"Bu gün baş verən zəlzələnin dərinliyi 18 kilometr olub, elə də qorxulu deyil..."
Bunu açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. Onun sözlərinə görə, zəlzələnin maqnitudası 5 bal olub, elə episentrdə-Lerikdə də 5 bala qədər hiss olunub: "Zəlzələ cənub zonasında olan bütün rayonlarda hiss olunub. Əsas güclü təkan olub artıq. Afterşoklar olur. Enerji boşalmaları gedir, amma əhali onu hiss etmir. Müqayisə etsək, rayonlarda sellər, dolular daha çox fəsadlar törədir. Əhali təşvişə düşməsin. Qorxulu nəsə yoxdur".
Q.Yetirmişli əlavə edib ki, Azərbaycan seysmik ərazidir: "Kimsə desə, zəlzələ olmayacaq, yalan söhbətdir. Zəlzələ həmişə var. Qaldı ki proqnoz verənlərə, əhali nağıllara inanmasın".
İyunun 28-də saat 07:43 -də Lerik stansiyasından 27 kilometr şərqdə zəlzələ qeydə alınıb. "Zəlzələ episentrdə 5 bala yaxın, Lerik, Lənkəran, Astara, Yardımlı, Masallı, Cəlilabad rayonlarında 4 bal, digər rayonlarda 3 bal gücündə hiss edilib".