İşğaldan azad edilmiş ərazilərdəki «yaşıl enerji» ehtiyatları Azərbaycanı dünya ölkələrinin qabaqcıl təcrübəsindən səmərəli istifadə meydanına çevirir…
…Ermənistanın 30 ildən çox davam edən işğalçılığı Azərbaycanı təkcə Qarabağdakı «yaşıl enerji» ehtiyatlarından məhrum etmədi, həm də bölgə ölkələrinin bu enerji ehtiyatlarından bəhrələnmə imkanlarını əlindən aldı. Çünki Azərbaycan həm də enerji ixracatçısı olmuşdur və olmaqda davam edir.
Azərbaycan Ordusu isə 44 günlük Zəfər müharibəsi ilə həm bu işğalçılığa, həm də Ermənistanın ekoloji terrorçuluğuna son qoydu. İndi Qarabağda həm Ermənistanın 30 illik dağıntıları təmizlənir, həm də həmin viranəliklərin yerində yeniləri tikilir, qurulur və Azərbaycan bölgə və ümumilikdə, bəşəriyyət üçün vacib amil olan ekoloji təhlükəsizliyə təminatçı olmaq yükünü də öz üzərinə götürür. Bura həm də bölgədə «yaşıl enerji» ehtiyatlarından səmərəli istifadə aiddir…
Qarabağda «yaşıl enerji»yə yaşıl işıq…
…Prezident İlham Əliyevin Qarabağın işğaldan azad edilmiş ərazilərində aparılan quruculuq işləri ilə bağlı müəyyən etdiyi sosial-iqtisadi inkişaf siyasətinin bir özəlliyi də budur ki, ortada “yaşıl enerji" istehsalçılığı var. Təsadüfi deyil ki, Qarabağda Ermənistanın işğalçılıq izinə son veriləndən cəmi bir ay sonra Prezident İlham Əliyev (6 yanvar 2021-ci il tarixli müşavirədə) işğaldan azad edilmiş ərazilərdə kifayət qədər bərpa olunan enerji ehtiyatlarının olduğunu bəyan etdi.
Xatırlatma: “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Prezidentinin 3 may 2021-ci il tarixli, 2620 saylı Sərəncamı da bu məqsədə köklənmiş direktiv sənəddir. Hansı ki, adı çəkilən Sərəncamın icrası üçün Yaponiyanın TEPSCO şirkəti ilə əməkdaşlıq müqaviləsi də imzalanıb, yol xəritəsi hazırlanıb.
Əslində, Prezidentin xeyir-dua verdiyi bu yol xəritəsi- Konsepsiya Qarabağdakı «yaşıl enerji» ehtiyatlarının istismarına yaşıl işıq deməkdir! Qarşıda isə həmin mənbələrdən elektrik enerjisi istehsalı, ən vacibi, bütün tikililərin damında günəş panellərinin quraşdırılması, həmçinin küçələrin və yolların işıqlandırılmasında günəş enerjisi ilə işləyən LED lampalardan istifadə və s. tədbirlərin icrası durur. Məhz bu tədbirlər fonunda da Azərbaycanın 2021-ci ilin noyabrında BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP26) baza ili ilə müqayisədə 2050-ci ilə qədər istixana qazı emissiyalarının 40%-ə qədər azaldılması və işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji zonasının yaradılması öhdəliyini qəbul edib. Qarşıda isə Azərbaycanın COP 29 beynəlxalq tədbirə ev sahibliyi durur.
«Yaşıl enerji» ehtiyatlarımızın Qarabağ səhifəsi…
Bu da elmi əsaslandırılmalar: Ağdam, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Xankəndi və Xocalı rayonlarında günəş və külək enerjisinin istehsalı üçün ehtiyatların həcmi təxminən 7200 MVt qiymətləndirilib. Qubadlı, Laçın və Kəlbəcərin dağlıq ərazilərində isə külək enerjisinin 2000 MVt-lik enerji potensialı müəyyən edilib, həmçinin Tərtərçay ilə Həkəri çayın özündə də böyük hidroenerji potensialı olduğu elmi əsaslandırılıb.
Qarabağda «yaşıl enerji» ehtiyatları: onun faydalı iş əmsalında dünya ölkələrinin qabaqcıl təcrübəsinin xüsusi çəkisi…
Müqayisəli təhlil aparmaq üçün Avropanın və Asiyanın bir sıra ölkələrinin qabaqcıl təcrübəsini öyrənməli oldum. Böyük günəş və külək enerjisi ehtiyatları ilə zəngin Özbəkistanda «yaşıl enerji»yə keçidlə bağlı maraqlı layihələr icra edilməkdədir. Özbəkistanın energetika naziri Şurabəy Mirzəmahmudov bu yaxınlarda «yaşıl enerji» ilə bağlı keçirdiyi müşavirədə deyib ki, Malaziyanın MIDF Elmi-Tədqiqat İnstitutunun «Sunview Group Bhd» şirkəti bərpa olunan enerji üzrə baş podratçı kimi Özbəkistan bazarına daxil olub. Şirkət gələcəkdə Özbəkistanda günəş enerjisi layihələrini həyata keçirəcək. «Ötən ay şirkət Səmərqənddə «Fabulous Sunview Sdn Bhd» törəmə şirkəti vasitəsilə Özbəkistanın «Yaşıl Enerji» şirkəti ilə razılığa gəlib. Razılaşmaya əsasən, «Sunview Group» perspektivli bərpa olunan enerji layihələrinin həyata keçirilməsi üçün investor və baş podratçı kimi təyin edilib və ən vacibi, istehsal etdiyi elektrik enerjisini məhz özü alacaq. Hazırda «Sunview Group»un 45,0 milyon dollarlıq enerji portfelinin 30%-i dam örtüyündəki günəş enerjisi layihələrindən ibarətdir və gələn il bu iş daha da genişləndiriləcək…».
Deməli, Özbəkistanın bu təcrübəsi Azərbaycan üçün də məqbuldur. Xarici şirkətlər Azərbaycanın günəş enerjisi istehsalı üçün böyük ehtiyatlara malik ərazilərində, xüsusən də Qarabağda bu layihələrə cəlb edilə bilər. Onlar istehsal olunan enerjinin isə həm də alıcısı ola bilərlər…
Qarabağda tikilən evlərin və ictimai binaların, təsərrüfat obyektlərinin damı günəş enerjisi istehsalı üçün böyük meydan kimi…
Zənnimcə, Qarabağın işğaldan azad edilmiş ərazilərində yaşayış məskənləri salındıqca, tikilən və ya bərpa edilən evlərin (mənzillərin), eləcə də inzibati binaların, fermer təsərrüfatlarının tövlələrinin damlarına, Özbəkistandakı pilot layihədə olduğu kimi, günəş batareyaları quraşdırılması olduqca səmərəli yoldur. Bu istiqamətdə işləri daha da sürətləndirmək üçün azad bazar yaratmaqla kifayət qədər investisiya cəlb etmək olar. Bunun üçün Qarabağda yetərincə potensial imkanlar vardır.
***
«Yaşıl enerji»nin istehsalı böyük maliyyə investisiyaları tələb edir. Azərbaycan hökuməti də bu sahəyə böyük yatırımları və eləcə də xarici infestorların cəlbini önəmli sayır. Özbəkistan Energetika Nazirliyinin məlumatına görə, bu günə energetika sənayesinə 2,1 milyard dollarlıq xarici investisiya cəlb edilib, daha 13 milyard dollarlıq layihələrin də həyata keçiriləcəyi bildirilir. Ölkədə son 4-5 ildə beynəlxalq şirkətlərlə ümumi gücü 7047 MVt olan günəş və külək elektrik stansiyalarının tikintisinə dair 21 müqavilə və onların öz ehtiyacları üçün istehsal olunan 2030 MVt.-lıq elektrik enerjisinin nəqlinə dair 5 müqavilə imzalanıb. Ölkənin energetika sektorunun mütəxəssisləri də bildirirlər ki, 2026-cı ilə qədər ümumi gücü 8000 MVt-dan çox olan günəş və külək elektrik stansiyaları və 868 MVt gücündə su elektrik stansiyaları fəaliyyətə başlayacaq.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin «yaşıl enerji» potensialı imkanlarını təhlil etdikdə məlum olur ki, bu imkalarımızna görə heç də Özbəkistandan geri qalmırıq. Və bu sənaye sahəsinə lazımi həcmdə sərmayə cəlb etmək üçün ilk növbədə sərbəst bazarın yaradılması vacibdir, bu da bərqərar olur. Bir çox ölkələr bu yolla gedib və Azərbaycanda da bu istiqamətdə sistemli işlər aparılır. Azərbaycan Prezidenti İlham Əliyevin də söylədiyi kimi, bununla da alternativ enerji mənbələri bölgə sənayesinin əksər problemlərinin həllinə açar ola biləcək.
Bolqarıstanda «yaşıl enerji» istehsalı təcrübəsi Azərbaycan üçün də nümunədir…
Bolqarıstanın «yaşıl enerji» istehsalında çalışan «NEO Bolqarıstan Enerji Holdinq» həm də bu sahədə layihələrin hazırlanması və həyata keçirilməsini icra edir. Bolqarıstanın energetika naziri Rosen Xristov bu yaxınlarda «The Balkan Energy News» portalına deyib ki, artıq Avropada kommunal xidmətlər bərpa olunan enerjidən geniş istifadəyə başlayıb. Nazir bu yaxınlarda Sofiyada keçirilən “Sabahın enerjisi” konfransında çıxışı zamanı onu deyib ki, Azərbaycanla geniş qaz təchizatı sazişləri vardır, amma bununla belə, ölkə karbonsuzlaşdırma prosesini və yaşıl texnologiyaların tətbiqini sürətləndirməlidir. Sitat: “Sənayenin və bütövlükdə həyatın dekarbonlaşdırılması əsasən elektrikləşdirmə yolu ilə mümkündür. Yaşıl keçidin mərkəzində enerji dayanır”. Nazir əlavə edib ki, dövlətə məxsus «Bolqarıstan Enerji Holdinqi»nin tərkibində «Nationalen energien operatoru» yaradılıb. Şirkət yaşıl enerji və enerjinin saxlanılması sahəsində bir sıra layihələri icra edir. Xristovun sözlərinə görə, Avropa Komissiyası ilə əməkdaşlıq çərçivəsində Bolqarıstanda yaşıl texnologiyaların tətbiqi stimullaşdırılacaq. O əlavə edib ki, elektrikləşdirmə dekarbonizasiyanın əsasıdır və enerji səmərəliliyi tədbirləri ilə müşayiət olunur. Nazir qeyd edib ki, hər bir ölkə belə siyasət aparmalıdır.
Zənnimcə, Azərbaycanda da sahə üzrə ixtisaslaşmış şirkət yaradılmalı, xarici mütəxəssislər və investorlar bu işə cəlb edilməlidir. Belə olarsa, Avropa İttifaqı da bu sahəyə maliyyələr ayıra bilər.
Bir dağ çayının üzərində 30 su elektrik stansiyası…
Azərbaycan da Bolqarıstanın bu qabaqcıl və stimullaşdırıcı təcrübəsindən bəhrələnə bilər. Burada ən vacib element «yaşıl enerji» istehsalında yeni texnologiyaların tətbiqidir. Məsələn, Bolqarıstanda bir dağ çayının üzərində bir-birindən 100, bəzən 200-300 metr məsafədə olmaqla 30-dan çox mini su elektrik turbinləri quraşdırılıb. Bu isə o deməkdir ki, bir çayın su gücündən külli miqdarda «yaşıl enerji» istehsalı mümkündür.
Azərbaycanın Qarabağ bölgəsində də irili-xırdalı çoxsaylı dağ çayları vardır. Hündürlükdən böyük sürətlə axın istiqaməti olan bu çayların ümumi uzunluğu yüz km-lərlə ölçülür. Əgər müasir texnologiyalardan istifadə edilərsə, bu çayların üzərində qurulacaq çoxsaylı su elektrik stansiyaları, hətta Mingəçevir SES-in ümumi gücünə yaxınlaşan «yaşıl enerji» istehsal edə bilər. Həmin enerji isə Qarabağda salınan yaşayış məskənlərinin və sənaye parkının enerji ehtiyaclarını maksimum dərəcədə ödəyə bilər. Belə mini stansiyaların Tərtərçay, Həkəri çayı və Kəlbəcər, Qubadlı ərazilərindəki dağ çayları üzərində də quraşdırılması mümkündür.
Bəs Azərbaycan Hindistanın «yaşıl enerji» istehsalı təcrübəsindən hansı istiqamətdə istifadə edə bilər?
Yazıda müqayisə üçün Hindistanı seçməyim də səbəbsiz deyil. Çünki Azərbaycandakı kimi Hindistanda da «yaşıl enerji» mənbələri- künəşli quru iqlim, küləkli okean, bir də dağ çayları var! Hindistanın Energetika Nazirliyinin rəsmi məlumatına görə, hökumətlə birgə xarici investorlar ölkədə alternativ enerjinin istehsalına fəal şəkildə sərmayə qoyurlar. Nəticə enerji şirkətlərinin səhmlərinin dəyərində rekord artım vardır. Ölkənin böyük ərazisi okeanla əhatəlidir və küləkli hava bolluğu vardır. Bu cür hava külək turbinlərindən, quru günəşli hava günəş batareyalarından, dağ çayları isə su elektrik stansiyalarından istifadə üçün meydandır. Hindistanın «KP Energy», «KPI Green Energy» və «WAA Solar enerji» şirkətlərinin səhmləri də son bir ildə bu səbəbdən 599%, 455% və 422% bahalaşıb. Nəticədə ölkəyə xarici investorların axını sürətlənib. Ölkədə mərkəzi şəhərlərin elektrik ehtiyaclarının çoxu külək və günəş batareyalarının hesabınadır. Qalıq enerji isə bölgələrə ötürülür. «The Economic Times» də yazıb ki, Hindistan təkcə 2023-cü ildə bu sektora 30 milyard dollar sərmayə qoyub və «Morgan Stanley» analitikləri bu investisiyaların növbəti onillikdə 400 milyard dollardan çox ola biləcəyini proqnozlaşdırır.
Hindistanda bərpa olunan enerji bazarı hazırda dünyada ən böyük və sürətlə böyüyən bazarlardan biridir. Ölkə Çin, ABŞ və Almaniyadan sonra 4-cüdür. 2023-cü ilin noyabrınadək Hindistanın bərpa olunan enerji gücü 132,69 GVt-a çatıb. Nəticədə ölkədə kömür, qaz və mazutla işləyən turbinlərin xüsusi çəkisi sürətlə azaldılıb.
Diqqəti çəkən bir məqam: həmişə elektrik enerjisini kömürdən alan «Adani Qrupu»nun artıq «yaşıl enerji»yə dönüşü Hindistanın iddialı iqlim məqsədləri fonunda baş verib və AGEL şirkəti hazırda Hindistanın Qucarat əyalətində 20 milyard dollarlıq nəhəng günəş və külək enerjisi kompleksi inşa edir.
Küləklər şəhəri Bakının enerji payını Qarabağa ötürməkdə Hindistan təcrübəsi…
Hindistan 2030-cu ilə qədər bərpa olunan enerji gücünü 500 GVt-a çatdırmağı qarşısına məqsəd qoyub. Məsələn, «Pradhanmantri Suryodaya Yojana» şirkəti bu yaxınlarda 10 milyon ev təsərrüfatlarının damına günəş sistemləri quraşdırmaq üçün işə başlayıb. Hətta ölkənin okeanla təmas ərazilərində çoxsaylı külək generatorlarının quraşdırılmasına başlanılıb. Həmin enerji mərkəzi şəhərlərə ötürülür, bu şəhərlərin enerji payı isə uzaq əyalətlərə ixrac olunur.
TƏKLİFİMİZ:
1.Bakı küləklər şəhəridir və Abşeron yarımadası ilin ən azı 8-9 ayı dənizdə və quruda küləyə əsir olur. Biz yarımadada çoxsaylı külək turbinlərinin hesabına əldə etdiyimiz «yaşıl enerji»ni ən yaxın iri şəhərlərə ötürüb, onların enerji payını isə Qarabağ bölgəsinə transfer edə bilərik.
2.Azərbaycan "yaşıl enerji" istehsalında ənənəvi elektrik enerjisindən ən aşağı maya dəyərə malik olmalıdır. Bu isə günəş və külək enerjisini istehsal edən panel və generatorların Azərbaycanda istehsalını diqtə edir.
***
...Azərbaycan hazırda dünyanın «yaşıl enerji» təcrübəsini Qarabağda tətbiq etməkdədir. Ölkəmiz «yaşıl enerji» istehsalçılığına yeni qoşulduğundan tətbiq edilən texnologiyalar və qurğular müasirləşdirilir. Bu tətbiqlərin faydalı iş əmsalının maksimum olması isə sahəyə sərmayə qoyan şirkətlərin beynəlxalq təcrübəsininin yüksək olmasından asılıdır. Əsas odur ki, regionlarımızda, eləcə də Qarabağ bölgəsində yetərincə «yaşıl enerji» ehtiyatları vardır. Qalır bu ehtiyatlardan yüksək texnologiya tətbiqi ilə səmərəli istifadəsi. Ölkə Prezidenti İlham Əliyev siyasi iradə ilə «yaşıl enerji»yə yaşıl işıq yandırıbsa, deməli, uğurlar qarşıdadır, işə başlamağın zamanıdır. Zaman isə 44 günlük Zəfər müharibəsindən bəri Azərbaycanın xeyrinə işləyir. Bəs biz niyə işləməyək?
Asif MƏRZİLİ
Yazı “Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Mətbuat Şurası ilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi iqlim təşəbbüsləri müsabiqəsinə təqdim olunur.