Professor İlham Məmmədzadə: “Fəlsəfə və Sosiologiya İnstitutunda Azərbaycan reallıqlarını dünyaya çatdırmağa imkan verən iki virtual laboratoriya fəaliyyət göstərir”

Professor İlham Məmmədzadə: “Süni intellektin milli şüura müsbət və mənfi təsirləri müasir fəlsəfə elminin vacib problemlərindən biridir”

Bu günlərdə tanınmış filosof-alim, elm təşkilatcısı, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadənin 70 yaşı tamam olub.  Professor İlham Məmmədzadə əxlaq və siyasətin nisbətinin kompleks təhlilini aparmış və Azərbaycanın müasir fəlsəfəsinə tətbiq etmiş, Azərbaycanda vətəndaş cəmiyyətinin nəzəriyyəsinin formalaşmasının aktual problemlərini, təcrübəsini və perspektivlərini tədqiq edərək Azərbaycan fəlsəfəsi və siyasi etikası konteksinə daxil etmiş alimlərimizdəndir. "Təzadlar" AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri  Nərgiz Qəhrəmanovanın Professor İlham Məmmədzadə ilə müsahibəsini təqdim edir:

-İlham müəllim, əvvəlcə sizi 70 illik yubileyiniz münasibətilə təbrik edir, sizə elmi fəaliyyətinizdə yeni yaradıcılıq uğurları arzu edirik! Müstəqil Azərbaycanın dövlət və milli maraqlarını istər Vətənimizdə, istərsə də onun hüdudlarından kənarda layiqincə təmsil edən alimlərimizdənsiniz. Rəhbərlik etdiyiniz institutda bu istiqamətdə görülən işlərdən bəhs etməyinizi istərdik.

-Elmi müəssisəyə rəhbərlik böyük məsuliyyət tələbə edən şərəfli işdir. Fikrimcə, son 15 il ərzində Fəlsəfə və Sosiologiya İnstitutunda elmi fəlsəfə, sosiologiya, azərbaycançılıq ideologiya istiqamətində olduqca maraqlı və əhəmiyyətli işlərin sayı artıb. Xüsusilə “Web of Science” və “Scopus” kimi elmi bazalara daxil olan jurnallarda, nüfuzlu konfranslarda iştirakımız kifayət qədər yüksəlib. “Web of Science”ə daxil olan, məqalələrin nəşrinə dair olduqca yüksək tələbləri olan Rusiyanın tanınmış "Вопросы философии" jurnalında əməkdaşlarımızın çap olunmuş məqalələrinin sayı gündən-günə artmaqdadır. Bundan əlavə, Fəlsəfə və Sosiologiya İnstitutunun dünyanın, xüsusilə Rusiya, Türkiyə, Mərkəzi Asiya ölkələrinin nüfuzlu elmi mərkəzləri ilə əlaqələri uzun illərdir davam edir. Bu əlaqələr dünyada Azərbaycan fəlsəfəsinin tanınmasında, bu fəlsəfəyə dair fikrin formalaşmasında əhəmiyyətli rol oynayır.

Qeyd etmək istərdim ki, Akademiya rəhbərliyinin dəstəyi ilə ölkəmizdə də beynəlxalq səviyyəli konfranslar keçirilir. Bu yaxınlarda Fəlsəfə və Sosiologiya İnstitutunun -təşkilatçılığı ilə Ümumdünya  Fəlsəfə Gününə həsr olunmuş iki günlük konfrans keçirilmiş, tədbirdə ABŞ, Türkiyə, Bolqarıstan və s. ölkələrdən qonaqlar iştirak etmişdir.  Konfransın birinci günü universal və milli dəyərlərə, ikinci günü isə süni intellektin fəlsəfəsi məsələlərinə həsr olunmuşdu. Tədbirin bu iki istiqamətə həsr edilməsi son illərdə dəyərlərin süni intellektlə bağlı olmasından irəli gəlir. Aydındır ki, süni intellektin inkişafı milli dəyərlərin dəyişməsinə səbəb olur. Bu səbəbdən dəyərlərin elmi problemləri ilə məşğul olanlar süni intellektin fəlsəfəsinə yiyələnməlidir. Biz çalışmalıyıq ki, süni intellektin milli dəyərlərimizə təsirini təhlil edək. Bununla yanaşı, süni intellektin fəlsəfəsi hesab etdiyimiz şüurun təsiri də dərindən öyrənilməlidir. Süni intellekt fəlsəfədə tətbiqi məsələlərinə diqqət artırır. Fəlsəfə və Sosiologiya İnstitutunda tətbiqi məsələlərlə uzun müddətdir məşğul oluruq. Hazırda elmi müəssisəmizdə bu məsələlərlə məşğul olan iki virtual laboratoriya fəaliyyət göstərir. Bu laboratoriyalar Azərbaycan reallıqlarını, ölkəmizin tolerantlığını, sülhsevərliyini dünyaya çatdırmağa imkan verir. Biz çalışırıq ki, bu bilikləri Azərbaycanla yanaşı, dünyanın nüfuzlu elmi kürsülərində də səsləndirək. Bu isitqamətdə tədqiqatlarımıza beynəlxalq elm aləmində yüksək qiymət verilir.

Bundan əlavə, dünyanın müxtəlif elm mərkəzlərindən alim və mütəxəssislər ölkəmizə dəvət olunur, onlarla görüşlər keçirilir, müzakirələr aparılır. Həmçinin nəşr olunan yeni kitablarımızın sayı da artmaqda davam edir. Fəlsəfə və Sosiologiya İnstitutunda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş altı yeni kitab işıq üzü görmüşdür. İdeologiya ilə bağlı elmi işlərimizdə keçmişlə yanaşı, gələcəyə dair proqnozları təqdim edir, başqa sözlə keçmişi və proqnozlaşmanı birləşdiririk.

Eyni zamanda, əməkdaşlarımızın Türkiyə və Bolqarıstandan olan alimlərlə birgə həmmüəllif olduqları genderin, ailənin fəlsəfəsi və mədəniyyəti ilə bağlı sanballı bir əsər ərsəyə gəlmişdir. Bu əsərin layihəyə çevrilməsində UNESCO-nun Azərbaycan Nümayəndəliyi böyük dəstək göstərib. Hər zaman layihələrimizin mötəbər qurumlardan dəstəklənməsi üçün çalışırıq. Ümumilikdə bu il ərzində çap olunmuş kitabların sayı 30-dan çoxdur. Həmçinin “Web of Science”də çap edilmiş məqalələrin sayında da artım müşahidə olunmaqdadır. Qeyd etmək yerinə düşər ki, hazırda institutumuz tərəfindən “Index Copernucus”u olan iki elmi jurnal – “Şərq Fəlsəfi Problemləri”, “Elmi Əsərlər” nəşr olunur. AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli hər zaman institutun jurnallarının indeksinin artırılmasına dair öz tövsiyələrini verir. Yaxın zamanda daha bir jurnalın elm aləminə təqdim olunması planlaşdırılır.

Bu il ərzində həmmüəllifliyim ilə 4 kitab işıq üzü görmüş, müəllifi olduğum 3 məqalə “Web of Science”ə daxil olan jurnallarda nəşr görmüş, 15-ə yaxın məqaləm isə xaricdə və Azərbaycanda fəaliyyət göstərən jurnallarda dərc olunmuşdur. Bundan başqa, bu günlərdə UNESCO-nun Azərbaycan Nümayəndəliyinin dəstəyi ilə Amsterdamda keçirilən beynəlxalq konfransda iştirak etmişik. Bu konfransın təşkilatçıları arasında Fəlsəfə və Sosiologiya İnstitutu da yer almışdır. 

 amea

-Əsərlərinizdə milli fəlsəfə, milli ideya, azərbaycançılıq və dövlətçilik fəlsəfəsi, etik-əxlaqi prinsiplər əsas ideya xətti kimi çıxış edir. Fəlsəfi fikir tariximiz üçün yeni olan əxlaq-etika vahid elmi sisteminin ümumiləşdirilmiş konsepsiyasının əsasını qoymusunuz. İstərdik, bu barədə məlumat verəsiniz.

- Milli fəlsəfə, milli ideya, azərbaycançılıq və dövlətçilik fəlsəfəsi, etik-əxlaqi prinsiplər müasir dövrdə ölkəmizin hər bir vətəndaşını maraqlandıran əhəmiyyətli məsələlərdəndir. Bu məsələlər yalnız fəlsəfə tarixi ilə bağlı deyil. Bunun səbəbi bu dəyərlərin ənənəvi olması, günümüzə keçmişdən gəlməsi və gələcək nəsillərə ötürülməsidir. Fəlsəfə elmi keçmişlə yanaşı, gələcəyi də görməyi hədəfləyir. Keçmişin və gələcəyin görüşləri fəlsəfənin əsasını təşkil edən məsələlərdəndir. Keçmiş və gələcəyin bir-biri ilə bağlılığı ilə əlaqədar müxtəlif yanaşmalar mövcuddur. Dünya filosofları, o cümlədən Azərbaycan filosof-alimləri bu məsələ ilə bağlı hər zaman öz münasibətlərini bildiriblər. Milli ideya, milli kimlik, identiklik məsələsinə gəldikdə isə, burada fəlsəfənin rolunun müəyyənləşdirilməsi vacibdir. Milli mənlik, milli identiklik məsələsi bizim şüurumuzla bağlıdır. Şüur isə fəlsəfənin atributudur. Bu səbəbdən fəlsəfə elmi bu problemlərlə məşğul olur.

Hesab edirəm ki, bəzi millətlərdə milli identiklik məsələsi daha çox dil ilə, digərlərində tarix, mədəniyyət ilə bağlıdır. Hər bir millətin tarixinə, keçmişinə və gələcəyinə hörmətlə yanaşmaq lazımdır. Fəlsəfə elmi hər zaman tarixin, ədəbiyyatın, dilin fəlsəfi cəhətlərini aydın görməyə çalışır. Bu, olduqca mürəkkəb prosesdir. Buna nümunə olaraq, Azərbaycanın görkəmli filosofu, müdrik alimi, şairi Nizami Gəncəvinin öz əsərlərini fars dilində yazmasını göstərmək olar. Bu, XII əsrdə azərbaycanlıların böyük hissəsinin fars dilinə yiyələndiklərini göstərir. Digər bir nümunə kimi Azərbaycanın Sovet İttifaqının tərkibinə daxil olduğu illərdə azərbaycanlıların rus dilini səlis bilməsini göstərmək olar. Beləliklə, dil məsələsinin cəhətləri milli ideyanın inkişafına və fəlsəfəsinə təsir edir və bu problem təhlil olunmalıdır. Bundan başqa, Azərbaycanın keçmişi təkcə bu dövlətin keçmişi ilə bağlı deyil, bir sıra digər dövlətlərin də keçmişi ilə bağlıdır. Vaxtilə Azərbaycanın həm özünün imperiya yaratdığı, həm də imperiyanın tərkibində olduğu qeyd olunur. Bu, həmin məsələnin fəlsəfəsini görməyin önəmini ortaya qoyur. Bu məsələlər fəlsəfi-etnik məsələlərdir və onları izah etmək üçün keçmişə diqqət yetirmək və onu fəlsəfi cəhətdən tətbiq etmək vacibdir, çünki, milli ideya, milli fəlsəfə, milli ideologiya bir-biri ilə bağlıdır və onları yalnız tarixə və ya dilşünaslığa aid məsələlər hesab etmək olmaz.

-Məlumdur ki, müasir dövrdə fəlsəfə, dəqiq və ya humanitar elmlər arasındakı qarşılıqlı əlaqə, onların bir-birinə təsiri daim diqqət mərkəzində dayanan məsələlərdəndir. Tədqiqatlarınızda yeni əsrin fəlsəfəsinin elm və əxlaq, ideologiya və siyasət, mədəniyyət və dinlə qarşılıqlı əlaqəsi problemlərinin tədqiqinə də geniş yer ayırırsınız. İstərdik, bir qədər də bu barədə danışasınız.

-Multidissiplinar tədqiqatlar hazırda elmdə daha böyük diqqət ayrılan məsələlərdən biridir. Aydındır ki, araşdırdığı sahə üzrə biliklərə malik olan filosof daha dəqiq baxışlar ortaya qoya bilər. Buradan məlum olur ki, fəlsəfənin fənlərarası tədqiqatları həm fundamental elmlərlə, həm də humanitar elmlərlə bağlı ola bilər. AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli hər zaman vurğulayır ki, fəlsəfə çoxsaylı qollara malikdir. Fikrimcə, bu qolların arasında elm qolu, elmi istiqamət xüsusi yer tutur.

Bugünkü fəlsəfə elmində ən vacib problemlərdən biri tarixi yaddaş problemidir. Yaddaş təkcə ədəbiyyat, tarix və dillə bağlı deyil, o, həm də elmlə bağlıdır. Yaddaş elmi bilik tələb edir, tarixi yaddaş isə tarix, ədəbiyyat və dillə, başqa sözlə bizim düşüncələrimizlə bağlıdır.

Bu baxımdan müasir dövrdə filosoflar fənlərarası tədqiqatlar aparmalı, süni intellekti bilməli, o cümlədən tədqiq olunan elmi bilik müxtəlif sahələri əhatə etməlidir. Filosofların riyazi dili də bilməsi zəruridir. Vaxtilə böyük filosoflar – Pifaqor, o cümlədən XX əsrin filosofları riyazi məntiqin dilindən istifadə edirdilər. Riyazi məntiqin dili xüsusilə əsrlər boyu türk xalqlarının şüurunun necə dəyişdiyini, türk dünyasının yaranması, o cümlədən birmənalı əlaqələrə malik olmayan Səfəvi və Osmanlı imperiyasının münasibətlərini müəyyən etməyə imkan verən əhəmiyyətli vasitədir. Bu prosesdə riyazi məntiqlə yanaşı, qeyri-səlis məntiqə də xüsusi yer ayrılmalıdır. Bu məsələlərə Fəlsəfə və Sosiologiya İnstitutunda aparılan tədqiqatlarda da müəyyən qədər yer ayrılır.

-Müasir fəlsəfə elmi hazırda hansı problemlərlə qarşı-qarşıya dayanıb? Bu problemlərin arada qaldırılması üçün nə kimi işlər görülməlidir?

-Müasir fəlsəfə elminin vacib problemlərindən biri süni intellektin təqdim etdiyi imkanlar, onun milli şüura müsbət və mənfi təsirləri ilə bağlıdır. Bu, dünyəvi fəlsəfənin əsasında duran məsələlərdəndir. Ölkəmizdə də fəlsəfə elminin əsas problemlərini bütün dünyada olduğu kimi, süni intellektlə əlaqədar məsələlər, o cümlədən fəlsəfə və milli ideologiya, azərbaycançılıq ideologiyasının fəlsəfəsi təşkil edir. Bəzi alimlər identikliyimizin türkçülüyümüzlə bağlı olduğunu hesab edir. Digərləri isə identikliyin Azərbaycan vətəndaşlığı, dövlətçiliyi, süverenliyi ilə bağlı olduğu qənaətindədirlər. Bu barədə müxtəlif yanaşmalar mövcuddur və bu, çoxsaylı müzakirələrin mövzusudur. Eyni zamanda, fəlsəfədə dil məsələsi də olduqca əhəmiyyətlidir. Bəzi alimlər dünyadakı fəlsəfəni dil amili ilə bağlayır. Lakin burada söhbət fəlsəfi dildən gedir. Misal olaraq, Azərbaycan fəlsəfəsinin dilinin Rusiya fəlsəfəsinin, son zamanlar isə türk fəlsəfəsinin dili ilə bağlılığını göstərmək olar. Rus dilinin fəlsəfəsi daha çox dəyərlərlə, ideologiya ilə, türk fəlsəfəsi isə din ilə bağlıdır, Azərbaycan fəlsəfəsi bu ikisi arasında orta mövqedə dayanıb, tarazlıq əmələ gətirib. Dilin, eləcə də ideologiyanın fəlsəfəyə təsiri müsbət və ya əksinə ola bilər.  Bunlar arasında düzgün yol seçmək üçün fəlsəfi anlamların, metodologiyanın rolu böyükdür.

-Bu yaxınlarda Azərbaycanın müstəqillik fəlsəfəsinin elmi əsaslarının dərki baxımından mühüm əhəmiyyətə malik yanaşmaların yer aldığı “Heydər Əliyev və İlham Əliyev: Güclü dövlət, Qələbənin fəlsəfəsi, Böyük Qayıdış” adlı kitabınız işıq üzü görmüşdür. Əsərdə Azərbaycanın inkişaf strategiyasında Qələbənin fəlsəfəsi ilə bağlı hansı mühüm məqamlara toxunulur?

-Qələbənin fəlsəfəsi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin İkinci Qarabağ müharibəsindəki müsahibələrində, eləcə də müharibədən sonrakı və cari ilin sentyabr ayında aparılan hərbi əməliyyatlarla bağlı çıxışlarında geniş şəkildə öz əksini tapıb. Qələbənin fəlsəfəsinə bir neçə məqam aiddir. İlk məqam Azərbaycanın tək ölkənin mənafeyi üçün deyil, bütün Cənubi Qafqazın inkişafı naminə qələbə qazanması ilə bağlıdır. Bu o deməkdir ki, biz Qələbə çalmışıq, süverenliyimizi bərpa etmişik, Xankəndiyə qayıtmışıq, eyni zamanda bütün Cənubi Qafqazda əmin-amanlığın hökm sürməsi istəyindəyik. İkinci məqam isə ondan ibarətdir ki, Cənubi Qafqaz Avropa, Türkiyə, Mərkəzi Asiya, Çin, Rusiya və digər ölkələrlə əlaqəlidir. Belə ki, Azərbaycanın Qələbəsi həm də Azərbaycanın müttəfiqləri və müttəfiqi olmayan dövlətlərlə bağlıdır. Başqa sözlə, Azərbaycanın uğuru tək ölkəmizin uğuru deyil, eyni zamanda Cənubi Qafqazda bizimlə birgə yaşayan müttəfiq ölkələrin uğurudur.

 Digər vacib məqam ondan ibarətdir ki, Dördüncü Sənaye İnqilabı, süni intellektin gətirdiyi reallıqlar nəzərə alınmaqla Dağlıq Qarabağın rekultivasiyası, şəhərlərin salınmasında bu texnologiyaların tətbiqi vacib məsələlərdəndir. Bu, Azərbaycanın Qələbə fəlsəfəsinin inkişafla, elmin inkişafı və səmərəliliyi ilə bağlı olduğunu göstərir. Digər tərəfdən, Prezident İlham Əliyev ermənilərin yerlə yeksan etdikləri şəhər və kəndlərimizin bərpası üçün inkişafın Qarabağ modelini irəli sürməsi, Dördüncü Sənaye İnqilabının çağırışlarına uyğun yanaşma – Qarabağda “ağıllı” region yanaşmasının tətbiq edilməsinin əsasını qoymuşdur.  Bu işlərdə Azərbaycan alimləri də yaxından iştirak edirlər. Ümumiyyətlə, dəhliz inkişaf, kommunikasiyanın yaradılması baxımından vacibdir və bu, Qələbə fəlsəfəsinin vacib bir elementidir. Qeyd etmək yerinə düşər ki, bu yaxınlarda Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı Zaur Əliyevin “Zəngəzur dəhlizi” adlı əsəri işıq üzü görüb.

- Azərbaycan gənclərinin fəlsəfi biliyinin artması, onların ölkənin “düşünən beyinlərinə” çevrilməsi istiqamətində hansı işlər görülür? Bununla bağlı gənclərimizə hansı tövsiyələriniz var?

- Etiraf edilməlidir ki, son zamanlar elmdə gənclərin iştirakı bir qədər azalıb. Bunun həm obyektiv, həm də subyektiv səbəbləri var. Biz bir elmi müəssisə olaraq elmdə gənclərin iştirakının azalmasının subyektiv səbəblərini həll etməyə çalışırıq. Bunun üçün onların qısa zamanda elmə qovuşması, vaxtı itkisi olmadan dissertasiya mövzularını müdafiə etməsinə dəstək oluruq. Əlbəttə, bu, yalnız yüksək elmi  nəticələri olan işlərə aiddir. Gənclərə dəstək lazımdır, lakin elmdə tələbkarlıq da önəmli məsələlərdən biridir. Sevindirici haldır ki, artıq gənclərin dünyanın tanınmış elmi bazalarına daxil olan jurnallarda iştirakında artım müşahidə olunur, gənclərimiz beynəlxalq elm aləmində Azərbaycan elmini uğurla təmsil edirlər.

-Müsahibəyə görə təşəkkürümüzü bildiririk.

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN