...Bəşərin ən qədim yazılı və maddi abidələri sırasında olan Zərdüştün  “Avesta”sı Azərbaycan Türklərinin yaşama, insana, dünyaya yanaşmasının, mifologiyasının  araşdırılması kimi ciddi,

gərəkli, qaçılmaz məsələnin həllində əsaslı özül ideya kimi diqqəti çəkir. Əcdadın özünüifadəsi ardıcıl yaradıcıdır, bənzərsizdir, ilkin qaynaq olub, sonrakı dönəmlər üçün tükənməz düşüncə, əməl imkanları yaradır. Tarixin daha çox ilkin dönəmlərinə baxsaq, ulusallığımızın  qədim soraqları ilə bağlı çox faktlar itib-batıb, təhrif olunub. Dünyaya münasibətdə ikili yanaşmanın qaçılmazlığı - Xeyir və Şər anlayışlarının əcdad düşüncəsində aydınlığı, zaman-zaman bu əsasda Zərdüştün şəxsində bütün dünya dinlərinə, fəlsəfələrinə yön verən ilk, möhtəşəm dünyabaxışın yaranması – Türk Ulusu adına dünyaya bənzərsiz sözümüzdür.  Zərdüştçülükdə əcdadın dünyanı, həyatı, insanı, təbiəti dərkin yeni  səviyyəsinin ifadəsi özünü göstərir. Ancaq dünyanı dərkin açarını verən Türk ulusu uzun yüzillər boyunca inam yaradıcılığı ilə məşğul ola bilmədi, müxtəlif dinlər onun ilkin – özününkü olan dünyabaxışından (Zərdüştlükdəki Xeyir və Şər ideyalarından) bəhrələndi. 

 Zərdüştün “Təmiz düşüncə, təmiz söz, təmiz əməl” ideyası ilkin düşüncədən gəlir. İnsana bu ölçüdə ilahi yanaşma Türk insançılığının ifadəsi ola bilərdi. Sübutu fars ruhundan fərqli olaraq türk ruhunda, konkret Azərbaycan Türklərinin ruhunda – yaradıcılığında ideyanın bütün çalarlarıyla (Azərbaycan muğamlarında, Azərbaycan sazında, bədiyyatında, incəsənətində və s.) yaşamasıdır. İslamın gəlişindən, oturuşmasından sonra Zərdüştün dünyabaxışı, konkret olaraq Od ideyasının ayrıca ölçüdə kutsallaşdırılması xətti zəiflədi, ancaq daha əski düşüncədəki - Tanrıçılıqdakı oda münasibət Novruzda xəlqi kurallar ölçüsündə yaşamağa başladı.  Artıq xəlqi düşüncədə Zərdüşt dünyabaxışı səviyyəsində Odun kutsallaşdırılması imkanı İslamın basqısı ilə yoxa çıxarılmışdı. Başqa tərəfdən, dinlərdə, eləcə də İslamda Odun İblis obrazında təqdimi ilə Türk düşüncəsində Oda ilahi-insançı, yaradıcı (içi təmizləyici) yanaşmadan tamamilə fərqli bir yanaşma görürük. Əgər Tanrıçılıqda Günəşin, Odun da tanrılaşdırıldığını nəzərə alsaq, o zaman Türkün Tanrıçılıq dünyagörüşü ilə İslam arasında paralellik, oxşarlıq “axtarıb tapmaq” istəyində uyğunluq məntiqinin olmadığını görürük. Xeyir obrazında Hürmüzd, Şər obrazında isə Əhrimən çıxış edir.

İdeyanın obrazlaşdırılmasının dünyabaxışından bədiyyata – poeziyaya gəlməsinin ən gözəl örnəyi Nizami yaradıcılığıdır. Nizaminin Zərdüşt ideyalarına əsərlərində bu dərəcədə geniş yer verməsinin səbəbi nədir? Nizaminin türklüyü danılmazdır. Nizamidə Zərdüşt ideyalarına geniş yer verilməsi onun fars düşüncəsinə meyillənməsi ilə izah oluna bilməz.  “Yeddi gözəl”ə daxil olan “Xeyir və Şər” hekayəsində Xeyir və Şər ideyaları Nizami görümündə dahiyanə biçimdə obrazlaşdırılıb.

Şərsiz Xeyirli insan varmı, mümkündürmü? Yaxud şərlə yoğrulmuş insanda xeyir adına balaca bir nişanə belə yoxdurmu? Nizaminin obrazları xalq ruhunun yetkin ifadəsi kimi meydana çıxır. Bu obrazların şəxsində yüksək bədiyyat səviyyəsində Xeyir obrazında xeyirliyin, Şər obrazında isə şərliyin nədən ibarət olduğu görünür, bilinir. Bu mənəvi tablo Nizaminin yaratdığıdır: kökü Azərbaycan-türk düşüncəsindən gəlsə də, Nizaminin yaratdığı Xeyir, Şər obrazlarıdır. Habelə burada biz Nizaminin ulusal qaynaqdan güc aldığı bəşəriliyini də aydınca görə bilirik. Hekayə Nizaminin Xeyir obrazının Xeyirliyini, Şər obrazının da Şərliyini axıra kimi ifadə etməsiylə yadda qalır. Bu, Azərbaycan-türk folklorunda, mifoloji düşüncəsində yaşayan ulusal məntiqi yadımıza salır. Xalq düşüncəsində Xeyir axıracan Xeyirdir, Şər axıracan Şərdir. Xalq düşüncəsi yarımçıq Xeyiri Xeyir saymır, eləcə də özünü Xeyir kimi göstərən Şərin şirin dilinə aldanmır. Nizaminin düşüncəsində Şərin şirin dilinə aldanmaq olmaz, Şər Xeyir ola bilməz. Materialist düşüncədə Şərin Xeyirə, Xeyirin Şərə keçməsi “əsaslandırılsa” da məntiq yerini almır, Nizaminin məntiqi isə xalq düşüncəsindən güc alır, bu səbəbdən də insanlığa uyğun sayılır. Xeyir dünyanın mahiyyətindədir, yox olmur, Şər güclü görünsə də, dünyanın gedişindədir, Xeyir kimi güclü deyil. Nizami Xeyir-Şər təzadının (ikiliyinin) mahiyyətini incəliyinə kimi anlayır, bədiyyatının gücüylə aydın, anlaşıqlı şəkildə ideyalar arasındakı təzadı çatdırır. Xeyirin sonda Şərə qıya bilməməsi Nizaminin dünya, həyat gedişatını dərindən duyduğunu göstərir. Şər obraz kimi öldürülsə də, yenə var. Yəni ağılda, duyğuda Şərlə döyüş onun gerçəklikdən tamamilə silinməsi anlamına gəlmir, ancaq bədiyyatda bu, mümkündür. Nizami bu həqiqəti fitrətən duyduğu, anladığı dərəcədə bədiyyatında üstünlüyü təbii olaraq Xeyirə verir. İlkin mifoloji düşüncədən “Avesta”ya qədərki inkişaf prosesi Xeyir və Şər obrazlarının xəlqi düşüncə, xəlqi dünyabaxış ölçüsündə yol getdiyini göstərir. Tanrıçılıq-Zərdüştçülük xəttinin üzvi bağlılığı, ideya uyğunluğu, birxətliliyi mövzunun daha əhatəli öyrənilməsinin gərəkliyini şərtləndirir. Nizamidə Xeyir və Şər ideyalarının obrazlaşdırılması mövzuya fitrətən ulusal məntiqlə yanaşdığını göstərir. Obrazların iç dünyasının ifadəsi Türk Ulusunun xarakterinə, düşüncəsinə uyğun açılır, mifoloji düşüncədən bədiyyatadək gerçəkləşən idrak yolu Nizami ruhuna kənar etkilərin (bilgilərin) diktəedici rolunun olmadığını sübut edir.

Atanın Zərdüştlüklə bağlı içsəsini oxuculara sunuram.

***

İNAM ATA (ASİF ATA)

ZƏRDÜŞTLÜYÜMÜZ – İŞIQÇILIĞIMIZ

1

Azərbaycana zahiri gözlə baxanda, o, kiməsə balaca görünə bilər.

Ancaq Mənanı xarici gözlə görmək olmaz.

Mənanı Daxili gözlə – İdrakın, Ruhun gözüylə görmək olar.

Daxili gözlə baxanda Azərbaycan çox böyük görünür – Şərq Mahiyyətinin Bütöv, Parlaq, Dərin ifadəsi kimi; Ruhani Mərkəz səviyyəsində.

Azərbaycanımızın – Azərbaycanlığımızın Böyük Fərəhləri və Böyük Kədərləri var.

Azərbaycanımızın Birinci Böyük Fərəhi – Zərdüştçülükdür.

Azərbaycanımızın İkinci Böyük Fərəhi – Xürrəmdinlik – Babəklikdir.

Azərbaycanımızın Üçüncü Böyük Fərəhi – Dədə Qorqudluqdur – Ağsaqqallıqdır.

Azərbaycanımızın Dördüncü Böyük Fərəhi – Hürufilikdir – Nəimilik–Nəsimilikdir.

Azərbaycanımızın Beşinci Böyük Fərəhi – Füzulilikdir.

Azərbaycanımızın Altıncı Böyük Fərəhi – Muğamdır.

Azərbaycanımızın Yeddinci Böyük Fərəhi – Sazdır.

Azərbaycanımızın Birinci Böyük Kədəri – Midiyanın Süqutudur.

Azərbaycanımızın İkinci Böyük Kədəri – Babəkin Qətlidir.

Azərbaycanımızın Üçüncü Böyük Kədəri – Çaldıran Fəlakətidir.

Azərbaycanımızın Dördüncü Böyük Kədəri – Türkmənçay Yırtıcılığıdır.

Azərbaycanımızın Beşinci Böyük Kədəri – Milli Hökumətin (Azərbaycan Xalq Cümhuriyyətinin – İ.A.) devrilməsidir.

Azərbaycanımızın Altıncı Böyük Kədəri – 20 Yanvardır.

Azərbaycanımızın Yeddinci Böyük Kədəri – Xocalı Faciəsidir.

Azərbaycanımızın sabahını – Ocaqda, Ocaqçılıqda görürük; Atalıqda, Evladlıqda.

Mütləqə İnamda görürük.

Ruhani cəmiyyətdə görürük.

Müstəqil Vətəndə görürük.

Özümlü Şərqdə görürük.

Ləyaqətli Bəşərdə görürük.

Azərbaycan Ruhunun izharını Zərdüştçülüyümüzdən başlayırıq.

2

Zərdüştçülükdə peyğəmbərlik başlayır: Vəcd, Vəhy, Eşq, Ehtizaz vasitəsiylə İnam yaratmaq, İnamı Ağıllara, Ürəklərə, Aqibətlərə həkk etmək Əməli.

Zərdüşt Peyğəmbərliyi yarananda Budda yox idi, Musa yox idi, İsa yox idi, Məhəmməd yox idi.

Zərdüşt Peyğəmbərliyində Qismətçilik yox idi, Təskinlik yox idi, Cənnət-Cəhənnəm, Huri-Pəri miskinliyi yox idi.

3

Zərdüştçülükdə Hürmüzd İşığıyla Əhrimən qaranlığı arasında Döyüş var; İşıq Allahı – Hürmüzd Qaranlıq Allahı – Əhrimənlə Yerdə, Göydə döyüşür, İnsanın Daxilində – Fikirdə, Duyğuda, İradədə, Əməldə döyüşür; Hürmüzd İşığı gərəkdir Dünyaya – Qaranlıqları Yaran – İşıqlanmalıdır Dünya.

Fəlakət Səadətlə İşıqlanmalıdır; Həsəd Heyrətlə, Qorxu Cəsarətlə, Həqarət Ləyaqətlə, Hərislik Səxavətlə, Dönüklük Sədaqətlə, Zülm Ədalətlə, Hərcayilik Müqəddəsliklə.

İşıqla Qaranlıq Təzadından Dünya ikiləşib.

İkilik aradan qalxmalı, Hürmüzd Əhrimən üzərində qələbə çalmalıdır, çalacaq; qaranlıq Dünyadan çəkiləcək, Dünya işığa qərq olacaq.

4

İşıqla Qaranlığın Döyüşü İnsanda baş verir.

İnam adlı Hürmüzd – İnamsızlıq adlı Əhrimənlə döyüşür.

Xalislik Naqisliklə, Müdriklik Naşılıqla, Saflıq Günahla, İnsanilik Heyvaniliklə döyüşür.

Daxili Aləm İşığa qərq olur, Dünyanı İşığa qərq edir. İnsan İşıqlandıqca Dünya İşıqlanır.

İnsan – İşıq Yoluna düşür, İşıq Yolu olur.

5

Dodaq Yalandan təmizlənir, Beyin Xurafatdan təmizlənir, Əl Haramdan təmizlənir.

Təmiz Söz, Təmiz Fikir, Təmiz Əməl yaranır.

Zərdüştə böhtan atıb onu Zinalıq təbliğində günahlandırırlar: Zinalıqla Təmiz Əməl Tələbi - biri digərini inkar edir.

Zərdüştdə Cənnət-Cəhənnəm, Allah xofu tapırlar: Cənnət-Cəhənnəm Hürmüzd Qələbəsinin labüdlüyüylə, Dünyanın özündə (o Dünyada yox!) yaranacaq İşıq səltənəti İnamıyla bir araya sığmır; Qorxu – Hürmüzd hünərinin İnkarıdır.

Zərdüştü sonrakılar bədnam eləməyə və özümləşdirməyə – özünə bənzətməyə cəhd göstəriblər.

6

Od – Zərdüştdə İşıq Rəmzidir. Atəşpərəstlər, əslində İşıqpərəstlərdir.

Zərdüşt Odu – Qaranlıq yaran Oddur, Prometey Odu – isidən. Od – Yanmaq Rəmzidir.

Yanmasan – İşıqlanmazsan, Təmizlənməsən – Dünya İşıqlanmaz, Təmizlənməz.

Od çirk götürmür, çirki yandırıb yox eləyir.

Oda səcdə – İşığa səcdədir.

Od qorumaq – əslində İşıq qorumaqdır.

Azərbaycançılıq – əslində İşıqçılıqdır.

7

Zərdüştdə Bədən Ruhdan asılıdır.

Bədəni urvata mindirən ruhdur.

Ruhdan məhrum olan Bədən urvatsız olur.

Amansız səslənir bu İdeya.

Ruh Zərdüştdə cismani enerji deyil – İdrakdır, Mənəviyyatdır. İnsan öləndə Bədən İdraksızlaşır, Mənəviyyatsızlaşır.

Zərdüştdə ölü bədənə hörmət yoxdur – ölünün O Dünya Yolu yoxdur; o “Axirət Dünyası”na heç nə aparmır, ölü bədən heç olur.

Misir xurafatına (ölünün mumiyalanması) qarşı çevrilmiş bu fikirdə gələcək xurafatların inkarı var.

8

Dinlərin hamısı Xeyir–Şər təzadı əsasında qurulub. Xeyir–Şər Təzadı Hürmüzd–Əhrimən İkiliyinin Təzahürüdür.

Dini ikiliyin (Dualizmin) canı Zərdüştçülükdür.

9

Dinlər Xilaskarlıq – Messiyaçılıq İdeyası əsasında qurulub. Messiyalar – Dini xilaskarlar – Hürmüzd çeşidləridir.

Ən məşhur Hürmüzd İsadır – Əhrimənlə döyüşdə çarmıxa çəkilən, ancaq “ölməyən, dirilən, qayıdacağı gözlənilən”.

Musa, Məhəmməd timsalında da Hürmüzd canlandırılır – şəxsiyyətlər əfsanələşir.

10

Buddaçılığın Əsası – Daxili Təmizlik İdeyasıdır – İmtina vasitəsiylə Ruhu ram etməkdir.

Bu ideya Zərdüştün Təmizlik Yolunun davamıdır: İfrat davamıdır, istəklərin inkarıdır, ancaq Zərdüştlə qırılmaz tellərlə bağlıdır.

Zərdüştdə İnsan naqis istəklərindən əl çəkirdi, Buddada bütün istəklərindən.

Zərdüştün Məqsədi – Hürmüzd Dünyasıydı, Buddanınkı Nirvana – Mütləq Ruhani Sakitlik.

Zərdüştdə Təmizlənmək – yanmaq idi, Buddada – sönmək.

Zərdüşt Odundan Budda külü törədi!..

11

Platonçuluq – İdeyalar – Əşyalar təzadına əsaslanır: Platonda Həyat – İdeyanın kölgəsidir.

Bu fikirdə Hürmüzd – Əhrimən, İşıq – Qaranlıq ikiliyinin təzahürü görünür.

12

Dialektika (Heraklit, Hegel) əksliklərin – təzadların, ziddiyyətlərin döyüşü və vəhdəti əsasında qurulub.

Bu ideyada Zərdüştçülük duyulur.

“Dünya – təzadlar döyüşüdür!” – dialektikanın dediyi bu fikri əvvəl Zərdüştlük deyib.

Fərq ondadır ki, Zərdüştdə Əksliklər Vəhdəti yoxdur, yalnız əksliklər Döyüşü var və həqiqət bizcə Zərdüştün tərəfindədir.

Təzadlar bir yerdə olanda belə, Bir olmurlar!

13

Babək Fərəh dini yaratmışdı.

Babək fərəhində Hürmüzd İşığı yanırdı.

Babək özündə Şirvin gəzdirirdi, bu, Şirvin adlanan Hürmüzd idi.

Babək Hürmüzdlük eləyirdi – Əhrimənlə döyüşürdü.

14

Sufilər Eşq Əhli idilər, İlahiliyə Atəşin Eşq bəsləyirdilər. Odluydular, Eşq Odunda alışıb-yanırdılar. İşıqlıydılar.

Aşiqlikdə – Təmizlənirdilər, Şəriətləşirdilər, Mərifətləşirdilər, Təriqətləşirdilər: İşıqlı hallar keçirirdilər – İşıqlanırdılar – İlahiliyə qovuşurdular.

Hürmüzd İşığıydı həmin Eşq – Qaranlıqları Yaran Odlu Əməl.

15

Kimdir Zərdüşt, kimindir Zərdüşt?

Midiyalıdır, Midiyanındır – Azərbaycanlıdır, Azərbaycanındır.

Yeni eradan əvvəl VI əsrdə indiki Güney Azərbaycanda həyata gəlmiş, yaşamışdır.

Əsərlərinin çoxu Makedoniyalı İsgəndər tərəfindən yandırılmış, yandırılmayanlar – Pəhləvi dilinə tərcümə olunmuşdur.

Midiyanın Süqutundan sonra Əhəmənilər dövründə Zərdüştlük İranın dövlət dini olub.

Midiyadan – Azərbaycandan Dünyaya İşıq saçıb Zərdüşt.

Zərdüşt – Azərbaycanındır, Şərqindir, Dünyanındır.

16

Zərdüştlüyə qayıtmağa çağırmırıq.

Hürmüzd İşığına qovuşmağa çağırırıq.

Əzəli Ocaqlığımıza çağırırıq.

Qaranlar Yarılsın! Yükümüzdən  Böyük Fərəhimiz yoxdur!

3 İşıq ayı, 14-cü il (may, 1992)  

İşıqlı Atalı

 (Xüsusi olaraq "Təzadlar" üçün)

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN