(Teatral yazılar silsiləsindən- esse)
"Azərbaycan xalqının bir çox nəsilləri teatr və kino ilə tərbiyələnib, teatrın və kinonun təsiri altında formalaşıb, inkişaf edib. Böyük, ulu mədəniyyətə qovuşubdur".
Heydər Əliyev
(Əvvəli ötən sayılarmızda)
Əlli yaşlı teatrın yeni uğurları
...Yarım əsrlik fəaliyyəti dövründə Milli Gənc Tamaşaçılar Teatrının səhnəsində Azərbaycan, rus və dünya klassiklərinin inciləri özünə layiqli yer tutmuşdu. Ulyam Şekspirin “Romeo və Cülyetta”, Mirzə Fətəli Axundzadənin “Xırs quldurbasan”, Əbdülrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan", Cəfər Cabbarlının "Yaşar", Nikolay Qoqolun "Müfəttiş", Viktor Hüqonun "Qavroş" və başqa pyeslər bütün bu illərdə teatrın repertuarını zənginləşdirmişdi və teatrı respublikanın ən aparıcı teatrlarından biri etmişdi.
Yarandığı ilk illərdə müasirliyə meyil edən, vacib həyatı məsələlərə, cəmiyyətin ağrılı, problemli sahələrini tamaşalarında qabarıq verən, həmişə bu ənənələri yaşadan yeni yaradıcı nəsl yetişmişdi teatrda. Öz isti nəfəsini, ağıl və düşüncəsini, məhəbbətini teatrın inkişafına sərf edən yeni gələn hər nəsil ona yeni təravət gətirmişdi. Estafeti qəbul edən istedadlı aktyorlardan, aktrisalardan Tariel Qasımov, Ağaxan Salmanlı, Xuraman Hacıyeva, Zərnişan Fətəliyeva, Sona Babayeva, Lətifə Əliyeva, Rahib Əliyev, Gülşən Qurbanova, Yasin Qarayev, Almaz Mustafayeva, Azər Mirzəyev, Mübariz Əlixanoğlu, Ədalət Məmmədov, Vahid Əliyev, Oqtay Ramazanov, Nizami Kazımov, Tofiq Hüseynov, Məsumə Babayeva, Vaqif İbrahimoğlu, Aleksandr Şarovski, Cəfər Namiq Kamal (Əhmədov) , Ələsgər Qurbanəliyev, Elxan Qurbanov, Sabir Məlikov, Svetlana Vahidova, Niyazi Əhmədov, Rauf Qəniyev, Əlisəftər Quliyev, Konstantin Artyomov, Zoya Xarçenko, artıq 1970-ci illərin axırı və 1980-ci illərdə teatra gəlmiş - Rafiq Əliyev, Şəfəq Əliyeva, Mübariz Həmidov, Nubar Novruzova, Naibə Allahverdiyeva, Nicat Kazımov, Kubra Dadaşova, İlham Əsədov, Vüsal Mehrəliyev, teatrda 1970, 1980-ci illərdə rejissor kimi böyük işlər görmüş- Ulduz Rəfili-Əliyeva, Ağakişi Kazımov, Azər Paşa Nemətov, Müharib Tağıyev, Həsən Əbluc, Möhsüm Mürsəlov, Yuli Qusman, Cahangir Novruzov, rəssamlardan Altay Seyidov, Tair Tairov, Elçin Məmmədov, Fuad Qafarov kimi istedadlı şəxsiyyətlərin teatrın ümumi yaradıcılıq uğurlarında layiqli yeri vardı.
Həmin dövrdə Yuli Qusmanın quruluşunda, rus bölməsində hazırlanan “ Üç mükityor” tamaşası çox böyük uğurla qarşılandı və hətta yüzdən çox tamaşaçılar növbəyə dayanıb bu tamaşaya bilet alırdılar. Həmin tamaşada oynayan Vaqif İbrahimoğlu və Aleksandr Şarovski daha böyük populyarlıq qazandılar. Sonralar Əməkdar incəsənət xadimi olan Vaqif İbrahimoğlu “Yuq” Dövlət Teatrını yaratdı və Xalq artisti Aleksnadr Şarovski də Rus Dram Teatrının baş rejissoru işlədilər.
1970-ci illərin əvvəlində teatrda yaranan konfliktlərdən birdən-birə on altı aktyor və aktrisa işdən çıxdı. Bununla da teatrın repertuarında olan çoxlu aparıcı tamaşalar dayandı. Teatr rəhbərliyinin təklifi ilə 1974-cü ildə ali məktədi bitirən bir qrup aktyorlar teatra götürüldü. Bunlar- Gülşən Qurbanova, Azər Mirzəyev, Vahid Əliyev, Yasin Qarayev, Faiq Babayev, Nina Saulova, Qətibə Mirzəyeva, Raqub Əliyev.
Həmin vaxtı “Hacı Qənbər” tamaşasında oynamaq üçün yaxşı səsi və musiqi duyumu yaxşı olan bir gənc aktyor lazım idi. O vaxt teatrın baş rejissoru işləyən Ulduz Rəfili-Əliyeva Azərbaycan Dövlər İncəsənət İnstitutunun rektoru, çox dəyərli ziyalı, sənətşünaslıq doktoru, professor, bu ali məktəb üçün çox böyük işlər görmüş, bu ali məktəbi keçmiş SSRİ-də tanıdan Rahib Hüseynova zəng vurub, belə bir tələbənin onların teatrına gəlməsini xahiş edib. Rahib Hüseynov da həmin vaxtı institutun Tədris Teatrında işləyən Yasin Qarayevi Ulduz xanımın yanına göndərib. Ulduz xanım Yasin Qarayevlə söhbət eləyib, onun səs tembrini yoxlayıblar və həm maraqlı aktyor və həm də yaxşı səs tembrinin olduğunu görüb, onu da teatra yuxarıda adlarını yazdığım aktyorlarla eyni əmrlə işə götürüblər. O da həmin yeni gələn gənclərlə teatrdan gedən aktyorların rollarını oynamağa başlayıblar və az bir vaxtda bu aktyorlar, aktrisalar teatrda tanınıblar və tamaşaçıların sevimlisi olublar.
Həmin dövrdə Yusif Əzimzadənin “Unutmayın” tamaşası Azərbaycan bölməsində Fikrət Sultanovun quruluşunda çox böyük maraqla qarşılanırdı. Yenicə ali məktəbi bitirən tələblərin hamısı o tamaşada oynayırdılar. Bu əsər gənc qvardiyanın üzdü, azərbaycanlı Əli Dadaşovun həyatına həsr olunmuşdu. Həmin tamaşada Əməkdar artist Məxfurə Yermakovanın oynadığı müəllimə rolu həmişə gurultulu alqışlarla qarşılanırdı və bu tamaşaya Bakının bütün məktəblərinin şagirdləri, ali məktəblərin tələbələri böyük həvəslə baxırdılar.
Teatrın 1978-ci ildə Moskvada Akademik Malıy Teatrın binasında olan qastrolu da çox böyük trumfla keçib. Teatrın həmin Moskva qastrolunun da reallaşmasının çox maraqlı tarixçəsi var. Teatr Moskvaya qastola getməyə dəvət olunsa da, amma Azərbaycan Mədəniyyət Nazirliyi bu qastrolun reallaşması üçün maliyyə xərci, pul ayıra bilmirdi. Bu missiyanı teatrın aparıcı aktyorlarından biri, o vaxtlar Əməkdar artisti olan və tamaşaçıların sevimlisi Hüseynağa Sadıqov boynuna götürdü və bununla bağlı teatrda keçirilən iclasda belə bir maraqlı təklif verdi:
-Bu qastrola lazım olan qədər maliyyəni mən təşkil eləyərəm. Bu şərtlə ki, teatrın rəhbərliyi mənə şərait yaratsın və mən teatrın həmin bölgədən olan bir neçə aktyoru ilə Gəncəbasar bölgəsinə qasdtrola gedək və orada tamaşalar oynayaq. Həmin aktyorları, aktrisaları da o bölgədə çox sevirlər. Tamaşaçılar böyük həvəslə onların oynadığı tamaşalara baxmağa gələcəklər.
Beləliklə, onun təklifilə Gəncəbasar bölgədən olan Tariel Qasımov, Yasin Qarayev, Vahid Əliyev və başqa aktyorlar, aktrisalar həmin truppaya qatıldı və onlar Qazax, Şəmkir, Tovuz rayonlarına qastrola gedib, orada çox yaxşı tamaşalar oynayıb, qastrol üçün lazım olan məbləği təşkil eləyib, teatra qayıtdılar.
Bununla da teatrın 1978-ci ilin sentyabr ayının 13-29 tarixlərində Moskva qastrolu baş tutdu. Bu qastrola teatr özünün doqquz tamaşasını aparmışdı. Bu tamaşalar- Nəcəf bəy Vəzirovun “Hacı Qəmbər”, İsgəndər Coşqunun “ Komsomol poeması” ( Səməd Vurğunun eyni adlı poeması əsasında), Xanumana Əlibəylinin “Aycan”, Tediyarkovun “ Buraxiliş gecəsi” , Şamil Xurşudun “Məhəbbət novellası”, Svartsın “İki ağcaqayın”, Aleksandr Çxeidzenin “ Sərbəst mövzu”, Rüstəm İbrahimbəyovun “Səhranın bəyaz günəşi” və İsgəndər Coşqunun “ Söhrab və Rüstəm” tamaşaları idi. Bu tamaşaların da hamısı tələbkar Moskva tamaşaçıları tərəfindən maraqla qarşılandı. Və paytaxt tamaşaçılarının bu teatra sevgisi bir az da artdı.
1978-ci ildə Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının Respublika Lenin Komsomolu Mükafatı Laureatı adına layiq görülməsi artıq bu teatrın böyük uğurlarından xəbər verirdi. Yarım əsrlik bir dövrdə öz tamaşaçılarına nümunəvi xidmət göstərən, gənc nəslin estetik tərbiyəsində və vətənpərvərlik ruhunda böyüməsində mühüm rol oynayan Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı səmərəli fəaliyyətinə görə 1979-cu ildə daha yüksək mükafata - "Şərəf" nişanı ordeninə layiq görüldü. Elə həmin ilin fevral ayının 9-da teatrın bir qrup aktyorlarına, aktrisalarına Xalq artisti və Əməkdar artist fəxri adları verildi. Həmin vaxtlarda da teatr artıq Sovetlər Birliyində olan Gənc Tamaşaçılar Teatrları arasında seçilirdi və maraqla qarşılanırdı.
Teatrın ümumittifaq səviyyəli uğurlarına görə ölkə rəhbərliyi bu teatra lazım olan şəraitləri yaradırdı. Amma Sovetlərin dağılması ərəfəsində və xaos illərində teatrlar maliyyə çətinliyi çəkirdi və demək olar ki, bütün teatrlar əmək haqqının alınmasında, quruluş xərcələrində böyük problemlər yaşadığı kimi Dövlət Milli Gənc Tamaşaçılar Teatrı da bu problemi yaşayırdı. Hətta elə aktyorlar və aktrisalar vardı ki, bu problemlərə dözə bilməyib, teatrdan çıxıb getdilər. Teatra sevgisi çox olanlar isə buradakı işindən əlavə gedib başqa yerlərdə də işləyirdilər ki, ailələrini dolandıra bilsinlər. Həmin vaxtı Dövlət Milli Gənc Tamaşaçılar Teatrının bir qrup aktyoru, aktrisası teatrı bu çətin krizisdən, problemdən çıxarmaq üçün rayonlara, Naxçıvan Muxtar Respublikaya qastrollara gedib, teatra maliyyə yardımı gətirir və işçilərin əmək haqqı almasına köməklik edirdilər. Bu aktyorlardan, aktrisalardan Xuraman Hacıyeva, Gülşən Qurbanova, Yasin Qarayev, Azər Mirzəyev, Mübariz Əlixanoğlu, Cəfər Namik Kamal ( Əhmədov) daha çox seçilirdilər və daha çox fəal idilər...
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı 1989-cu ildə öz tamaşaçılarını indiki- yeni binada qarşıladı. Teatr həmişə olduğu kimi öz ənənəsinə sadiq qalaraq, hər yeni teatr mövsümündə daha maraqlı tamaşalarla geniş tamaşaçı auditoriyasını əhata etməyə başladı.
( Ardı gələn sayımızda)
Ağalar İDRİSOĞLU,
yazıçı-rejissor,
Əməkdar incəsənət xadimi,
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru