...İyulun 2-si Azərbaycanda Polis Günüdür! Bu gün təkcə polisin deyil, həm də Azərbaycanın- sənin, mənim və onun, deməli, cəmimizin günüdür!
Xırdalıqlara getməyə zərurət görmürəm. Dara düşən polisə zəng edir, aldadılan polisdən kömək umur, haqqı tapdanan polisi axtarır, avtomobili oğurlanan və ya əzilən də polisdən kömək istəyir... Beləcə, hüquqları pozulan polisi kömək ünvanı, özünə arxa kimi tanıyır…
***
…Ötən əsrin 1988-90-cı illərini xatırlayırsınızmı? Vətənimiz Ermənistanın işğalına məruz qalanda- qaçqın və köçkün ordusu ilə sınağa çəkiləndə ordu yox idi, amma polis var idi, Azərbaycan yağı düşmənin qarşısına elə polisi ilə də çıxdı… Bilirsinizmi, təkcə 1- ci Qarabağ savaşında neçə polisimiz şəhid oldu, neçə polis anası başına qara bağladı, neçə polis xanımı qəm dəryasında qocaldı, neçə polis övladları atasız böyüdü??? Bilirəm, dəqiq bilmirsiniz... Mən o günləri yaşamışam, bir daha xatırladıram: 1988-ci ildən düşmən torpaqlarımıza yenidən göz dikdi, Qarabağda işğal etmədiyi torpaqlar, dağıdıb viran qoymadığı yaşayış məskənləri... qalmadı. Mülki əhalimizi öldürürdü, girov götürürdü, işgəncə verirdi. Onda Azərbaycan Sovet silahları və işğal siyasəti ilə silahlanmış Ermənistan ordusunun qarşısına əliyalın çıxdı, amma igid oğul və qızları Vətəni darda qoymadı... 1- ci Qarabağ müharibəsində təkcə Azərbaycan polisinin 932 əməkdaşı «Vətənə can qurban!» deyib, şəhid oldu, 681 polis əməkdaşı isə yaralandı, qazi oldu.
Yeri gəlmişkən, Azərbaycanın ərazi bütövlüyünün müdafiəsində qəhrəmanlıq göstərən 67 polis əməkdaşı Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Bunlar təkcə Azərbaycan polisinin qəhrəmanlıq salnaməsi və dövlətə, dövlətçiliyə sədaqəti- sədaqətli polis oğulluğu deyildi... Bunlar Azərbaycan polisinin Vətənə sevgisinin, "Torpaq- əgər uğrunda ölən varsa Vətəndir!" fəlsəfəsinə sadiqliyi, həm də "Torpaq- uğrunda döyüşən, düşməni məhv edən varsa, Vətəndir!" hikmətinin təsdiqi idi!
...Bəs 44 günlük Vətən savaşında neçə polis zabit və giziri sinəsini düşmənə qarşı sipər etdi, bunu da bilmirsiniz? Bilmirsiniz, amma polisdən umursuz, kömək gözləyirsiz, sizi aldadan, sizi döyən, sizə qarşı quldurluq edən... cinayətkarı tutmasını istəyirsiniz... Qanı hələ soyumayıb, neçə gün əvvvəl Xəzər rayonunda axtarışda olan cinayətkarı qanun- qaydaya dəvət edən 3 polisimiz həlak oldu. Çünki onlar "Öncə Vətən, sonra vətəndaş və qanun!" dedilər... Biz umuruq, amma bəzən bizdən umulanı etmirik! Həmin o umduğumuz polisimiz 1-ci Qarabağ Müharibəsində və 2020-ci ilin 44 günlük Vətən savaşında… minlərlə şəhid verdi! Mən hələ cinayətkarlara və cinayətkarlığa qarşı mübarizədə həlak olan yüzlərlə polis əməkdaşlarını demirəm…
***
Sabah- 2 İyul Polis Gününü qeyd edəcək Azərbaycanın həmin qəhrəman polisinin şərəf və qürur dolu günüdür! Biləsiniz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında möhtəşəm qələbə ilə nəticələnən 44 günlük Vətən müharibəsində Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları bir komandanlıq altında xüsusi qəhrəmanlıq nümunəsi göstərdi. Bir-birinin ardınca azad olunan rayonlarımıza, kəndlərimizə ilk ayaq basanların, o torpaqlarda bayrağımızı dalğalandıran oğullarımızın arasında Daxili İşlər Nazirliyinin şəxsi heyəti də var idi. Həmin müqəddəs sınaq və şərəf meydanındakı ağır döyüşlərdə 66 polis əməkdaşı şəhid oldu, 346 hərbi qulluqçu isə yaralandı. 4 polis oğlumuz bu qəhrəmanlıqda Vətən Müharibəsi Qəhrəmanı adına layiq görüldü.
Xatırladım ki, bu Vətən müharibəsində qazanılan qələbədə Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşlarının igidliyi Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib. Zəfər müharibəsindəki igidliyinə görə Dövlət mükafatları alanlar sırasında Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları da var. Və onların ən böyük mükafatı düşmənin 30 ildən çox müddətdə işğal altında saxladığı ərazilərimizin azad olunması, Azərbaycanın ərazi bütövlüyünün bərpası idi!
...Sabah onların günüdür... Bildiniz kimlərin?! Sinəsini Azərbaycana diş qıcardan yadelli düşmənlərə sipər edən, şəhid, qazi və veteran döyüşçü olan, Azərbaycanın Milli Qəhrəmanı, Vətən Müharibəsi Qəhrəmanı... Fəxri adlarını alan polislərimizin Günüdür!
Sabah həm də bizim günümüzdür- hüququ pozulan- quldurluğa məruz qalan, bank kartındakı pul vəsaitləri dələduzlar tərəfindən yağmalanan, cinayətkarların hər cürə hücumuna-basqısına məruz qalan, fırıldaqçı MTK- ların saxtakarlığının qurbanı olan... - biz vətəndaşların- sənin, mənim və onun- hamımızın- Azərbaycanın günüdür!
Sabah həm də Azərbaycan polisinin şərəfli və keşməkeşli yoluna hazırda rəhbərlik edən daxili işlər naziri, General- polkovnik Vilayət Eyvazovun günüdür... Sabah- eləcə də polis yada düşəndə adı mütləq çəkilən, xidməti xatırlanan, hazırda Azərbaycan Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi, sabiq daxili işlər naziri, General-polkovnik Ramil Usubovun… günüdür!
Həhayət, sabah- 2 iyul həm də Azərbaycan polisinin şərəfli tarixinin- döyüş yolunun- qəhəmanlığının Ali müəllifi olan Ali Baş Komandan İlham Əliyevin günüdür! Deməli, sabah həm də son iki yüz ildə ilk dəfə ərazi bütövlüyünü tam bərpa edib başı üzərindı üçrəngli bayrağını qürurla dalğalandıran Azərbaycanın günüdür!
Günümüz və gününüz mübarək, igid, döyüşən və döyüşkən Azərbaycan polisi!
Asif MƏRZİLİ