Azərbaycan-İraq Mədəni Əlaqələr İctimai Birliyinin rəhbəri Tahirə Məmmədovanın təşkilatçılığı ilə Zəfər günü tədbiri məxsusi qeyd olundu...
Noyabrın 10-da Zəfər günü ilə əlaqədar Azərbaycan-İraq Mədəni Əlaqələr İctimai Birliyinin ofisində tədbir keçirildi. Tədbiri giriş sözü ilə təşkilatın rəhbəri Tahirə Məmmədova açdı. Tahirə xanım öz çıxışında Qarabağın 30 il işğalı dövründə özünü bir şuşalı kimi həmişə narahat hiss etdiyini, bu illər ərzində həmişə nə vaxtsa doğma yurduna qayıdacağı günə inandığını xüsusi olaraq vurğuladı. Daha sonra dedi: “Mən bu 44 günlük döyüş zamanı Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin biliyinə, savadına, dünya jurnalistlərinə verdiyi müsahibələrlə onları necə yerində otuzdurduğuna heyran qaldım. Mən bir daha əmin oldum ki, bizim Prezidentə respublikada alternativ yoxdur. Allah Prezidentimizi qorusun. O bizi məğlub xalqdan qalib xalqa çevirdi. 200 ildir torpaqlarımızı itirə-itirə gəlirdik və bu illər ərzində itirdiyimiz torpaqlardan bir qarış da olsun geri qaytara bilməmişdik. Məhz Prezident İlham Əliyevin sərkərdəliyi, Azərbaycanın rəşadətli ordusunun qəhrəmanlığı sayəsində torpaqlarımız işğaldan azad olundu, alnımızdakı ləkə götürüldü və biz bu gün alnı açıq, üzü ağ Zəfər günümüzü qeyd edə bilirik. Amma bunu da yaddan çıxarmayaq ki, bu qələbədə siyasi və mənəvi cəhətdən həmişə yanımızda olaraq dəstək verən qardaş Türkiyənin, Pakistanın, İsrailin də rolu böyükdür. Hamımızın Zəfər günü mübarək olsun. Biz bu Zəfər gününə görə həmçinin şəhidlərimizə və qazilərimizə borcluyuq. Onların hər birinin qarşısında baş əyirik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı və uzun ömür versin”.
SSRİ Ali Sovetinin deputatı olmuş, Şərur rayonunda tütünçü kimi ad çıxarmış Zivər Səfərova öz çıxışında Ulu Öndər Heydər Əliyevlə bağlı xoş xatirələrini danışdı: “Məni birinci dəfə kənddən Rayon Partiya Komitəsinə çağıranda xeyli təəccübləndim. Orada mənə dedilər ki, sən Naxçıvana gedə bilərsənmi? Dedim ki, mən rayon mərkəzinə birinci dəfədir gəlirəm, oranı hardan tanıya bilərəm? O vaxt mənim 23 yaşım var idi. Mənə adam qoşdular və Naxçıvana getdik. Oradan da məni Bakıya gətirdilər. Sonra Ramiz Mehdiyev mənimlə xeyli söhbət apardı və Heydər Əliyevin qəbuluna getdik. Ulu Öndər məni o qədər səmimi, xoş qarşıladı ki, hissim, həyəcanım yox oldu. İşimlə, ailəmizlə, atamla maraqlandı. Sonra bildim ki, mən qabaqcıl tütünçü kimi SSRİ Ali Sovetinə deputat seçilirəm. Heydər Əliyev bir çox tapşırıqlarını verdi ki, Mosvada iclaslarda olanda hansı məsələləri qaldırmalıyam. Heydər Əliyevlə görüşlərimiz sonralar çox oldu. Onun haqqında yalnız xoş sözlər deyə bilərəm. II Qarabağ savaşında Ulu Öndərin layiqli davamçısı Prezident cənab İlham Əliyev özünü əsl rəhbər və komandan kimi göstərdi. Bu döyüşdə Naxçıvandan və Şərurdan çoxsaylı insanlar iştirak elədi. Şəhidlərimiz və qazilərimiz oldu. Mənim kürəkənim də zabit kimi bu döyüşlərin iştirakçısı oldu və Şuşanın alınmasında iştirak edənlərdən biridir. Yaralansa da axıracan döyüşlərdə iştirak edib. Bu gün qəhrəman oğullarımızın sayəsində biz 30 illik işğala son qoymuşuq. Ona görə də bu Zəfər gününü bayram kimi qeyd etməyə bizim mənəvi haqqımız var. Allah Prezidentimizi qorusun. İnanıram ki, bu Zəfərimiz əbədi olacaq”.
Jurnalist Rauf İlyasoğlu öz çıxışında 44 günlük savaşda hansı hisslər keçirdiyini, şəhid ailələrinə mütəmadi baş çəkdiyini və şəhidlər haqqında bir neçə kitab yazdığını diqqətə çatdırdı: “Mən özüm Qubadlıdanam. Doğulub boya-başa çatdığım yurdu və bütün Qarabağı yenidən bizə qaytaran Ali Baş Komandan, Prezident cənab İlham Əliyevə və rəşadətli ordumuza minnətdaram. Torpaqlarımızın işğaldan azad olunmasında şəhid olanların hər birinə Allahdan rəhmət diləyirəm. Qazilərimizə Allahdan şəfa və cansağlığı arzulayıram. Məhz onların sayəsində 30 illik işğala son qoyuldu və nəinki Ermənistanda, hətta bütün dünyada yaşayan erməniləri bu qələbə ilə əməlli-başlı sındırdıq. Ermənilərin bir daha bizimlə müharibə etməyə cürətləri çatmaz. Çünki Prezidentimizin dəmir yumruğu həmişə onların başlarının üstündə olacaq”.
Azərbaycan-İraq Mədəni Əlaqələr İctimai Birliyinin üzvü Nəcibə Şərurlu da öz çıxışında 44 günlük döyüşdə çox hiss və həyəcanlar keçirdiyini diqqətə çatdırdı: “Mən o günlərdə yuxu nə olduğunu bilmədim. Gözüm elə ekranda idi və Ali Baş Komandan, Prezident İlham Əliyevin çıxışını səbirsizliklə gözləyirdim ki, görək daha hansı ərazilər işağaldan azad olunub. Şükür Allaha, 44 günlük müharibə qələbəmizlə başa çatdı. Bu döyüşdə şəhidlərimiz, qazilərimiz oldu. Mən təşkilatın adından mütəmadi olaraq şəhid ailələrinə baş çəkməyi özümə borc bilirəm. Məni harda axtarsanız, ancaq şəhid analarının yanında taparsız. Gah rayonlarda, gah şəhərdə tez-tez onların qonağı oluram, onlara diqqət və qayğımı əsirgəmirəm. Şəhid ailələrinin maddi yardımdan çox, belə qayğı və diqqətə ehtiyacları var. Allah bütün şəhidlərimizə rəhmət eləsin, Zəfər günümüz mübarək olsun!”.
Publisist Pərixanım Mikayılqızı öz çıxışında şəhid ailələri ilə keçirdiyi görüşlərdən və bu görüşlərdən aldığı təəssüratlardan danışaraq “Şəhid mundiri” kitabının necə araya-ərsəyə gəlməsindən söhbət açdı. Olduqca təsirli səhnələri xatırladan P.Mikayılqızı öz çıxışı ilə demək olar hamını kövrəltdi: “Mən şəhid analarının üzünə baxa bilmirəm. Onların nələr çəkdiyini hiss edirəm. Amma bununla belə mən bir şəhid anası görmədim ki, dağ boyda övladının itkisinə təəssüflənsin. Hamısı Türkiyədə olduğu kimi “Vətən sağ olsun” deyirdilər. Belə anaların qarşısında baş əyməmək mümkün deyil. Yazdığım “Şəhid mundiri” kitabı da məhz belə qəhrəman şəhid analarından biri haqqındadır. İnanıram ki, bu kitab hər kəsin marağına səbəb olacaq. Mən də şəhidlərə borcumu bu yolla qaytarmaq istəyirəm. Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa və cansağlığı diləyirəm...”.
Azərbaycan-İraq Mədəni Əlaqələr İctimai Birliyinin üzvü Püstə Hüseynova da öz çıxışında 44 günlük müharibədə keçirdiyi hiss və həyəcanlarını tədbir iştirakçıları ilə bölüşdü: “Burada çox düzgün vurğulandı ki, şəhid ailələrinin maddi yardımdan çox, diqqət və qayğıya ehtiyacları var. Mən hər dəfə şəhid anaları ilə görüşəndə göz yaşlarımı saxlaya bilmirəm. Hər bir şəhidi öz balam bilirəm. Axı onlar torpaqlarımızı işğaldan qurtarıb, bizə bəxş ediblər. 30 ildir biz bu günü gözləmişik. Ali Baş Komandan İlham Əliyevin peşəkarlığı, qətiyyəti ordumuzun rəşadəti sayəsində biz mənfur ermənilərin üzərində qələbə qazandıq. Erməni ordusunun məğlubedilməz mifi darmadağın edildi. Axırda da məcbur təslimçilik aktına qol çəkdilər. Bizə bu Zəfəri yaşadan Prezidentimizə, qəhrəman oğullarımıza can sağlığı diləyirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.
Tədbirdə çox maraqlı bir qonaq iştirak edirdi. Mən dəfələrlə yazılarımda da bildirmişəm ki, Hollandiyada yaşayan vətənpərvər ziyalımız Elman Mustafazadənin yaratdığı və 100-dən çox üzvü olan “Ya Qarabağ, ya ölüm” qrupu Azərbaycan həqiqətlərinin Avropada yayılmasında böyük rol oynayır. Bu qrupda olan hər bir azərbaycanlı yaşadığı ölkədə Zəfər günümüzü, bu Zəfəri bizə qazandıran ordumuzu və onun Ali Baş Komandanı, Prezident İlham Əliyevi ictimaiyyətə tanıdırlar. Haqqında söhbət açdığımız təşkilatın rəhbəri Tahirə Şuşalı da bu qrupun üzvüdür. Qrupun üzvü olan daha bir soydaşımız Moskvada yaşayan, Azərbaycan həqiqətlərinin Rusiyada yayılmasında müstəsna xidmətləri olan İlqar Süleymanovdur. İlqar bəy Azərbaycanda olduğundan Tahirə xanımın rəhbərliyi və təşkilatçılığı ilə keçirilən bu tədbirdə iştirak etməyi özünə borc bilib. Azərbaycanda vaxtının çox məhdud olmasına baxmayaraq İ.Süleymanov tədbirdə iştirak etdi. Çox samballı və tarixi çıxışları ilə tədbirə əlavə bir rəng qatdı. O öz çıxışında Moskvada Qarabağ və Azərbaycan həqiqətlərinin yayılmasında fəaliyyətlərindən söhbət açdı və bu yöndə gələcək planları barədə danışdı: “Rusiyada azərbaycanlıları bəzən pomidor satan kimi təqdim edirdilər. Ancaq o pomidor satan azərbaycanlı da öz torpağını, vətənini sevir. Bu o demək deyil ki, o mütləq siyasətçi olmalıdır. Əlbəttə, bir çox məsələləri və tarixi həqiqətləri həmin adam düzgün təqdim edə bilməz. Mənim təklifim odur ki, belə adamlar Rusiyaya yola düşməzdən əvvəl bir ay onlar üçün xüsusi kurs təşkil edilsin və o kursda hər bir azərbaycanlıya həm dil öyrədilsin, həm də onlara aşılansın ki, orada Azərbaycanı necə təmsil etmək lazımdır. Belə olarsa, pomidor satan da istənilən mübahisələrə girişə bilər və Azərbaycan həqiqətlərini rus dilində ətrafdakılara çatdıra bilər. Biz diaspora ilə sıx əməkdaşlıq edib, Azərbaycan adına orada çox işlər görürük. Açıb hər şeyi demək yaxşı deyil. Biz bunu özümüzə mənəvi borc bilirik. 44 günlük savaşdan sonra bizə orada olan hörmət xeyli artıb. Artıq başımız hamının yanında ucadır. Bunun üçün Ali Baş Komandan, Prezident İlham Əliyevə, qəhrəman Azərbaycan ordusuna təşəkkür edirik. Şəhidlər bizim başımızın tacıdır. Onların hər birinə Allahdan rəhmət diləyirik. Qazilərimizə Allah tezliklə şəfa versin”.
Bu sətirlərin müəllifi olaraq mən də öz çıxışımda həm I Qarabağ savaşının iştiraçısı olmağımı, həm də oğlumun II Qarabağ savaşının iştirakçısı olmasını diqqətə çatdırdım. I Qarabağ savaşında Haramı düzü istiqamətindən Xocavənddə (Martunidə) ermənilərə, topçuların komandiri kimi çox böyük zərbələr vurduğumuz bir epizodu danışdım: “1992-ci il avqustun 22-də zalp atəşləri nəticəsində Xocavənddə ermənilərin bütün Qarabağı təmin edən silah-sursat, mərmi bazalarını, 3 tankını, 2 BTR-ni, 3 BMP-ni, bir KamAZ içi dolu ermənini, hərbi və mülki maşınlarını, həmçinin bazada olan 100-dən yuxarı canlı qüvvəsini darmadağın etmişik. Qarabağda verdikləri ən böyük itkilərə görə o vaxtki prezident Levon Ter-Petrosyan Ermənistanda üç günlük matəm elan etmişdi. Sonrakı döyüş yollarımız Zəngilandan, Qubadlıdan, Laçından və Füzulidən keçdi. Mən və mənim kimi minlərlə oğullar çox böyük məharətlə döyüşürdülər. Amma o vaxt İlham Əliyev kimi sərkərdəmiz yox idi deyə məğlub olduq. Ancaq II Qarabağ savaşında oğlum və onun kimi minlərlə oğullar çox şanslıdırlar ki, bu 44 günlük savaşda Ali Baş Komandan, Prezident İlham Əliyev kimi bacarlıqlı sərkərdələri oldu. Məhz onun sayəsində biz bu gün Zəfər gününü qeyd edirik. Mən tam səmimi olaraq bildirmək istəyirəm ki, 44 günlük savaş dövründə, dünyanın 40-a yaxın ölkəsinin müxbirlərinə verdiyi samballı, arqumentli, savadlı müsahibələri ilə mən Prezidentimizi yenidən kəşf etdim. Onun dünyagörüşünə, savadına, hər bir ölkənin müxbirinə, o ölkənin tarixindən danışaraq cavab verməsinə heyran qalmamaq mümkün deyildi. Mən burada hamıdan xahiş edirəm ki, gələcək çıxışlarında şəhidlər və qazilərlə bərabər, canlı şəhidlər olan, uzun döyüş yolu keçsə də yaralanmayan, sağ-salamat qayıdan veteranları da yada salsınlar. 44 günlük bu döyüşün 3 qalibi var: Şəhidlər, qazilər və veteranalar. Gəlin bunları bir-birindən ayırmayaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə, veteranlarımıza isə cansağlığı və uzun ömür versin”.
Elçin MƏMMƏDLİ