...Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili, vəkilləri vasitəsilə beynəlxalq nəşr olan "POLITICO"ya məktub ünvanlayıb.
Saakaşvili məktubda siyasi səbəblərdən həbs edildiyini və hakim partiya tərəfindən seçkilərin saxtalaşdırıldığını bildirib. O, Gürcüstanda gedən siyasi prosesləri qeyd edərək ölkədə demokratiyanın sarsıldığını bildirib: "Sizə 18-ci penitensiar xidmətdən, Gürcüstandan yazıram. Bir vaxtlar mən bu ölkəyə prezident olaraq qulluq edirdim. Bir neçə illik təqibdən sonra, Gürcüstana qayıtdığım zaman məni həbs etdilər. Hesab edirəm ki, bu həbs siyasi motivasiya əsasındadır. 50 gün ərzində aclıq aksiyası keçirərək, həbs edilməyimə, həmçinin Gürcüstan hakimiyyətinin demokratiyanı ayaqlar altına atmasına etiraz etdim. Son bir neçə il ərzində hakim "Gürcü Arzusu" partiyası məhkəmə sisteminə, həmçinin bir çox dövlət və qeyri-dövlət medialarına nəzarəti artırıb. Onlar ölkədə korrupsiyanın artmasına, seçkilərin saxtalaşdırılmasına və Gürcüstanın Putinin Rusiyasına yaxınlaşmasına səbəb oldular". Saakaşvili Gürcüstanda gedən siyasi proseslərlə bağlı ABŞ prezidentinin administrasiyasına səslənib: "Mən bu gün Co-Bayden administrasiyasını təhlükədə olan demokratiyamızı dəstək olmaq üçün, öz rolunu həyata keçirməyə səsləyirəm. Ümid edirəm ki, o Gürcüstan hökumətinə bizim əldə etmək üçün illərdir işlədiyimiz dəyərləri pozduğu üçün, öhtəlik irəli sürəcək. 2012-ci ildə bizim demokratiyaya doğru irəliləyişimiz nəticəsində partiyam azad və ədalətli seçkilərdə məğlub oldu. Biz dinc şəkildə gücü Bidzina İvanişvilinin rəhbəri olduğu Gürcü Arzusunun koalisiyasına təhvil verdik. Demokratik yolla hakimiyyətə gələn İvanişvili rejimi daha sonra antidemokratik oldu. Bu gün Gürcüstanın dövlət institutları, həmçinin məhkəmə, hüquq mühafizə orqanları, hakim partiyaya yaxın olan kiçik klanın maraqlarına xidmət edir. Son seçkilər zamanı ATƏT seçicilərin qorxudulmasından və digər qeyri-demokratik taktikalardan öz narahatlığını ifadə etdi", - deyə Saakaşvili bildirib. Digər bir sıra problemlərdən bəhs edən Mixeil Saaakşvili, Bayden administrasiyasının Gürcüstan hökumətini qınamalı olduğunu, həmçinin konqresin ölkədə insan hüquqlarının pozulması faktları ilə bağlı sanksiyalar tətbiq etmək məsələsini gündəmə gətirməli olduğunu bildirib.
***
Beynəlxalq ictimaiyyətin narahatlığından və nüfuzlu qurumların da bəyanatlarından da hiss olunur ki, vəziyyət belə davam edə bilməz. Gürcüstanın siyasi rəhbərliyi tezliklə Saakaşvili barəsində müvafiq qərar qəbul edəcək. Gürcüstan Prezidenti də bu günlərdə Saakaşvilinin hüquqlarına və şəxsiyyətinə hörmət edilməsini vacib saymışdı...
A.Məmmədli