Azərbaycanın karqo fəaliyyəti  tarixində bəlkə də ilk olacaq hadisə yaşanıb!

Bir karqo etdiyi qanunsuzluğa görə rəsmi olaraq cəzalanıb! Müştərilərdən birinin, hələ bir müddət əvvəl saytlara göndərilən müraciətində deyilirdi: «“Bahar karqo” adlı daşınma şirkəti vəd etdiyinə əməl etmir…». Daha dəqiq desək, karqo saytda bir cür, sosial şəbəkə hesabında isə başqa cür tarif təqdim edirdi. Müştərinin dəfələrlə etdiyi xəbərdarlıqlara isə daşıma şirkəti   belə bir gülməli cavab vermişdi ki, «…əsas sayt deyil, instaqram səhifəmizdir..." və sair. Şirkətin müdirinin qanunsuz hərəkətə yol verdiyini sübutlamaq üçün isə şikayətçi işin axırına qədər gedərək, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət ünvanlamışdır. Həmin müraciət «Təzadlar»da da yayımlanmışdır. Qarşı tərəfə də tərəfimizdən sorğu göndərilmişdir... Redaksiyamıza göndərilən sonuncu məlumatdan isə məlum olur ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti protokol tərtib edərək, «Bahar karqo» şirkəti barədə olan fakt əsasında məhkəməyə müraciət edib. Üstəlik də, müştərinin şikayət etdiyi qanun pozuntusundan əlavə, başqa bir pozuntunu da akta əlavə edib. Nəticədə, Azərbaycan İnzibati Xətalar Məcəlləsinin iki maddəsi üzrə məhkəmə “Bahar karqo” barədə sanksiya tətbiq edib. Bu iki maddə üzrə toplam maksimum cərimə isə 7650 manatdır. Bu da o deməkdir ki, sözügedən karqo ən az 5100 manat cərimə olunub!

Bəli, bu, heç də az məbləğ deyil. Hər halda, şirkətin rəhbərliyinin bir neçə gün “sutkalığa” getməsindənsə, bu qədər məbləğdə cərimələnməsi, daha təsirli yoldur.

***

Belə! Çoxsaylı müştərilərə qarşı qanunsuzluq edən, qanunlara məhəl qoymayan bir karqo şirkəti və onun rəhbəri ağır bir dərs aldı. Özü də yüzlərcə müştərinin deyil, sadəcə bir müştərinin şikayəti və «Təzadlar»ın da dərc etdiyi məqalə əsasında. Deməli, şikayət etməyin xeyri varmış, yetər ki, effektiv və düzgün metodlar seçilsin! Bəli, medianın rolu və ictimai rəy bir sıra problemlərə yaşıl işıq sala bilir.

Xüsusilə qeyd edək ki, «Təzadlar»a istehlakçı hüquqlarının pozulması ilə bağlı çoxsaylı şikayətlər daxil olur və əməkdaşlarımızın araşdırmasından və şikayətçinin istehlakçı hüquqlarının pozulmasını qarşı tərəfə izah edəndən sonra problem həllini tapıb. Halbuki, istehlakçı hüquqlarını pozan tərəf bunu əvvəldən bilməli və qanuni fəaliyyət göstərməlidir ki, işə də media qarışmasın…

A.Məmmədli

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN