olunub...

Cəhənnəmə inanırsınızmı??? Hansı ki, insan öz əli və əməli ilə özü özünə qazanır...

*** 

"TƏZADLAR"IN ARXİVİNDƏN: "...Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumatda bildirilir ki, 2019-cu ilin noyabr ayınadək Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Qoca Səmədovun bu müddət ərzində vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran çoxsaylı qanun pozuntularına yol verməsinə əsaslı şübhələr müəyyən edilib. Belə ki, dövlət qayğısı olaraq işsiz vətəndaşların ictimai işlərə cəlb edilib aylıq qazanc əldə edə bilmələri üçün dövlət büdcəsi hesabına ayrılan külli miqdarda əmək haqları ələ keçirilib, o cümlədən Yevlax şəhərində “Yaşıllaşdırma və işıqlandırma müəssisəsi”nin fəaliyyətinə və digər abadlıq, təmir-tikinti işlərinə cəlb edildiyi rəsmiləşdirilən 133 nəfər heç bir işə cəlb edilmədən və əmək haqqı almadan, adlarına açılmış əmək haqqı kartları Qoca Səmədovun tabeçiliyində fəaliyyət göstərən şəxslər tərəfindən ətraf rayonlardakı bankomatlarda nağdlaşdırılaraq, Qoca Səmədova şəxsən təqdim edilməklə 236.000 manat dövlət vəsaiti mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib. Habelə, 2017-2019-cu illərdə dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına Yevlax şəhərində abadlıq, təmir-tikinti işlərini həyata keçirmək adı ilə müxtəlif şirkətlərin hesablarına köçürülmüş 616.000 manat vəsait heç bir iş görülmədən Qoca Səmədovun tapşırığı ilə şirkət rəhbərləri tərəfindən nağdlaşdırılaraq ona şəxsən qaytarılmaqla təkrarən mənimsənilib. Şəhər icra hakimiyyəti və əlaqəli strukturlarda çalışan işçilərin əmək haqqından təsis etdiyi Şəhid ailələrinə və müharibə əlillərinə yardım Fonduna könüllü ödəmə adı altında hər ay faiz tutulub, yığılan pulun hər ay 8.000 manatadək olan əsas hissəsi Qoca Səmədova şəxsən təqdim edilib. Qoca Səmədov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin baş memarı Xalid Əhmədovun vasitəçiliyi ilə vətəndaşlar tərəfindən müxtəlif təyinatlı tikintilərin aparılması üçün zəruri olan sənədləşmə işləri və digər əsaslarla ümumilikdə 44 fiziki və hüquqi şəxsdən müxtəlif məbləğlərdə külli miqdarda təkrarən rüşvət tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib. Qoca Səmədov və başqaları vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıblar...". 

"Təzadlar"

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN