Xalq şairi Vahid Əziz ictimai xadim kimi, cəmiyyətdə baş verən bəzi əyriliklərə və eybəcərliklərə, uyğunsuzluqlara qarşı daim reaksiya verib, "Təzadlar"ın tribunasından tövsiyələrini bildirib.
Şair bu dəfə daha bir diqqəti çəkən problemə toxundu. Bizimlə söhbətində Ulu Öndər Heydər Əliyevin müdrik kəlam və sözlərinə, canlı çıxışlarına diqqət yönəldən şair bunları dedi: "…Neçə dəfədir yaxından tanıdığım bəzi şəxslər var ki, görürəm Ulu Öndərin aforizmə çevrilmiş canlı çıxışlarından seçim edərək telefonlarının zəngimcell menyusuna yazdırıblar. Məsələn, həmin şəxslərə zəng edəndə Ulu Öndərin "Mən həmişə fəxr etmişəm, indi də fəxr edirəm ki, mən Azərbaycanlıyam", yaxud "Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə", "Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir" və sair kimi canlı çıxışını eşidirsən. Bu, tarixi şəxsiyyətimizə böyük bir hörmətin ifadəsidir. Lakin bəzi adamlar, xüsusən də məsul vəzifə tutan şəxslər var ki, zəng edirsən, Ulu Öndərin səsi eşidilir, amma bu səsi telefonuna yazdıran şəxs özü telefona "otboy" verir, Ulu Öndərin səsi yarımçıq kəsilir. Təkrar edirəm, həmin şəxslər bu səsi telefonlarına Heydər Əlyievə dərin hörmətdən yazdırıblarsa, niyə onun on-onbeş saniyəlik çıxışını kəsirlər, qoymurlar ki, zəng edən bu tarixi şəxsiyyətin səsini canlı eşitsin, bir daha yadına salıb ürəyində dərin hörmətini ifadə etsin… Mən bu tip şəxslərə sonradan zəng edib ciddi iradımı bildirib demişəm: ola bilər çox vacib bir yerdəsən, amma telefonu qapatma, səsini al, qoy zəng edən şəxs Ulu Öndərin səsini sonadək dinləsin. Bunun üçün xüsusi təlim keçmək lazımdır bu adamlara?!".
Xalq şairi onu bildirdi ki, belə hallara qarşı bir ağsaqqal sözünə ehtiyac var idi məncə, ona görə də reaksiya verməli oldum. Bəziləri vəzifə tutur, amma bilmirlər ki, vəzifə mədəniyyət vermir, onu həyatda qazanırlar…
A.Məmmədli