119 saylı Ağdam Seçki Dairəsindən namizədliyini irəli sürmüş jurnalist Asif Mərzili iyulun 26- da imza vərəqələrini dairə sədrinə təhvil verib...
Bu barədə "Təzadlar"a açıqlamasında deputatlığa namizədliyi irəli sürülmüş, Avropa Mətbuat Federasiyasının üzvü, jurnalist Asif Mərzilinin səlahiyyətli nümayəndəsi Elgün Məmmədov məlumat verib. E.Məmmədov deyib: "İmza vərəqələrinin sayına uyğun 500 imza toplanaraq 119 saylı Ağdam Dairə Seçki Komissiyasına təqdim olundu. Həmçinin deputatlığa namizədliyi irəli sürülmüş Asif Mərzilinin əmlakları və illik əmək haqqı barədə də tələb edilən sənədlərin əslini göstərməklə surətini təqdim etdik. Hazırda namizədliyin qeydə alınması barədə komissiyanın qərarını gözləyirik...".
Xatırladırıq ki, Asif Mərzili sayca 4- cü dəfədir 119 saylı Ağdam Seçki Dairəsindən namizədliyini irəli sürür, lakin hər dəfə Ramiz Mehdiyevin tapşırığı əsasında Bəxtiyar Sadıqov deputat edilib. Hətta 2005- ci ildə Azərbaycan parlamentinin tarixində ilk dəfə Asif Mərzili və daha 3 namizədin şikayəti və təqdim etdiyi sübutlarını əsas tutaraq Azərbaycan Konstitusiya Məhkəməsi yol verilmiş saxtakarlığa görə seçkinin nəticələrini ləğv etdi, B.Sadıqov təkrar seçkiyə getməli oldu.
Bu dəfə isə həmin dairədən Bəxtiyar Əliyevin namizədliyi irəli sürülüb.
ELÇİN MƏMMƏDLİ