Səttar Möhbalıyev: “Azərbaycan istənilən regional və beynəlxalq tədbirin əsas iştirakçı dövlətidir”

“Böyük Britaniyada “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə Toplantısı baş tutdu. Dünyanın nüfuzlu ölkələrinin rəhbərlərinin qatıldığı bu əlamətdar tədbirə dövlətimizin başçısı cənab İlham Əliyev də dəvət alıb. Təbii ki, bu, beynəlxalq miqyasında Azərbaycanın yüksələn mövqeyini və bilavasitə Prezidentimizin dünya liderləri arasında böyük söz sahibi olması ilə əlaqədardır. Bu gün elə bir beynəlxalq və mötəbər toplantı yoxdur ki, Azərbaycan Prezidenti həmin tədbirlərdə iştirak etməsin, müasir dövrün çağırışları, mövcud problemlərin həlli yolları barədə fikirləri öyrənilməsin. Cənab İlham Əliyev yalnız regional məsələlərdə deyil, mahiyyətindən asılı olmayaraq baş verən qlobal hadisələr zamanı qətiyyətli və ədalətli mövqe nümayiş etdirir. Bu, hamı, o cümlədən beynəlxalq ictimaiyyət tərəfindən də dərk olunur ki, Azərbaycan Prezidentinin fikirləri, irəli sürdüyü təşəbbüslər, verdiyi tövsiyələr qlobal miqyasında beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində önəmli nümunədir”.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, VI çağırış Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

“Bildiyimiz kimi, "Avropa Siyasi Birliyi" qitənin təhlükəsizliyinin, sabitliyinin və rifahının möhkəmləndirilməsi kimi, qarşılıqlı maraq doğuran məsələlərin həlli üçün siyasi dialoq və əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyır. Təbii ki, bu istiqamətdə də Azərbaycanın mövqeyi bəllidir. Ölkəmiz istər regional, istərsə də beynəlxalq səviyyədə sülh və təhlükəsizliyə önəmli töhfələr verir, əməkdaşlığın dərinləşməsinə çalışır, haqq və ədalətə söykənən xarici siyasət həyata keçirir. Azərbaycanın regiona gətirdiyi yeni reallıqlar da bunun əyani sübutudur. Belə ki, ölkəmiz bütövlükdə bölgənin inkişafına əngəllər törədən münaqişəni aradan qaldırmaqla regionda yeni reallıqlar formalaşdırdı. Bu reallıqlar ilk növbədə sülh və sabitliyə əsaslanır, dövlətlərarası əməkdaşlığa yeni imkanlar açır. Əvvəllər bu barədə fərqli fikirlər səslənsə də, artıq dünya dövlətləri bunun mahiyyətini anlayır və bu reallıqlarla razılaşır. Bütün bunların müəllifi isə qurucu, yaradıcı Lider cənab İlham Əliyevdir”, - AHİK sədri qeyd edib.

Səttar Möhbalıyev vurğulayıb ki, “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə Toplantısında aparılan müzakirələr və gəlinən qənaət regionda sabitlik və təhlükəsizliyin möhkəmlənməsinə, əməkdaşlığın genişlənməsinə böyük töhfə olacaq: “Prezident İlham Əliyevin Zirvə Toplantısı çərçivəsində dövlət və hökumət başçıları ilə görüşləri baş tutdu. Diqqət çəkən məqam isə odur ki, görüşlər qarşı tərəflərin istəkləri əsasında gerçəkləşdi. Bu, onu göstərir ki, dünyada etibarlı, güvənli və vacib tərəfdaş statusunu qazanan, nəhəng və faydalı layihələr icra edən ölkəmizlə əlaqələr qurmaq, mövcud əməkdaşlığı daha da genişləndirmək istəyən dövlətlərin sayı durmadan artır. İkitərəfli danışıqlarda xüsusən Azərbaycanın sülh təşəbbüslərinin təqdir olunması və dəstəklənməsi dövlətimizin uğurlu xarici siyasətinin bariz nümunəsidir. Eləcə də COP29-a da görüşlərdə toxunulub və əhəmiyyəti vurğulanıb. Sözsüz ki, dünya liderlərinə və ictimaiyyətinə bəllidir ki, Azərbaycanın beynəlxalq tədbirlərin keçirilməsində böyük təcrübəsi var. Şübhəsiz, ölkəmiz COP29-u da yüksək səviyyədə təşkil edəcək və burada qəbul olunacaq qərarlar iqlim dəyişikliyi ilə mübarizədə faydalı olacaq”.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN