Aşağıdakı xatirə yazısı 28 iyun 2024- cü ildə yazılmışdı...

...Həmin gün Hidayət Elvüsalın ad günü idi... Aşağıdakı beş- on cümləlik yazını yazıb sayta yerləşdirdim, sonra fb səhifəmdə yayımlandı... 5-6 dəqiqə keçmiş zəng etdi, sakit, həlim səslə "Qağa, sağ ol, əcəb eləmisən, yaxşı yazmısan, gözəl təsvir eləmisən və...". Ardında susub ağladı. Dedim, yaxşı, daha belə yox...Yaxşı, sonra zəng edərəm,- deyərək sakitləşdirmək istədim.  Boğuq səsini hələ də unutmuram: "Bu gün nədənsə ağlamaq istəyirdim, bəxtimə sən düşdün... Hər adamın qulağına ağlamaq olmur...".
Allah rəhmət eləsin! Həmin yazını təqdim edirım:

 "Bu gün həm də onun günüdür- Hidayət Elvüsalın..."
...1980-ci ildə hərbi xidmətdən məzuniyyətə gəlmişdim. Pribaltika Hərbi Dairəsinin "Za Rodinu" qəzetinin ştatdankənar müxbiriyəm, hər ay 40-50-60-70 manat qonorar alıram, baş serjantam, təltiflərim şinelimin üst-başından aydın görünür... Ağdama, Mərziliyə "Salamat qal!" deyib gəldim Bakı ki, sabah-şənbə günü uçam Riqaya...  Axundov bağında 6 saylı trolleybusu gözləyirəm ki, "Azərbaycan" nəşriyyatına gələm, bir şeirim var, onu "Azərbaycan Gəncləri" qəzetinə təqdim edəm.

 Hərbi formada (üst-başım medal, ulduz və s.) dayanacaqda oturub trolleybusu gözləyirdim ki, bir nəfər yanımda əyləşdi. Medallarıma, ulduzlarıma baxıb dedi, serjant, harda xidmət edirsən, dedim, Riqada... Dedi, bəs kimi gözləyirsən, dedim, kimi yox, trolleybusu. Güldü... Söhbətimiz tutdu... Soruşdu ki, bəs hara gedirsən? Dedim, "Azərbaycan Gəncləri" qəzetinə. Baxdı, dedi, əla, mən də ora gedirəm. Birdən soruşdu ki, haralısan? Dedim, Ağdamdan... Soruşdu ki, bəs kimin yanına gedirsən, dedim, kim üzümə yaxşı baxıb şeirimi çap eləsə, onun... Bərkdən güldü. Dedi, maraqlı əsgərsən, onda gedək... Dedim, mən əsgər deyiləm, baş serjantam... Gəldik nəşriyyata, qalxdıq "Azərbaycan gəncləri" qəzetinin redaksiyasına.

Girdik rəhmətlik Şahmar Əkbərzadənin otağına. Məni gətirən şəxs üzünü Şahmar müəllimə tutub dedi, qağa, muştuluğumu ver, bir yerlini tapıb gətirmişəm... İkisi də güldü. Görüşdük. Şahmar müəllim mehribanlıqla soruşdu ki, dədə, Ağdamın harasındansan? Yavaşca, pıçıltı ilə dedim ki, Mərzilidən. "Mərzili" deyəndə gülümsədi: "Boyyy, Xudu müəllimin kəndindən...". İnanırsız, orda bildim ki, məni bura gətirən Hidayət Elvüsal imiş. Hidayət müəllim mətləbi danışdı...

Şahmar müəllim şeirimi oxudu, dedi, əladır, xırda düzəliş edəcəm, incimirsən? Dedim, nə istəsəniz edin... Soruşdu ki, Riqaya nə vaxt gedirsən, dedim, sabah, şənbə günü, axşam saatlarında uçuram... Məlum oldu ki, sabahkı nömrənin planı dolub. Şahmar müəllim dərhal getdi, səhv etmirəmsə, Tofiq Mütəllibovun yanına və icazə aldı, şeirim qəzetin sabahkı sayında dərc olundu, 20 qəzet aldım, apardım hərbi hissəyə, Hərbi Dairənin Lenin muzeyinə də verdim...

 Deyim: mənim bədii yaradıcılığa həvəslənib sonradan qəzetçiliyə gəlməyimdə üç nəfərin xüsusi rolu olub: Xudu Məmmədovun, Hidayət Elvüsalın və Şahmar Ələkbərzadənin! Təsadüfdən zərurət buna deyərlər...

Hidayət Elvüsalın isə bu gün ad günüdür! Adı həmişə ürəyimizdədir... Allah can sağlığı versin! 

Asif MƏRZİLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN