"Görkəmli alim İlham Rəhimovun sayca altıncı mükəmməl və sanballı əsəri “Dünya dinlərində cinayət və cəza”nı Sankt-Peterburqda cinayət hüququ sahəsində çalışan alimlər arasında
diskusiyalara səbəb olan məsələlərin həllinə cavab tapan fundamental bir əsər kimi qiymətləndirmək olar. Professor İlham Rəhimovun Rusiya Elmlər Akademiyasının akademiki seçildikdən sonra Sankt-Peterburqun tanınmış “Yurudiçeski Çentr” nəşrində rus dilində işıq üzü görmüş bu əsəri gündəmdədir. Bu, hüquq cəmiyyətində tarixi-inqilabi hadisədir".
Bu sözləri Teleqraf.com-a açıqlamasında professor Məhəmməd İmanlı deyib. Onun sözlərinə görə, müəllif bu əsərlə müəllif cəza hüququ sahəsində 100 illər boyunca qarşıya qoyulmuş cinayət və cəza institutu ideyalarının təkamülündə dinlərin rolu, onun bəzən görkəmli alimlər tərəfindən barışmaz elmi diskussiyalarına son qoyub:
“Bu əsərdə cinayət və cəza anlayışının təkcə hüquqi deyil, eyni zamanda tarixi, dini və fəlsəfi aspektlərini göstərməklə, elmi araşdırmalarla dünya dinlərində cəzanın mahiyyəti və sosial rolu müfəssəl şəkildə açılıb. Tədqiq olunan əsər həm də sosial tədqiqatların, nəzəri yanaşmaların araşdırılması və bu nəzəri baxışların geniş tədqiq olunması ilə digərlərindən seçilir. Görkəmli alimin bu əsəri 2020-ci ildə nəşr olunmuş “Din və cəza” əsərindəki mütərəqqi ideyaların, orada irəli sürülən mükəmməl hüquqi fikirlərin, hüquqi-fəlsəfi baxışların ardıcıl araşdırılması, cinayət hüququ baxışlarının tamamlanmasına həsr olunub. İlham Rəhimovun son dövrlər dərc olunmuş altı böyük mükəmməl əsəri dünya alimləri tərəfindən cinayət hüququ elmi sahəsində inqilab yaratdığına dair təsəvvür formalaşdırır. Nəzəri baxımdan demək olar ki, bu əsərlər XXI əsrin ən yeni cinayət hüququ tarixinə qırmızı hərflərlə yazılacaq əsərlərdir. Sözsüz ki, professor İlham Rəhimov bütün həyatını elmə həsr edib, XXI əsrdə cinayət hüququ elminin və cəza siyasəti ilə bağlı olan ideyanın əsas müəllifidir. Yaxşı yadımdadır, İlham Rəhimov işləri çox olsa da, 1993-1997-ci illərdə Bakı Dövlət Universitetinin (BDU) ovaxtki rektoru və Hüquq fakültəsi Cinayət hüququ kafedrasının müdirinin təkidi ilə mühazirə oxumaq üçün ali məktəbə dəvət olunmuşdu. İlham müəllim mühazirə oxuyanda auditoriya tələbələrlə dolu olardı. Əyani, qiyabi, axşam növbəsində təhsil alan tələbələr “İlham müəllim jurnal yoxlamazdı” deyərdilər və mühazirələri dinləmək üçün gələrdilər. Onlar yeni-yeni ideyaları İlham müəllimdən öyrənmək istəyirdilər. Odur ki, hər kəs onun mühazirəsinə tələsər, cəza haqqında yeni bir fikir öyrənmək istəyərdi...".
M.İmanlı əlavə edib: "Hələ o zamanlar professor çox ciddi iddialarla həmişə kafedrada da diskussiyalar yaradardı. Mən o zaman gənc müəllim kimi həm dekanlıqda dərslərin təşkili və idarə olunmasına cəlb olunmuşdum, həm də kafedranın müəllimi idim. Bütün bunların canlı şahidi olmuşam. Tələbələrdən soruşurduq ki, niyə başqa dərsləri qoyub İlham müəllimin müharizəsinə gəlirsiniz, digər müəllimlər sizi auditoriyalarda gözləyirlər. Onlar isə cavabında deyirdilər ki, bu, bizim üçün maraqlıdır, İlham müəllim bu gün də cinayət hüququ və cəza haqqında yeni bir fikrini hərtərəfli formada izah edəcək, biz nə isə öyrənmək istəyirik. Sonralar tale elə gətirdi ki, Rusiyada Lomonosov adına Moskva Dövlət Universitetinin Hüquq fakültəsi ilə sıx əlaqələrim yarandı və Cinayət hüququ kafedrasının keçirdiyi konfranslarda müntəzəm iştirak etməyə başladım. İlham müəllim haqqında ilk dəfə cinayət hüququ kafedrasının ozamankı müdiri, görkəmli kriminoloq alim, SSRİ-də birmənalı qəbul olunan cinayət hüququ sahəsi üzrə alim Nilya Fyodorovna Kuznetsovadan eşitdim. O, beynəlxalq konfransların birində Qafqazdan olan digər xalqların hüquqla bağlı inkişafı və cinayət hüquq elminin beynəlxalq inkişafı mövzusunda çıxış edərkən qəfil SSRİ-nin respublikalardan ilk və gənc, 35 yaşında cinayət hüququ üzrə professor, elmi hüquq elmləri doktoru adını alan İlham Rəhimovdan bəhs etdi. Azərbaycanlı hüquq elmlər doktoru olmasını, cinayət hüququna yeni ideyalar gətirməsini xüsusi qeyd etməsi zalda mənim və yanımda əyləşənlər üçün unudulmaz bir tarixdir. Çünki həmin dövrdə həm erməni, həm də gürcü millətindən olan hüquq üzrə alimlərin bu çıxışdan sonra zalda hansı vəziyyətə düşdüklərinin fərqində idim. Daha son Rusiya Cinayət Hüququ Konqresinin Arxangelsk vilayətində keçirilən növbəti qurultayda müəyyən çıxışlardan sonra son dövr cinayət hüququnda edilən yenilik və yeni ideyalar irəli sürən alimlər haqqında danışılmağa başladı. O cümlədən kimsənin gözləmədiyi halda o dövrdə Moskva Dövlət Universitetində cinayət kafedrasının müdiri, professor, görkəmli alim Vladimir Komissarov Cinayət hüququ kafedrasında görkəmli alim İlham Rəhimov haqqında xoş sözlər deməyə başladı. Onun son dərc olunmuş kitabını zalda oturan hər kəsə paylayanda hansı sevinc hislərini keçirdiyimi yəqin ki, hər kəs fərqinə varardı...".
"Daha sonra Peterburq Universitetinin Hüquq fakültəsinin dekanı 2007-ci il özünün 55 illik yubileyini qeyd edərkən məni həmin yubiley tədbirləri ilə bağlı keçirilən konfransa dəvət etdi", -deyən M.İmanlı orada şahidi olduğu unikal faktlardan danışıb: "...O zaman mən İlham Rəhimovun oxuduğu Peterburq Universitetindəki Hüquq fakültəsində onun keçdiyi tələbəlik, aspirantura, doktorantura yolu ilə bağlı onun müəllimləri, həmkarları, ozamankı alimlərin və hüquq fakültəsinin dekanı, Peterburq Universitetinin görkəmli məzunları, şəxsiyyətləri ilə bağlı çıxışında söylədiklərinin canlı şahidi oldum. Bu ideya daşıyıcılarının, təbii ki, müəyyən dövrdən sonra İlham Rəhimovla fəxr etməsi bu gün onun həmin yazdığı əsərlərdə özünün tarixi təsdiqini tapır. Professor İlham Rəhimov haqqında ən xoş yadda qalan günləri xatırlayan həmkarlar söyləyirdilər ki, hər bir tələbə öz oxuduğu universitetdə belə bir iz qoymağa çalışır. Amma Vətəndən uzaq bir ölkədən gələn birinin universitetin fəxrinə çevrilməsi məncə görkəmli alim İlham Rəhimovun bəxtinə düşmüşdü. Çünki indi onun yaradıcılığına minlərlə hüquqşünas müraciət edir, yeni nəsil hüquqşünaslar üçün korifey bir şəxsiyyətə çevrilib. İlham Rəhimovun təbii ki, bu sahədə gecə-gündüz çalışdığı və ərsəyə gətirdiyi həmin əsərlər böyük və tarixi rol oynayıb. Professorun doğum günü yaxınlaşır, onu minlərlə hüquqşünasların adından təbrik edir, yeni-yeni yaradıcılıq uğurları və möhkəm-möhkəm can sağlığı arzulayıram”.