Ünvanlı sosial yardım almaq istəyirsiniz, amma qanunları və yardım almanın yollarını, ümumi qaydaları bilmirsiniz...
Baş Prokurorluqdan "Təzadlar"ın sorğusuna cavab olaraq deyilir:
"Azərbaycan Respublikasının “Ünvanlı sosial yardım hüququnu haqqında” Qanunun 3-cü maddəsinə əsasən, sosial yardım hüququna orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarının (ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2024-cü il üçün ehtiyac meyarının həddi 270 manat məbləğində təsdiq edilmişdir) məcmusundan aşağı olan aşağıdakı aztəminatlı ailələrə təyin olunur:
*1.* bütün ailə üzvlərinin əmək qabiliyyətsiz olması;
*2.* ailənin əmək qabiliyyətli üzvünün:
- orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyinin müəyyən edilməsi;
- 18 yaşınadək əlilliyinin müəyyən edilməsi;
- 8 yaşına çatmamış uşağa qulluq etməsi ;
- 23 yaşınadək əyani təhsil alması;
- işsiz kimi qeydiyyata alınması.
*3.* bundan başqa, ailənin əmək qabiliyyətli üzvünün vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi və ya olduğu yerin məlum olmaması".
Bəs ünvanlı sosial yardımın məbləği necə müəyyən edilir?
Baş Prokurorluğun izahatında və şərhində deyilir: "Məsələn,* bir ailə 3 nəfərdən ibarətdir. Ailədə ailə başçısı işləyir, məşğul şəxsdir. Ana 2 yaşında bir uşağa qulluq edir, ondan məşğulluq tələb olunmur və o əmək qabiliyyətsiz sayılır. Bu ailənin 3 üzvü üçün ehtiyac meyarı 3*270 AZN= 810 AZN şəklində müəyyən olunur. Əgər ailə başçısının gəliri 400 manatdırsa, bu zaman ailənin orta aylıq gəliri 400 manat olduğu üçün ailəyə ehtiyac meyarı və orta aylıq ailə gəliri arasındakı fərq qədər, yəni 410 manat ünvanlı sosial yardım təyin olunur.
*Ünvanlı sosial yardım hansı müddətə təyin edilir?*
Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur.
Sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” altsisteminə (VEMTAS-a) *15 (on beş) iş günü müddətində* məlumat verməlidir".